Ucar sakini: "Polis rəisinin müavini məndən əl çəkmir"

Ucar sakini:

12-02-2020 12:38 / Bu xəbər 383 dəfə oxundu

"Bu adam mənim atamı söydürüb, illərdir başıma oyun açır”

"Ucarın polis rəisinin müavini canımı boğazıma yığıb. Budur 6 ildir yaxamdan əl çəkmir. Gah yolda saxladır, gah haqqımda şikayət verib incidir, gah da maşınımı cərimə meydançasına saldırır, sonra da vermir”.

Ucar sakini Rasim Kamilov belə deyir. 

O, Ucarın Polis Şöbəsinin rəis müavini Səbuhi İsmayılovdan şikayətçidir. Deyir, 2014-cü ildə aralarında təsadüfən yaranan konfliktin nəticəsi bu günədək davam edir.

"Kiçik bir mağazam var idi. Maşın ehtiyat hissələri satırdım. Kredit götürüb, mal vururdum. Sonra yavaş-yavaş ödəyirdim. Elə kredit götürdüyüm günlərdən biri idi. Yolda polis rəisinin müavini Səbuhi İsmayılov məni saxladı. Dedi, "sən maşını düzgün sürmürsən”. Baxmayaraq ki, bu adam heç yol polisi də deyil. Belə iradla maşın saxlaya bilməz. Dedim, sürücülük vəsiqəmi 1971-ci ildə almışam. Oxumuşam, hər şeyi bilirəm. Dedi ki, məni tanıyırsan kiməm? O vaxt hələ yeni gəlmişdi. Adını eşitmişdim sadəcə. Həmin gündən həyatımdan çıxmır”, - Rasim Kamilov başına gələnləri danışır.

O əlavə edir ki, rayonun yol polisi var. Əgər nəsə səhv edibsə, o saxlasın və cərimələsin. Səbuhi İsmayılovun onu saxlamağa haqqı yoxdur:

"O ilk gün məni saxlayandan sonra mən Səbuhi İsmayılovla bağlı Daxili İşlər Nazirliyinə, Prezidentə teleqram vurdum. Şikayətimi, haqsızlığa uğradığımı bildirdim. Həmin gündən etibarən bu adam mənimlə düşmən oldu”.

Rasim Kamilov deyir ki, bu hadisədən sonra mağazasında oğurluq olub, araşdırılmayıb, evində yanğın olub, həmin yanğınla bağlı akt ala bilməyib. Bir sözlə, rayonda heç kim onu eşitmir:

"Şikayətimdən sonra Daxili İşlər Nazirliyinin Tədqiqat Mərkəzindən məktub gəldi mənə. Guya mən maşın idarə edə bilmirəm. Gözüm görmür, komissiyadan keçməliyəm. Sonra bir nəfər polis göndərdilər iş yerimə. Məni göz komissiyasından keçmək üçün aparmağa gəldiyini söylədi. Dedim, bu, qərəzlidir. Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsi hardan bilir ki, Ucarda Rasim Kamilov var və onun gözü görmür və yaxud da görür? Dedim, gedərik, amma get sabah səhər 10-11 arası gəl gedək. Durub getdim Ucar Rayon Məhkəməsinə”.

Rasim Kamilov deyir ki, bundan sonra hakimin qəbuluna girib və hər şeyi olduğu kimi danışıb:

"Hakim mənə dedi ki, narahat olma, get. "Bu işlərə mən baxıram, qərarı mən verirəm. Sənə bu məktubu göndərənlərə denən gəlsinlər yanıma”. Getdim polisə, dedim ki, hakim sizi çağırır. Səhəri günü daha polis gəlmədi. Yoxlama məsələsi də burada bitdi”.

Rasim Kamilov deyir ki, yoxlama ilə bağlı söhbət burada bağlanıb. Ancaq ümumi problem davam edib. 2017-ci ilin fevralında evində yanğın olub:

"Burada mənim üçün bəzi şübhəli məqamlar var idi. Şikayət etdim, baxmadılar. Yanğınsöndürmə məntəqəsindən evimin yanmağı ilə bağlı arayış istədim. Nə qədər etdim, həmin arayışı ala bilmədim. Bunu mənə ona görə vermədilər ki, əlimdə evimin yanması ilə bağlı fakt olmasını istəmirdilər”.

"Şikayət etdim, baxmadılar".
Mənbə: Meydan TV

Rasim Kamilov deyir ki, problemi bununla da bitməyib. Bir neçə dəfə tanımadığı insanlar tərəfindən söyülüb: "Mənə zəng edib, atamı, atamın qəbrini söydürüblər. Həmin adamı mənim iş yerimə göndəriblər ki, mən ona nəsə edim, tutub basalar içəriyə. Mən heç nə etməmişəm. Maşınım da 1 ilə yaxındır, polis idarəsindədir. Ötən ilin fevralından bəri. Oğlumu məktəbə aparırdım. Polis yolumu kəsib maşınımı əlimdən aldı. Dedilər, qoşa xətti tapdalamısan. Neçə aydır maşınımı geri ala bilmirəm”.

Rasim Kamilov deyir ki, bundan sonra təzədən kredit götürüb özünə başqa maşın alıb. O maşından isə əlini üzüb: "Mənim övladım var. Niyə onun taleyi bu cür insanların əlində olmalıdır? Odur ki, mən istəyirəm bu adam haqqında bir tədbir görülsün. Mənim 5 ildir başıma açmadığı oyun qalmayıb”.

Rasim Kamilov Prezident İlham Əliyevə müraciət edir: "Sizin atanız sizə, mənim atam da mənə əzizdir. Hər ikisi dünyasını dəyişib. İnsanın dünyasını dəyişmiş atasına söyməzlər. Bunu edənlər isə ən ağır formada cəzalandırılmalıdırlar. Bu adam mənim atamı söydürüb, illərdir başıma oyun açır. Onunla bağlı tədbir görməyinizi sizdən xahiş edirəm. Yalvarıram, o adamı bizim rayondan uzaqlaşdırsın”.

Ucar Rayon Polis İdarəsinin Yol Polis Şöbəsindən bildiriblər ki, bəli, aylar öncə xəta törətdiyi üçün Rasim Kamilovun maşını cərimə meydançasına aparılıb. Ancaq bundan sonra onunla dəfələrlə əlaqə saxlanıb. Maşınını gəlib götürsün deyilib: "Gəlməyib. Görünür, götürmək istəmir, maraqlanmır, gəlmir. Bunu niyə edir deyə bilmərəm. Amma bununla bağlı ona dəfələrlə müraciət olunub”.

Ucar Rayon Polis İdarəsindən bu barədə məlumat verə bilməyəcəklərini söyləyiblər: "Mən sadəcə növbətçiyəm, belə mövzulara münasibət bildirmək səlahiyyətim yoxdur. Ancaq nömrəsini verə bilərəm, Səbuhi müəllimin özü ilə əlaqə saxlayıb, soruşa bilərsiniz”.

İdarədən verilən nömrə isə işlək deyil.

Mənbə: Meydan.Tv