''Uçot dərəcəsini daha aşağı faizə endirmək lazımdır''

''Uçot dərəcəsini daha aşağı faizə endirmək lazımdır''

30-10-2018 16:49 / Bu xəbər 1743 dəfə oxundu

Nemət Əliyev: ''Dərəcənin aşağı salınması müsbət olsa da bu, Azərbaycanda işləmir''

Uçot dərəcəsinin aşağı salınması dövriyyədə olan pul kütləsinin artması ilə nəticələnməli və kreditlərin verilməsini stimullaşdırmalıdır.

Bunu Meydan TV-ə iqtisadçı Nemət Əliyev oktyabrın 30-da Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin 10 faizdən 9,75 faizə endirilməsi ilə bağlı qərarını şərh edərkən deyib. 

İqtisadçı bu qərarı "yaxşı hal” saysa da, bildirib ki, uçot dərəcəsi indiki səviyyədən də aşağı olan vaxtları olub: "Amma kredit qoyuluşlarının həcmini artırmaq mümkün olmayıb. 2014-cü ildən sonra sürətli şəkildə ölkə iqtisadiyyatına kredit qoyuluşu azalıb. Əgər uçot dərəcəsinin aşağı salınması iqtisadiyyatya kredit qoyuluşlarının artım sürətini çoxaldırsa, bu, yaxşı haldır. Problem ondadır ki, Azərbaycanda bu gedişat müşahidə olunmur. Bir halda ki, uçot dərəclərini aşağı salmaqla kredit qoyuluşlarının artımına təkan verməkdirsə, o zaman mexanizmin işləməməsinin səbəblərini araşdırmaq lazımdır”.

O deyib ki, Mərkəzi Bank uçot dərəcəsini aşağı sala bilər, amma ümumilikdə verilən kreditlərə görə faiz dərəcələri aşağı salınmaya bilər, necə ki, indiki vəziyyət belədir: "Sahibkarlar kredit götürməkdən qorxurlar və bunu da hamı bilir. Bunun iki səbəbi var: birincisi, faizlər kifayət qədər yüksəkdir, ikincisi, bankların və manatın etibarı zəifləyib. Ona görə də uçot dərəcəsinin üstün dərəcəsinin aşağı salınmasının müsbət tərəfi olmasına baxmayaraq bu, Azərbaycanda işləmir. O zaman işləyər ki, faiz dərəcələrinin aşağı düşməsi ilə müşahidə olunsun”.

Nemət Əliyev düşünür ki, 9,75 faiz də yüksək göstəricidir. O qeyd edib ki, ABŞ Federal Ehtiyatlar Sistemi dəfələrlə uçot dərəcəsini qaldırsa da, 2 faizə çatmayıb: "O zaman Azərbaycanda 1 yox, 10 faiz olmalıdır? Mərkəzi Bankın əsas funksiyalarından biri odur ki, rıçaqlardan istifadə edib iqtisadiyyata pul axınını sürətləndirsin. Amma Elman Rüstəmov iqtisadiyyatın pulla təminatının, yaxud kredit qoyuluşunun bərbad olduğunu söyləmir. Ona görə uçot dərəcəsini 9,75 yox, daha aşağı faizə endirmək lazımdır. Belə olarsa, kredit qoyuluşlarında faiz dərəcələri aşağı düşməsinə səbəb olar bilər”.