Vəkil Fariz Namazlı cəzalandırıla bilər

Vəkil Fariz Namazlı cəzalandırıla bilər

04-05-2019 02:31 / Bu xəbər 1252 dəfə oxundu

Penitensiar Xidmətin rəisi vəkildən şikayət edib

İctimai-siyasi fəalların hüquqlarını müdafiə edən daha bir vəkil - Fariz Namazlı da cəzalanlandırıla bilər. Artıq onun haqqında intizam icraatı başlayıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti yaxın vaxtlarda bu məsələyə baxıb, yekun qərarını verəcək.

F.Namazlının cəzalandırılması üçün Vəkillər Kollegiyasına şikayət edən isə Penitensiar Xidmətin rəisi, general Ceyhun Həsənov olub. O, məktubunda yazıb ki, F.Namazlı Qobustan qəsəbəsində yerləşən həbsxananın əməkdaşlarını təhqir edib, vəkilə yaraşmayan ifadələr səsləndirib. Generalın iddiasına görə, vəkil həbsxanaya daxil olarkən xüsusi qurğu ilə onu yoxlamaq istəyən nəzarətçilərə qarşı kobud davranıb. Əməkdaşlar da hadisəni aktlaşdırıblar.

F.Namazlı Meydan TV-yə açıqlamasında bildirib ki, Penitensiar Xidmətin rəhbərliyi bir neçə ay öncə şikayət edib. Vəkilin sözlərinə görə, akt əsassızdır, çünki orada yazılanlar həqiqətə uyğun deyil:

"Elə bir hadisə olsaydı, mənim yanımda aktlaşdırardılar. Buraxılış məntəqəsində bir neçə kamera var, görüntüləri qoyardılar ortaya, sübut edərdilər. Hətta mən özüm də görüntüləri almaq üçün Penitensiar Xidmətin rəisinə müraciət etmişəm. Özü də bir neçə dəfə. Vermədilər, yazdılar ki, nəzarət buraxılış məntəqəsindəki video kameraların yaddaş qurğusu yoxdur".

F.Namazlı istisna etmir ki, o, bir neçə ay öncə Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verdiyinə görə onun özünə qarşı qərəzli davranırlar.

Vəkil həbsxanaya hüquqlarını müdafiə etdiyi şəxslə görüşməyə gedərkən ayaqqabısının içinə qədər yoxlamaya məruz qalması, müvəkkilinin Avropa Məhkəməsinə şikayətilə əlaqədar yazdığı izahatın həbsxanadan çıxarkən onun əlindən alınması və s. hallarla əlaqədar Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verib.

İlyarım öncə - 2017-ci il noyabrın 20-də Penitensiar Xidmətin rəhbərliyinin müraciəti əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar vermişdi. Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusu Abbas Hüseynovun orada işgəncələrə məruz qalması barədə yazılı izahatına əsaslanaraq, bu barədə mediaya açıqlama verdiyinə görə Y.İmanovu dövlətçilik əleyhinə hərəkətlərdə, təxribat yaratmaqda ittiham etmişdilər.