Vəkilinin və Müsavat başqanının Əfqan Muxtarlı ilə görüşünə imkan verilməyib

Vəkilinin və Müsavat başqanının Əfqan Muxtarlı ilə görüşünə imkan verilməyib

26-08-2019 16:07 / Bu xəbər 905 dəfə oxundu

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının bəzi məhdudiyyətlərlə üzləşdiyi bildirilir.

Bu barədə avqustun 24-də Əfqan Muxtarlı ilə telefonda danışan həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb:

"Əfqan Muxtarlı deyir ki, saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsindən vəkil Nemət Kərimliyə zəng vurmasına icazə verməyiblər. Həmçinin, ona göndərilən kitab və pulu çatdırmayıblar”- deyə Leyla Mustafayeva qeyd edib.

Leyla Mustafayevanın sözlərinə görə, jurnalist ona qarşı təxribat ola biləcəyini ehtimal edir:

"Deməsinə görə, cəzaçəkmə müəssisəsində vəziyyət gərginləşib. Bir dostu ona poçt vasitəsilə pul gondərib. Verməyiblər, deyiblər ki, gələn həftəyə qaldı”.

Ötən gün vəkil Nemət Kərimlinin və Müsavat başqanı Arif Hacılının Əfqan Muxtarlı ilə görüşməsinə imkan verilməyib.

"Əfqan Muxtarlı ilə görüşmək üçün vəkil Nemət Kərimli, Müsavat Məclis üzvləri Yusif Tağı və Zakir İsmayılla birlikdə uzun müddət özümün də saxlanıldığım Ramana həbsxanasına getdik. Köhnə tanışlar sevinclə qarşıladılar. Üzləri gülürdü. Rəhbərliklə danışdıqdan, yuxarılara zənglərdən sonra üzlərdə gülüşlər dondu. Buraxmadılar. Amma nə olsun. Bir neçə saat siyasi məhbus Əfqan Muxtarlı üçün sayğı duruşunda olduq. Buradan salamlarımı göndərirəm, əziz dost.  Sənə möhkəm ol demirəm, möhkəm olduğunu bilirəm. Həbsdən də daha da bərkimiş çıxacaqsan. Bunu da bilirəm. Əfqan Muxtarlıya və bütün siyasi məhbuslara azadlıq!” – deyə Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

Məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.///Bastainfo