Vasif İsmayıl Hicran Hüseynovanı debata çağırdı: "Özünüzə güvənin"

Vasif İsmayıl Hicran Hüseynovanı debata çağırdı:

28-01-2020 23:12 / Bu xəbər 560 dəfə oxundu

41 saylı Sumqayıt 1-ci seçki dairəsindən namizəd, doktor Vasif İsmayıl Yeni Azərbaycan Partiyasından (YAP) rəqibi Hicran Hüseynovanı debata çağırıb.

Bu barədə Vasif İsmayıl sosial şəbəkədə yazıb.

Həmin müraciəti olduğu kimi dərc edirik: 

"Əsas rəqibim Hicran xanım Hüseynovanı Sumqayıt Olimpiya İdman kompleksində debata çağırıram.

İZAH

Bu gün 12-ci mikrorayonda seçicilərlə növbəti görüşümüz oldu. Müəyyən məsələləri sizinlə bölüşmək istəyirəm. Bu gün eyni yerdə Hicran xanım Hüseynovanın məndən 2 saat əvvəl görüşü oldu. 10 AA seriyalı dövlət maşınları ilə, yəni Bakıdan onlarla insan görüşə gətirildi. Özümüz şahidik. Amma bölgə camaatına "sizi görüşə buraxdılarmı" deyə soruşduğumda, "bəli, biz də görüşə düşə bildik" dedilər. Yaxşı haldır. Yoxsa Zığ kəndində olan son hadisədən sonra hakim partiya namizədlərinin bir az çəkinəcəyini düşünmüşdüm.

İcra strukturlarından dünən əmr gəldi və dövlət işində işləyən insanların 41 saylı Sumqayıt 1-ci seçki dairəsində YAP namizədi Hicran Hüseynovadan başqasının görüşlərinə getməyi qadağan edildi. Başqa hadisələr də oldu, amma onlar haqqında sonra danışaram.

Bu məlumatları haradan bilirəm?

Sumqayıt camaatı məni tanıyır, mənə hər şeyi danışır. Şəhərdə dolaşıram və məni görən insanlardan bəziləri onları axşamkı görüşə dəvət etdiyim zaman mənə bunu söylədilər. Onlarla vətəndaş sözü bir yerə qoyub eyni şeyi deyə bilməz. Bir də mənim rəhmətlik atam Rafael İsmayıl 41 saylı Sumqayıt seçki dairəsində kifayət qədər tanınan bir insan olub və qarşılaşdığım üç adamdan biri mənim atamın şagirdi olub. Mənə hər şeyi danışırlar. İndiyə qədər məndən başqa bütün namizədlərə geri çəkilmək üçün təzyiqlər edildi. 

Mənə niyə təzyiq etmədilər?

Sahədə tanınmışlığım şübhəsizdir deyə. Daha necə olmalıdır ki...sahədə böyümüşəm və həmişə ədəb-ərkana uymuşuq, böyük-kiçik saymışıq və yaxşı oxumuşuq.

Seçki 2 insan arasında gedəcək: Mən və Hicran xanım Hüseynova arasında. Doğrusu, Hicran xanıma heç nə deməyəcəm. Siz nə desəniz də, onun qohumları ilə biz çox yaxınıq. Balaca şəhərdir. Mən də həkim. İllərlə Hicran xanımın qohumları ilə dəfələrlə ünsiyyətim olub. Həmişə onların ədəbindən razı qalmışam. Beş günlük dünyadır - insanlarla ədəbimi qoruyacağam. Bir vaxtlar sizin işlədiyiniz qurumda departament rəisi olmuş Elgun Safarovun dediyinə görə, siz siyasi-iqtisad üzrə ilk azərbaycanlı qadın professorsunuz. Siz məni açıq debatda 2 dəqiqəyə mat eləməlisiniz. Gəlin, açıq debat təşkil edək. 7 fevralda Olimpiya İdman kompleksində. Özünüzə güvənin".