Vahid siyasi məhbus siyahısı hazırlanıb: 128 nəfərin adı var

Vahid siyasi məhbus siyahısı hazırlanıb: 128 nəfərin adı var

01-09-2018 19:36 / Bu xəbər 719 dəfə oxundu

Siyahıda 128 nəfərin adı var

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup sentyabrın 1-də siyasi məhbusların yenilənmiş növbəti siyahısını açıqlayıb.

Siyahı 1 sentyabr 2018-ci ilədək olan dövrü əhatə edir.

İşçi Qrupun məlumatına görə, yeni siyahıda 130 ad var:

"Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb. İki nəfər monitorinq altındadır, onların işi araşdırılır”.

Qrupun siyasi məhbus kimi tanıdığı 128 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:

- 9-u jurnalistlər və blogerlər (Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Əfqan Muxtarlı, Rəşad Ramazanov, Elçin İsmayıllı, Ziya Əsədli),

- 1-i şair və yazıçı (Tofiq Həsənli),

- 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),

- 17-si siyasi və ictimai fəallar (Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Asif Yusifli, Fuad Əhmədli, Əlikram Xurşudov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov),

- 68-i inanclı fəallar (Elxan Bünyadov, Lətif Əhmədov, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, Rasim Cəbrayılov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elçin Qasımov, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Ramil Əliyev, Seyfəddin Şirvanov, İsa İbrahimov, Seymur Aslanov, Elxan İsgəndərov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Elman Ağayev, Əli Hüseynov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Elxan Həsənov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Sahib Həbibov, Əliəsgər Cabbarov, Telman Şirəliyev, Rza Ağali, Ziya Tahirov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Elnur Cavadov, Sərdar Babayev).

Bildirlib ki, prezidentin 24 may əfv sərəncamı ilə azad edilənlərdən AXCP üzvü Elnur Fərəcov boğazında sonuncu mərhələ xərçəng xəstəliyi olduğu üçün azadlığa buraxılıb. E. Fərəcov həbsdə olarkən yanlış diaqnozla müalicə olunub, daha sonra xəstələyinin xərçəng olduğu bəlli olub. Bununla belə, müalicəsi aşağı səviyyədə davam etdirilib və xəstəliyin irəliləmiş mərhələsində o, həbsdən azad edilib. Azadlığa buraxılandan təxminən 2 ay yarım sonra - 9 avqust 2018-ci ildə vəfat edib.

"Əfv sərəncamı ilə azadlığa buraxılan digər siyasi məhbusların əksəriyyəti həbs müddətlərinin bitməsinə az qalmış azad ediliblər. Azad edilənlərdən Əliağa Qasımovun həbs müddətinin bitməsinə 9 gün, Ələkbər Qurbanovun 12 gün, David Kərimovun və Elşad Rzayevin 2 ay, Fail Şahbazovun 3 ay, Hilal Cabbarovun isə 6 ay qalmışdı".

Siyasi məhbuslar faktiki olaraq vəkillərsiz qalıblar

İşçi Qrup qeyd edib ki, 2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, İşci Qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 22 noyabr 2017-ci ildə İşçi Qrup ilə əməkdaşlıq edən Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə qərar verənədək Y.İmanovun vəkillik fəaliyyətini dayandırıb. Eyni qurumun 22 yanvar 2018-ci il tarixli qərarı ilə Fəxrəddin Mehdiyevin, 23 aprel 2018-ci il tarixli qərarı ilə Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb.

Avropa Şurasında siyasi məhbus problemi ilə bağlı müzakirələr

İşçi Qrup bildirib ki, aprelin 24-də Niderlanddan olan deputat Pieter Omtzigt başda olmaqla, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifi ilə çıxış ediblər. Onlar bunun səbəbi kimi 2013-cü ildə AŞPA-nın Almaniyadan olan deputatı Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatın qəbul edilməməsində korrupsiya şübhələrinin güclü olduğunu göstəriblər.

Deputatlar bu şübhələrin əsası kimi AŞPA-da korrupsiya iddialarına dair Müstəqil İstintaq Qrupunun yaydığı sənədə istinad ediblər. Assambleyanın Prosedur Komitəsi AŞPA Deputatlarının Davranış Kodeksini pozduqları üçün bu sənəddə adı keçən 4 şəxsə - İspaniyalı deputat Pedro Aqramunta 10 il, Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin rəhbəri Səməd Seyidova, Rumıniyalı deputat Sezar Florin Predaya və İspaniyalı deputat Jordi Xuclaya 2 il müddətinə sanksiya tətbiq edib. Bu müddət ərzində onlar məruzəçi təyin edilmək, həlledici postlara namizəd olmaq, seçkiləri müşahidə etmək də daxil bir çox hüquqlardan məhrum ediliblər.

31 may 2018-ci ildə AŞPA Bürosu Pieter Omtzigtin başçılıq etdiyi deputat qrupunun təklifini qəbul edib. 25 iyun 2018-ci ildə Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsi İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottiri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib; o, Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlamalıdır.

Ölkədə siyasi motivlə həbs edilənlərin sayı daha çoxdur

İşçi Qrup təəssüflənir ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdiriməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupa keçmiş siyasi məhbuslar, jurnalistlər və hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Xalid Bağırov, Əsabəli Mustafayev, Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, Fariz Namazlı, Rövşən Hacıbəyli və Samir Kazımlı daxildir. Qrup siyasi hesab edilən məhbus işlərini araşdırır və onlar barədə məlumatı əks etdirən hesabat təqdim edir.

Medianın sualları ilə bağlı İşçi Qrupun əlaqələndiriciləri Rəsul Cəfərova və İntiqam Əliyevə müraciət edə bilərlər (resul.j@gmail.com və intigamaliyev@yahoo.com).