''Uşaqlar məktəbdə odun qırır, siniflərə daşıyır''

''Uşaqlar məktəbdə odun qırır, siniflərə daşıyır''

16-02-2019 00:14 / Bu xəbər 440 dəfə oxundu

Məlhəmlilər məktəbin vəziyyətindən gileylidir

"Məktəbin heç bir şəraiti yoxdur, uşaqlarımız soyuqdan qırılırlar. Kənddə qaz olduğu halda, məktəb binası hələ də odun sobası ilə isidilir”.

Bu sözləri Meydan TV-yə adını açıqlamaq istəməyən Şamaxı rayonu, Məlhəm kənd sakini deyir. 

Söyləyir ki, Məlhəm kənd tam orta məktəbi uzun illərdir bərbad vəziyyətdədir: "Məktəbin direktoru Rəfiqə Ağayeva da ki, ağzını açıb şikayət edən valideyn, ya da şagird olanda onu gözümçıxdıya salır. Heç kimi məktəbə yaxın buraxmır. Kimsə harasa şikayət edə bilməz. Olan da bizə, uşaqlarımıza olur. Qışın soyuğunda, şaxtasında uşaqlar sinif otaqlarında tir-tir əsirlər. Etiraz edəndə, günahkar yenə də biz oluruq. Məktəb təmirsizdir, üstəlik, qapı-pəncərə köhnədir deyə otaqlar buz kimi olur. Qış girəndən pulu ancaq iynə-dərmana veririk, uşaqları müalicə edirik”.

Şəhid Kamil Nəbiyevin adını daşıyan məktəb 1976-cı ildə istifadəyə verilib. Burada təxminən 140-dan çox şagird təhsil alır. Məktəbin şəraitsizliyi ucbatından bəzi ailələr uşaqlarını qonşu kənd, ya da rayon mərkəzindəki məktəbə göndərir.

"Bizim kənddə beş yüzdən çox ailə yaşayır. Onların əksəriyyəti uşaqlarını qonşu kəndlərə, ya da Şamaxının mərkəzinə dərsə yollayırlar. Niyə öz kəndimizdə məktəb ola-ola, uşaqlarımızı qonşu kəndlərə, ya da rayon mərkəzinə göndərməliyik? Mən uşağımı məktəbə oxumağa yollayıram. Gəlir evə, deyir ki, bu gün odun yarmışıq, sinif otaqlarına odun daşımışıq. Budur bizim təhsilimiz? İllərdir şikayətçiyik, amma dərdimizə yanan, halımıza acıyan yoxdur. Bu yaxınlarda müəllimələrdən biri dərs deyən zaman qəfil taxta döşəmə qopub, yazıq zirzəmiyə yıxılıb”, - başqa bir sakin gileylənir.

"Təhsilin səviyyəsi də çox aşağıdır. Ali təhsili olmayan, texnikum bitirən cavan qızları yığıblar ora. Hamısı məktəbə vaxt "öldürüb”, havayı pul almağa gedirlər. Məktəbdə dərs keçmirlər. Daha çox evdə uşaq hazırlaşdırırlar. Şamaxı kimi dahilər yetişdirən bir torpağın məktəbi ağlar günə qalıb”, - deyə kənd sakini gileylənir.

Riyaziyyat müəllimi Anar Nəsirli Meydan TV-yə təsdiqləyib ki, təhsil ocağı təmirsizdir və istilik sistemi yoxdur: "Məktəbin vəziyyəti ilə bağlı rayonun aidiyyatı qurumları məlumatlıdır. Şamaxı rayon Təhsil Şöbəsi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanının nümayəndələrinin işçi qrupları tərəfindən məktəbə texniki baxış keçirilib. Nazirlik tərəfindən qeydiyyata alınıb. Yəqin ki, bu il ərzində lazımi tədbirlər görüləcək”.

Şagirdlər isə deyir ki, sinif otaqları soyuq olduğundan, çox rahatlıqla dərsdən yayınıb, evlərinə isinməyə gedirlər. Buna görə onlara "gözün üstdə qaşın var”, deyən yoxdur.

"Baxın, odunu özümüz doğrayırıq. Bunu dərs saatlarında edirik. Odunları biz doğrayırıq, qızlarımız da daşıyır”, - deyə şagird Novruz Novruzov pəncərədən bayırda doğranmış odunları göstərərək söyləyir.

Üzərinə "Kitabxana” löhvəsi vurulan köhnə, çürümüş qapını göstərən digər şagird "Direktor burada olan kitabların hamısını satıb. İçəridə nə var, nə yox xəbərimiz yoxdur”,- deyir.

İrad və ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Məktəbin direktoru Rəfiqə Ağayeva Meydan TV əməkdaşına açıqlama verməkdən boyun qaçırdı. "Təhsil şöbəsi rəsmi məktub vermədiyi müddətcə hansısa bir məlumat verə bilmərik”, - deməklə kifayətləndi.

Şamaxı rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyevi isə yerində tapa bilmədik. İdarədən bildirildi ki, o, hazırda rayonda deyil.

Şamaxı Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi ilə dəfələrlə əlaqə saxlasaq da, suallarımıza cavab ala bilmədik.