Uçuq bina, kimsəsiz park, mənasız “divar yazıları” və arxivə sürüklənən tarix...

Uçuq bina, kimsəsiz park, mənasız “divar yazıları” və arxivə sürüklənən tarix...

13-05-2019 16:44 / Bu xəbər 254 dəfə oxundu

Hövsan Mədəniyyət sarayı - 1967-ci ildə tikilən bu mədəniyyət ocağı artıq gözdən və könüldən uzaq bir güşəyə çevrilib. Bir vaxtlar insanların axışdığı bu yerdə indi sükunətə qərq olan köhnə bir bina var...

Sanki burada mədəniyyətin bir parçası diqqətsizlik və biganəlikdən küsərək tərk edilmiş insanlar kimi tənhalığa qapılıb...

Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunur ki, əvvəllər Mədəniyyət saryı Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin (Keçmiş "Nord" EİB) balansında olub.

Hövsan Mədəniyyət sarayı
Mənbə: Meydan.TV

Hazırda isə sözügedən qurum Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərir.

Cəbrayıl Xanməmmədov küçəsi 67 ünvanında yerləşən Mədəniyyət evi tamamilə yarasız haldadır.

Qurumun yerləşdiyi binanın böyük bir hissəsi dağılmış, pəncərəli qırıq, tavanı isə uçuq-sökük vəziyyətədir.

Hövsan Mədəniyyət sarayı
Mənbə: Meydan.TV

Mədəniyyət evinin iclas zalının da tavanı, döşəməsi sıradan çıxıb, döşəməsiz zalda "kanalizasiya” quyularına bənzər böyük çuxurlar yaranıb.

Ayaqyoludakı durumdan danışmağa dəyməz, dəhliz isə uzun və qaranlıq tunelləri xatırladır.

Yalnız binanın bir qismi fəaliyyətə qismən yararlıdır ki, burada da sözügedən qurumun rəhbərliyi və bir neçə kurs, şahmat yarışları üçün otaq və s. fəaliyyət göstərir.

Hövsan Mədəniyyət sarayı
Mənbə: Meydan.tv

"Yalnız seçkidən-seçkiyə yada düşən bu qurum...”

Maraqlıdır ki, 30 saylı Suraxanı I Seçki Dairəsinin 2 saylı Seçki Məntəqəsi də bu binada yerləşir.

Yalnız seçkidən-seçkiyə yada düşən bu qurumun təmiri və abadlaşdırılması üçün heç bir iş görülmür.

Mədəniyyət evində apardığımız çəkilişlər zamanı aydın oldu ki, binada fəaliyyət də məcburiyyətdən doğur.

Mədəniyyət evinin direktoru Vasif Rəhimovla əlaqə saxla bilməsək də, təsərrüfat şöbəsindən bildirdilər ki, Mədəniyyət Nazirliyindən və Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən binaya baxış keçirilib, təmir olunması nəzərdə tutulub, lakin nə zaman reallaşacağı bəlli deyil.

Hövsan Mədəniyyət sarayı
Mənbə: Meydan.TV

Parkda həmsöhbət olduğumuz bir neçə yaşlı insan isə durumdan narazılıqlarını ifadə etdilər. Onlar düşünürlər ki, bu parkın diqqətsiz qalması təsadüf ola bilməz.

"Bura çox səfalı yerdir. Yəqin, hansısa imkanlı şəxsin gözü düşüb, tam nəzarətsiz qalandan sonra buraya da "əl qoyacaqlar”. Qəsəbənin mərkəzində - xəstəxanaın yanında Heydər Əliyev adına kiçik park salınıb. O parkda da köhnə attraksionlar qoyulub. Camaatın başını orada qarışdırıb buranı mənimsəmək istəyirlər, yəqin”, - onlar belə deyir.

Xarabalıqları xatırladan park, yararsız bina və diqqət çəkən "divar yazıları...”

