Uşaq böyütməklə, uşaq yetişdirməyin fərqləri

Uşaq böyütməklə, uşaq yetişdirməyin fərqləri

12-11-2017 00:09 / Bu xəbər 1447 dəfə oxundu

Elçin Mahmud

Uşaq böyütmək başqa, uşağı yetişdirmək isə tamamilə başqa bir şeydir.

Bu yaxınlarda 4 yaşlı oğlumun bağça müəlliməsi ilə qısa söhbətimiz məni sanki, uzun və dərin yuxudan oyatdı. Müəllimə övladımın çox aqressiv olduğunu, kiçik iradlara sərt reaksiya verdiyini söyləyəndə düşüncələrə daldım və evə gələn kimi özümü uşaq tərbiyəsi ilə bağlı yaxşıca düşünməyə məcbur etdim. Başa düşdüm ki, uşağı yetişdirmək üçün, hər şeydən öncə, uşaq yetişdirmək məsələsini ciddiyə almaq lazım imiş. Çünki ciddiyə alınmadan heç bir şeydə uğur qazanmaq mümkün olmadığı kimi, bir ailə üçün ən önəmli məsələ olan uşaq yetişdirmə də uğurlu ola bilməz. Uşağı yetişdirən sadəcə onun bağçası, məktəbi və ya çevrəsi deyil. Bağça, məktəb nə qədər yaxşı olsa da, uşaq yetişdirmək təkcə yalnız onların öhdəsinə buraxılmayacaq qədər ciddi bir məsələdir.  

Uşaq böyütmək başqa, uşağı yetişdirmək isə tamamilə başqa bir şeydir. Uşağı bağçaya və ya məktəbə göndərmək, yedizdirib içizdirmək, geyindirmək, gəzməyə aparmaq əsla onu yetişdirmək deyildir.  Bu vəziyyətdə uşaq təbii ki, böyüyəcək, amma yetişə bilməyəcək. 

Hər gün həm mən, həm də həyat yoldaşım bir neçə saat işlədiyimizə görə, övladımızı normal şərtlər altında böyütməyi bacarsaq da, onu yetişdirməyin də vacib olduğunu sanki unutmuşduq və ya bunu arxa plana atmışdıq. Həmən həyacan təbili çalındı və dərhal hərəkətə keçməyin vacib olduğu qənaətinə gəldik. Hər gün axşamüstü işdən sonra uşaqla bir saat mənim, ardınca bir saat həyat yoldaşım məşğul olacağı qərarını verdik. Növbəti saat və ya saatları isə oğlum yatmağa gedənə qədər özü sərbəst keçirəcəkdi. 

Artıq bir həftə keçib. Plan uğurla həyata keçirilir. Yeganə çatışmazlıq isə həyat yoldaşımın oğluma ayıracağı saatı da hələ ki, mənim əvəz etməyimdir. Amma düşünürük ki, çox qısa zamanda üçümüz birlikdə də mütləq nə isə etməliyik. 

Nəticə? Sadəcə olaraq, fanstastik deyə bilərəm. Oğlum artıq çox xoşbəxtdir, bir həftədir demək olar ki, pis sözlər işlətmir, əhval-ruhiyyəsi əladır, müəlliməsi onun xeyli dəyişdiyini söyləyir...

Beləliklə, ailə ağacının meyvəsi  olan uşağı yetişdirmək, ailənin ara-sıra, ağlına gəldikcə, məcbur qaldıqca deyil, hər zaman düşünməsi vacib olan vəzifələrindən biri olmalıdır. Ailələrin uşağı bir tədris müəssisəsinə göndərərkən tez-tez söylədiyi "əti sizin, sümüyü mənim” anlayışı tamamilə səhv bir anlayışdır. Hər yerdə uşaqlarına görə, hər kəsdən öncə ata və anası məsuliyyət daşıyır. 

Biz ailələr nə üçün bağça, məktəb seçimi edirik? Nə üçün adi məktəb deyil, lisey, gimnaziya, filan məktəb, filan müəllim deyirik? Uşağı adi məktəbə göndərməli olanda isə, bu dəfə bu məktəblərin arasında seçim aparmağa çalışırıq? Çünki uşağın daha səviyyəli mühitdə daha yaxşı yetişə biləcəyini bilirik. Bəs uşağın yetişməsində bütün bu mühitlər içərisində ən önəmlisi hansıdır? Ailə deyilmi? O zaman, ailə mühitini, ailə ortamını övladlarımızın yetişməsi üçün ən effektli hala gətirməyə cəhd etməliyik.