Vəkili Mehman Hüseynovla görüşüb

Vəkili Mehman Hüseynovla görüşüb

24-09-2017 09:35 / Bu xəbər 1189 dəfə oxundu

Sentyabrın 23-də vəkil Elçin Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloger Mehman Hüseynovla görüşüb.

Bu barədə Elçin Sadıqov "Facebook" hesabında  məlumat yayıb. Vəkil bildirib ki, sentyabrın 29-da Ali Məhkəmədə Mehman Hüseynovun kasasiya şikayətinə baxılacaq. Görüşdə əsasən bu məsələni müzakirə ediblər:

"Mehman Hüseynov həmin prosesdə iştirakından ötrü rəsmən müraciət edib. Qanunvericiliyin tələbinə görə, kasassiya şikayətinə baxılarkən onun iştirakı təmin edilməlidir. Görüşümüzdə Mehman Hüseynov onu müdafiə edən hər kəsə təşəkkürünü bildirdi”.

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bu il martın 3-də həbs olunub.

Polis rəisi iddia edirdi ki, M.Hüseynovun yanvarın 9-da başına torba keçirilib oğurlanması və daha sonra idarədə işgəncələrə məruz qalmasını söyləməsi böhtana söykənir. Ona görə Suraxanı Rayon Məhkəməsinə müraciət edib, bloqqerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəmişdi. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

M.Hüseynov ittihamın əsassız olduğunu bildirir. Deyir ki, onun işgəncəyə məruz qalması haqda açıqlaması tam həqiqətdir. Konkret Musa Musayevə gəlincə, nəinki onun adını çəkməyib, ümumiyyətlə, bu adamı tanımır.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Bloger azadlığa çıxan anda da işgəncələrə məruz qalması ilə bağlı məlum açıqlamasını vermişdi.