''Unun qiymətində bahalaşma var''

''Unun qiymətində bahalaşma var''

04-01-2019 16:58 / Bu xəbər 1182 dəfə oxundu

Vahid Məhərrəmov: "Azərbaycan özünün buğdaya olan tələbatını ödəyə bilmir”

Yerli media son zamanlar unun qiymətində bahalaşma olduğunu yazıb.

"Strateq.az” saytının məlumatına görə, 4 ay əvvəl 50 kiloqramlıq kisədə unun qiyməti 20 manat 60 qəpik idisə, hazırda 26-27,5 manata satılır. 

Çörək istehsalı ilə məşğul olan sahibkarın verdiyi məlumata görə, bazarda kritik vəziyyət yaranıb: "Böyük dəyirmanlar – "Fatoğlu”, "Ərərboğlu” və s. 26 manatdan aşağı un satmır. İlin əvvəlindən verilən bütün malları elektron qaimə ilə satılır. Bu da hər kisə unun üzərinə əlavə 80 qəpik xərc deməkdir. Bundan başqa, 35 qəpik də daşıma pulu alınır. Dükanlarda isə unun bir kisəsini 27 manatdan aşağı satmırlar”.

Sahibkar deyib ki, ziyana işləyirlər və çörəyin çəksini endirməklə də vəziyyətdən çıxmaq mümkün deyil: "Artıq bir çox istehsalçılar ucuz çörək istehsalını dayandırıblar. Bazarda alıcılara 30 qəpiklik çörək təklif olunmur, iri istehsalçılar isə 40 qəpiklik məhsulların çəksini azaltmağa məcbur olublar. Dediklərinə görə, ölkədə taxıl qıtılığı var, problem ona görə yaranıb”.

Ekspertlər unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımını göstərirlər.

İqtisadçı ekspert Nazim Bəydəmirli bildirib ki, Azərbaycan ərzaq buğdasını əsasən Rusiya və Qazaxıstandan idxal edir: "Rusiya bazarında həm buğdanın qiyməti qış aylarında həmişə artır, həm də dəmiryolu daşıma tariflərinin 11 faiz artması ilə bağlı məlumatlar yayılmışdı. Bu baxımdan qiymətlərin artması qaçılmazdır”.

Vahid Məhərrəmli

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-ə məsələni şərh edərkən xatırladıb ki, dünya bazarında ərzaq buğdasının qiyməti artaraq, 1 ton üçün təxminən 200 dollara yaxınlaşıb.

Onun sözlərinə görə, Azərbaycan özünün buğdaya olan tələbatını ödəyə bilmir.

Ölkəyə 11 ayda 1 milyon ton buğda idxal olunmuşdu, yəqin ki, 100 min ton da əlavə idxal edərlər: "Bu il 3 milyon tona qədər taxıl istehsal olunub, bunun 1,8 milyonu buğda olduğu iddia olunur. Ancaq bu buğda emala yönəlmir, yəni un istehsal olunmur, mal-qara yemi üçündür. İdxal olunan buğdanın isə qiyməti bahalaşır. Nəticədə unun və çörəyin qiymətində artım olur, çəkidə də azalma”.

Vahid Məhərrəmov düşünmür ki, qiymət artımı davamlı olacaq.

O qeyd edib ki, dünya bazarında qiymət artacaqsa, Azərbaycana da təsirini göstərəcək: "Ola bilsin, gələn il istehsal nisbətən artsın, amma bu amil ölkədə qiyməti endirəcək anlamına gəlməməlidir. Azərbaycanda birmənalı olaraq qiymət artımı olandan sonra enmir. Əgər Rusiyada taxıl və buğda istehsalı artsa, Azərbaycanda unun qiyməti bahalaşmaz”.