Vətəndaş Cəmiyyətinin həmməruzəçilərin səfərindən gözləntiləri... - Var, yox?..

Vətəndaş Cəmiyyətinin həmməruzəçilərin səfərindən gözləntiləri... - Var, yox?..

12-01-2017 19:36 / Bu xəbər 1213 dəfə oxundu

Bu gün - yanvarın 12-si Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Predanın Azərbaycana səfəri başlayır. Səfər çərçivəsində həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək. Stefan Schennach və Cezar Florin Preda-nın Bakıda Azərbaycan prezidenti, parlamentin sədri, ədliyyə, daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırılır. Bundan başqa, onlar vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşməlidirlər.

Maraqlıdır, bəs Vətəndaş Cəmiyyəti üzvlərinin AŞPA həmməruzəçilərinin səfərindən gözləntiləri nədir? 
 
Oqtay Gülalıyev: "Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərlə korrupsiya əlaqəsinə giriblər"

Oqtay Gülalıyevın cinayət işinə xitam verildi
Hüquq müdafiəçisi Oqtay Gülalıyev Toplum Tv-yə bildirib ki, həmməruzəçilərin fəaliyyəti ilə bağlı suala birmənalı cavab vermək çətindir: "Ötən təcrübə göstərdi ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı mövqeyi daha çox hakimiyyətin mövqeyi ilə üst-üstə düşür. Bu günə qədər olan bir çox məsələlərdə onlar Azərbaycanda insan haqlarının, demokratiyanın, azad seçkinin deyil, hakimiyyətin yürütdüyü antidemokratik siyasəti dəstəkləyiblər. Bir neçə il bundan qabaq Azərbaycanda insan haqlarının durumu, siyasi məhbus problemi ilə bağlı təyin olunan qrupun hazırladığı hesabatın AŞPA-da keçməsindən sonra məlum oldu ki, hesabatın qəbul olunmaması üçün Avropa Şurası Parlament Asssambleyasının məsul şəxsləri Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərlə korrupsiya əlaqəsinə giriblər. Bütün bunlar onu deməyə əsas verir ki, AŞPA Azərbaycanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmaqdansa, daha çox ayrı-ayrı şəxslərin bu və ya digər formada faydalanmasına xidmət edir. Mən bu səfər barədə yüksək fikirdə deyiləm, amma bütün hallarda bu səfərlərin baş verməsi normal haldır. Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın qurum qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı prinspial mövqe tutmalıdır”.
 
Xalid Bağırov: "Avropa Şurasının təmsilçiləri ilə görüşməkdən imtina edirəm"
 
Konstitusiya günü və ya Azərbaycan sillogizmi
Hüquqşünas Xalid Bağırov həmməruzəçilərin fəaliyyətinə etimad etmədiyini deyib:”Məruzəçilərin axrıncısını Andres Herkelin timsalında gördük. Bundan sonra biz əməlli-başlı məruzəçi görməmişik. Sadəcə, görüntü üçün gəlib-gedirlər. Ümumiyyətlə, mən Avropa Şurasının təmsilçiləri ilə görüşməkdən belə imtina edirəm. Hansı ki təmsilçilər məlumat göndərirlər ki, gələndə görüşüb, məlumat alsınlar. Avropa Şurasının bu strukturunun fəaliyyətini ciddi saymıram". 
 
İntiqam Əliyev: "Hökumətdən məlumat alıb bəyanat yayırlar" 
 
Image result for İntiqam Əliyev
Hüquqşünas İntiqam Əliyev da AŞPA həmməruzəçilərinin səfərinin formal xarakter daşıdığını bildirib: ”Əslində pozitiv bir şeylər demək istərdim. Amma son illərin təcrübəsi göstərir ki, bu cür səfərlər ölkəyə nə insan haqları, nə demokratiya anlamında bir şey verir. Bu daha çox formal xarakter daşıyır. Bir qayda olaraq bu adamların ölkəyə səfər zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin verdiyi məlumatlardan daha çox hökumətdən alınan məlumatlarla islahat xarakterli bəyanatlar verirlər. Buna görə də bu səfərin yekunu barədə çox da optimist deyiləm. Son dövrlərdə AŞPA-nın hesabatı ilə bağlı baş verənlər, eyni zamanda ölkədəki durum, insan haqlarının pisləşməsi fonunda düşünürəm ki, bu dəfə daha obyektiv qərar versələr, yaxşı olar. Amma hələ ki xüsusi gözləntilərim yoxdur”.
 
Səidə Qocamanlı: "Topladıqları hesabatları AŞPA-ya təqdim edirlər”
 
Image result for Səidə Qocamanlı
İnsan hüquqları müdafiəçisi Səidə Qocamanlı bu səfərləri işgüzar səfər kimi qiymətləndirib: ”Azərbaycanın Avropa Şurasına daxil olduğu 16 ildə həmməruzəçilər təyin olunur, dəyişdirilir. Həmməruzəçilərin Azərbaycana olan səfərləri, sadəcə, işgüzar səfərdir. Həmməruzəçilər həm dövlət strukturları, həm də qeyri-hökumət təşkilatları ilə görüşüb məlumatları toplayırlar. Topladıqları hesabatları AŞPA-ya təqdim edirlər”.
 
Aydın Mirzəzadə: "Müsbət nəticələr olacaq" 
 
Картинки по запросу aydın mirzəzadə
Deputat Aydın Mirzəzadə məsələyə münasibət bildirərkən həmməruzəçilərin Azərbaycanla bağlı yekun hesabtlarının nəticəsinin müsbət olacağını vurğulayıb: ”Azərbaycan 1996-cı ildən 2001-ci ilə - AŞPA-ya qəbul olana qədər Şuranın üzv olacaq dövlətlərə yönəldilən bir çox tələbləri yerinə yetirib. Azərbaycanın AŞPA-ya qəbulundan sonra ölkədəki qanunvericilik Şuranın yüksək tələblərinə uyğunlaşdırıldı, AŞPA-nın bütün məsələlərə dair məlumat əldə etmək, eyni zamanda Azərbaycanın hakimiyyət orqanları ilə fikir mübadiləsi yürütmək üçün münbit şərait yaradıldı. Azərbaycan üzv olduğu 16 il ərzində Avropa Şurasının ən fəal üzvlərindən biri olub. Azərbaycan Avropa Şurasının nüfuzunun qalxmasına, dəyərlərinin Avropa məkanında və ondan kənarda yayılmasında böyük rol oynayır. Bu müddət ərzində Azərbaycan özünün daxili həyatı, siyasi münasibətləri, hüquqi bazasını Avropa Şurasının yüksək tələblərinə tamamilə uyğunlaşdırıb. Bu şuraya yeni üzv olmuş ölkələrin monitorinqdən çıxma prosesi çox uzun çəkir. Məsələn, Türkiyənin bu monitorinqdən çıxması üçün 40 il zaman lazımdır. Əvvəlki illərdə əgər hər 6 aydan bir Avropa Parlamenti Assambleyasında öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə edilirdisə, zaman keçdikcə artıq dinlənilmə vaxtı uzadılır. Builki səfər də uzun müddətli fasilədən sonra Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Azərbaycan hökuməti bu səfər üçün yetərli şərait yaradıb. Hesab edirəm ki, həmməruzəçilərin Azərbaycanla bağlı yekun hesabatı kifayət qədər yüksək olacaq”.

Azərbaycan Respublikası 2001-ci ildən etibarən Avropa Şurasının üzvüdür.

Ofelya Ramilqızı