Vəkil Bəhruz Bayramov həbsdəki jurnalistin müdafiəsinə qoşuldu

Vəkil Bəhruz Bayramov həbsdəki jurnalistin müdafiəsinə qoşuldu

25-04-2017 11:22 / Bu xəbər 2448 dəfə oxundu

Vəkil Bəhruz Bayramov həbsdə olan jurnalist Cavid Şirəliyevin müdafiəsinə qoşulub. 

Bu barədə Gununsesi.info-ya açıqlama verən vəkil deyib ki, bir neçə ildir həbsdə saxlanılan jurnalistlə görüşüb: "Onun səhhətində ciddi problemləri var. Həmçinin istintaq və məhkəmə proseslərində prosesual hüquqları kobud şəkildə pozulub”. 

Qeyd edək ki, www.7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Şirəliyev 2014-cü il avqustun 30-da polis tərəfindən saxlanılıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. 

O, 2013-cü il iyunun ortalarında Orucov Asif Akif oğlu ilə əlbir olaraq, Xankişiyeva Şəfiqə İsmayıl qızını Tovuz rayonunun Qovlar kəndində yerləşən "Tatar” kafesində qumarxana olduğu haqqında nüfuzdan salan material yaymaqla hədələyərək, ondan 2 min manat tələb etməkdə ittiham olunur.

O, ittihamları rədd edir.