Vəkil Qiyas İbrahimin işgəncəyə məruz qaldığını təsdiqlədi

Vəkil Qiyas İbrahimin işgəncəyə məruz qaldığını təsdiqlədi

09-07-2017 12:30 / Bu xəbər 1266 dəfə oxundu

İyulun 8-də vəkil Elçin Sadıqov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Qiyas İbrahimlə görüşüb.

Bu barədə Meydan.TV-yə danışan vəkil Elçin Sadıqov Qiyas İbrahimin müəssisə rəhbərliyi tərəfindən işgəncəyə məruz qalması haqqında sosial mediada yayılan məlumatı təsdiqləyib. 

Elçin Sadıqov deyib ki, bununla bağlı Qiyas İbrahimin özünün müraciəti var, müraciət mətbuata təqdim olunacaq.

Vəkil bildirib ki, Qiyas İbrahimin həyatı təhlükədədir:

"O, saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində işgəncəyı məruz qalıb. Özü məktubunda əhatəli yazıb. Məktubda Qiyas İbrahimin həbsxanaya gəldiyi gün yoxlanışa mane olması və suallara "qeyri-səmimi" cavab verilməsi bəhanəsi ilə 15 sutka "karser"ə salındığı qeyd olunub. Sonra əməkdaşlardan əməliyyat rəisinin təhqirinə cavab verdiyinə görə "karser"də rəis müavini Şakir Qəniyev tərəfindən döyülüb. Hansı səbəblə şərlənib həbs olunduğunu deməsinə baxmayaraq, rəis müavini onu qəsdlə narkotik cinayəti ilə yenidən ittiham etdiyinə görə, Qiyas bəy "narkotiki sizin kimilər satır" cavabını verib. Müavin isə "indi sübut edərəm sənə" deyib, buna görə onu əli qandallı rəisin otağına aparıblar və rəis Fikrət Qafarovun əmrilə yenidən döyülüb, xəsarət yetirilib. Rəis "sən çox danışırsan, ağıllanmalısan, qanun deyirsən, budur mənim qanunum, xoşuna gəlirmi?", - deyib və gənc məhbusu söyüşlə təhqir edib. Rəis Qiyas İbrahimə hədə-qorxu gəlib ki, səni "yükləyərəm", qapalı həbsxanaya Qobustana göndərərəm. Bütün bunlar Qiyas İbrahimin məktubunda qeyd edilib. İşgəncə nəticəsində gənc fəalın qulağı şişib”.

Elçin Sadıqov baş verənlərlə bağlı Respublika Prokurorluğuna şikayət edəcəyini bildirib.

 

 

Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

 

 

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun şikayətini icraata götürüb. 

 

 

Şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqları pozulub.