Tütün məhsullarına tətbiq olunan vergi üç dəfə artırılır

Tütün məhsullarına tətbiq olunan vergi üç dəfə artırılır

27-06-2018 15:44 / Bu xəbər 1429 dəfə oxundu

Qadir İbrahimli: ''Hökumət hələ də bahalaşmadan başqa alternativ variantlar düşünə bilmir''

Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində iyulun 1-dən tütün məhsullarına tətbiq edilən vergilərin qiyməti üç dəfə artırılacaq.

Prezident İlham Əliyev dəyişikliklərin edilməsi barədə qanunu imzalayıb.

"Report” yazır ki, məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

Bildirildiyinə görə, həmin maddəyə edilən digər dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. İndiyədək bu məbləğ 4 manat idi.

İqtisadçı Qadir İbrahimli Meydan TV-yə dəyişikliyin tütün məmulatlarının qiymətinə birbaşa təsir edəcəyini bəyan edib.

Qadir İbrahimli

Onun sözlərinə görə, vergilərin artması məhsulun maya dəyərinin artmasına səbəb olacaq ki, bu da qiymətdə öz təsirini göstərəcək.

İqtisadçı təəssüflənir ki, hökumət yenə qiymətləri artırmaq layihələrini həyata keçirir və mövcud dəyişiklik növbəti bahalaşma layihəsidir.

"Hökumət hələ də bahalaşmadan başqa alternativ variantlar düşünə bilmir. Mən bunu siqaretin əleyhinə kampaniya kimi dəyərləndirmirəm. Çünki siqaret aludəçiləri indiyə qədər qiymət artımlarına baxmayaraq siqaret çəkiblər. Hələ bugünə kimi hər hansı şəxs qiymətin baha olmasına görə siqaretdən imtina etsin”.