"Unutduğum adamlar da, yoruldular uzaqlarda..." - ŞEİR

27-01-2016 00:39 / Bu xəbər 2636 dəfə oxundu

Arqument.Az gənc şair Vasif Əlihüseynin yeni şeirlərini təqdim edir: 
 
TƏK QALMIŞ ADAMAM,
Kİ, YASDAN ÇIXAM

Bu boyda ürəyə olmaz deyirəm,
deyirəm, bəlkə də, bir pasdan çıxa.
Sənin gedişinə yeyib-içirəm,
tək qalmış adamam, 
ki, yasdan çıxam.

Azalar gəliş də, gediş də belə,
hamı mənə deyər axı, o yoxdu.
Mən də unudaram səni bilirsən,
bilirsən, torpağın üzü soyuqdu.

Daha bu daş ömrə söykənməz başım,
nə acıq verirsən, mənim nəyimə.
İndi bumbuz əlim torpaq götürər,
götürüb tullayar öz kürəyimə.  

CANIMA BAĞLI ADAMLAR

əvvəl-əvvəl sevdiklərim,
sonra-sonra unuduldular.
canıma bağlı adamlar,
canımdan da yoruldular...

yavaş-yavaş gəldi keçdi
ağrılar da, sızaqlar da...
unutduğum adamlar da,
yoruldular uzaqlarda...

sonra-sonra anladım ki,
heç kimi ovutmamışam.
sonra-sonra anladım ki,
heç kimi unutmamışam.

indi-indi görürəm ki,
yollar adamlar köçündə.
mən unutmuşam sandığım,
yaddaşımın bir küncündə
yıxılıb, qalıb eləcə...
qalıb, qalanlar kimi
qalıb unudulanlar kimi...

YORĞANDAN QADIN DÜZƏLTMƏK

məftildən maşın düzəldirdik uşaqlıqda
böyüdük yorğandan qadın düzəltdik...
belə öyrəndik  
başsız qadın bədəninə sarılmağı...

sonra anamızı qoyduq qəbirə
qollarımızda
və belə hiss etdik
qucağımızdakı qadın ağırlığını...

adamlara məzar daşısız ağlamaq
daha asandı, biləsən.

o, vaxtdan 
yorğandan düzəltdiyim
başsız qadın bədəninə sarılıb 
yatıram hər gecə.
 
canından bezib 
ölümünə sevinənlər kimi
mən də sevgidən bezib, ayrılığa sevindim.
məndən narahat olma,
anamdan sonra 
heç kimin gedişinə ağlaya bilmirəm...