Hövsan Mədəniyyət sarayı
Mənbə: Meydan.TV

Mədəniyyət evi bir vaxtlar Hövsanın ən böyük istirahət güşələrindən biri olan parkda yerləşir. Əvvələr dəniz kənarında yerləşən bu park yaşıllığı ilə diqqət çəkib. Burada yaşlı insanlar dincəlib, gənclər müxtəlif idman növlərindən istifadə edib, uşaqlar isə onlar üçün qoyulan müxtəlif çeşidli attraksionlardan əyləniblər.

İndi isə park, sadəcə, insan səsinə tamarzı qalan xarabalıqları xatırladır; qırıq attraksionlar, sınıq-salxaq oturacaqlar, susuzluqdan "dodağı çatlamış” fəvvarə və...

Dənizdən qalxan və dövrə vurub yenidən mavi Xəzərə dönən qağayıların səsi isə sanki bu kimsəsizliyin simfoniyasıdır...

Bina da yalnız divarlarına həkk olunmuş "Dəyərlim”, "Esi”, "Şamo”, "Aşkımsan”, "İ+S, A+A”, "13.04.2018”, "25.08.2018”, "LOVE” və s. kimi "divar yazıları” üçün lövhəyə çevrilib. Bu divar yazıları obrazlı desək, binanın və parkın görünən mənzərəsini yazıda ifadəsi, təsviridir...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi: adı var, özü yox...

Hövsan Mədəniyyət sarayı
Mənbə: Meydan.TV

Mədəniyyət evinin durumu ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin burada qarşılaşdığımız problemlər də binanın mənzərəsinin əksi deyildi, əslində, baş verənlər görünən binanın görünməyən tərəfi, "pərdəarxası” idi...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumatlar Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilib.

Burada idarənin rəsisi Vüqar Zeynalov və müavinləri, şöbə və sektor müdirləri barədə məlumat verilib, lakin heç birinin əlaqə və ünvanı göstərilməyib.

Qurumun adı isə "Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi" kimi qeyd olunub. Yəqin Bakı Şəhər İcra Hakimiyyəti prezidentin 20 aprel 2018-ci il imzaladığı sərəncamdan xəbərsizdir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
Mənbə: Meydan.TV

Həmin sərəncama görə, Mədəniyyət və turizm Nazirliyinin statusu dəyişib, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Ona görə də artıq qurumun adı "Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi" deyil, Bakı Şəhər Mədəniyyət Baş İdarəsidir.

Problem təkcə bu deyil, Bakı Şəhər Mədəniyyət İdarəsinin rəsmi feysbuk səhifəsində olan telefon nömrəsinə isə Səbail Rayon Kitabxanasından cavab verilir. Kitabxanadan bildirdilər ki, dəfələrlə nömrənin dəyişdirilməsi ilə bağlı müraciət etsək də, problem aradan qaldırılmayıb. Kitabxanadan verilən nömrəyə isə bu dəfə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən deyil, M.Ə.Sabir adına kitabxanadan cavab verilir....

Hövsan Mədəniyyət sarayı
Mənbə: Meydan.tv

Mədəniyyət Nazirliyi də məsələyə münasibət bildirmir. Nazirlikdən hesab edir ki, mövzu ilə bağlı Bakı Şəhər Mədəniyyət İdarəsindən münasibət öyrənilməlidir.

Qurumun əlaqə nömrəsini də Mədəniyyət Nazirliyinin mətbuat xidmətdən əldə edə bildik.

"492 60 47” nömrəli telefona cavab verən xanım isə "İnformasiya və əlaqələr şöbəsinin” nömrəsini verdi, lakin həmin nömrəyə gün ərizndə zəng etsək də, cavab ala bilmədik, - bir sözlə, bu dəfə nömrə tapıldı, cavab verəcək bir adam yox...

Nəticə isə budur: dövlət qurumlarının biganəliyi və diqqətsizliyi üzündən böyük bir park, Mədəniyyət evi, qısaca desək, tarix arxivə doğru sürüklənməkdədir...
 
Meydan.tv