Türkiyə Rusiyadan üzr istəməyib - Hikmət Hacızadədən şərh

Türkiyə Rusiyadan üzr istəməyib - Hikmət Hacızadədən şərh

28-06-2016 14:18 / Bu xəbər 636 dəfə oxundu

"Dövlətin etikası ilə insanın şəxsi etikasını qarışdırmaq olmaz". 

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında keçmiş səfir, politoloq Hikmət Hacızadə Türkiyənin Rusiyaya göndərdiyi məktubdan sonra əlaqəli cəmiyyətdə yaranmış aqresiyaya münasibət bildirərkən deyib.

Hikmət Hacızadə bildirib ki, Türkiyə qarşı tərəfdən üzr istəməyib: "Əvvəla başsağlığı verilir. Bu da normal bir şeydir. Burda heç bir qəbahət, utanılacaq bir şey görmürəm. Cəmiyyətin üzr istəməklə bağlı saldığı hay-küy yanlışdır. Pilot ölüb və onun ailəsinə başsağlığı verilib. Bir az giley var ki, boş yerdən əlaqələrimiz pozulub. Bunları müzakirə etməyə və yenidən əlaqələri bərpa etməyə hazır olduqlarını deyib. Çox normal bir məktubdur. Mən şəxsən bunu müsbət qarşılayıram".

Politoloqun sözlərinə görə, cəmiyətin bunu aqresiya ilə qarşılamasının səbəblərindən biri də yalnış informasiyadır: "Rusiya prezidentinin mətbuat katibi Peskovun şərhi düz olmamışdı. O  bildirmişdi ki, Ərdoğan üzr istəyib. Ona görə də cəmiyətdə yanlış fikir formalaşdı. Dedilər ki, nə oldu əvvəlcə üzr istəmədi, sonra istədi, tüpürdüyünü yaladı. Amma belə bir şey olmayıb. Bunu ruslar uydurub. Bu uydurma da o deməkdir ki, onlar barışığa hazırdılar. Məktubda konkret üzr sözü yox idi. Sadəcə yaranan münasibətlərdən narahatlıq var. Ruslar da bunu "üzr istəmək" kimi qələmə verdilər. Ancaq bununla kifayətlənmək olar. Bu məktubla münasibətləri normallaşdırmaq mümkündür. Bu çox yaxşı bir addımdır".

Hikmət Hacızadə qeyd edib ki, son dövrlər Türkiyənin İsraillə də əlaqəsi normallaşıb: "Çünki bu iki ölkə bir-birinə çox lazımdır. Hər ikisi demokratik, inkişaf etmiş ölkələrdir. Onların iqtisadi və ticarət əlaqələri var. Hərbi sahədə geniş əməkdaşlığa malikdirlər. "Mavi Mərmərə" hadisəsi bu iki dövlətin münasibətini korlamışdı. Əlbəttə ki, bu xoşagəlməz hadisədir. Ölənlərə Allah rəhmət etsin. Amma bu hadisə iki böyük dövlətin taleyinə bu təsir göstərməməlidir". 

Politoloq vurğulayıb ki, iki cür mənəviyyat və etika var: "Dövlətin etikası başqadır, insanın etikası başqa. İnsan deyə bilər ki, üzr istəmərəm, öldü var, döndü yox. Amma dövlət bunu deyə bilməz. Bir sözə görə dövlət ölə bilməz. İnsan belə bir qəhramanlıq edə bilər. Bir söz üçün özünü daşa vurar. Ancaq 70 milyonluq dövlət bunu edə bilməz. Türkiyə əl uzatdı. 70 milyon vətəndaşının xeyrinə bu addımı atdı. Dövlətin etikası ilə insanın şəxsi etikasını qarışdırmaq olmaz".

Arqument.Az