Vətəndaş "Padişah Xalı"dan şikayətçidir - YENİƏNİB

Vətəndaş

18-11-2018 22:58 / Bu xəbər 2081 dəfə oxundu

Bakı sakini Günel Manaflı "Padişah Xalı" (xalça yuma, pərdə yuma, ev və ofislərin yığışdırılması və s.), şirkətindən şikayətçidir. 

O bu barədə sosial şəbəkədə status yazıb. 

G. Manaflı yazır: "Padişah xalı" təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. 26 sentyabrda gəlib 3 pərdəmi apardılar. Sentyabrın 29-u isə gətirib asdılar. Pərdələrimdən birini yanmışdı. Pərdəni gətirib asanlara pərdənin niyə bu cür buruş-buruş olduğunu soruşduqda onlar yaxşı ütülənmədiyini asılı vəziyyətdə 5-10 günə düzələcəyini dedilər. 5-10 gün oldu 1 ay. Yenidən zəng edib pərdənin bərbad vəziyyətdə olduğunu dedim. Operator xanım isə bağıraraq "gedin hara istəyirsinizsə şikayət edin, əlinizdən gələnin 5 qat artığını edin, biz he çnə edən deyilik", dedi". 

Bundan sonra G. Manaflı Azad İstehlakçılar Birliyinin sədri ilə əlaqə saxlayıb və istehlakçı kimi hüququnun pzoulduğunu bildirib: "Azad İstehlakçılar Birliyinin sədri Eyyub Huseynova zəng edərək hüquqlarımı müdafiə etməsini xahiş etdim. Eyyub bəy məsələyə qarışandan sonra noyabrın 10-u gəlib pərdəni apardılar ki, problemi həll edəcəyik. Şirkət öncə bildirdi ki, sizə dəymiş ziyanı ödəyəcəyik və ya pərdənin eynisini alıb verəcəyik. Amma artıq şirkət fərqli bir mövqedədir və deyir ki, biz əməkdaşımızıTürkiyəyə göndərmişik və o sizə ona oxşayan fərqli bir pərdə alıb gətirəcək. Artıq məndə şirkətə qarşı güvənsizlik yarandığı üçün məntiqlə düşünəndə də ki şirkət eyni olmayan bir pərdə üçün niyə Türkiyəyə işçisini göndərsin. Pərdənin Bakıdan almayan şirkət, niyə əlavə xərclər çəkib Türkiyəyə işçi göndərir? Axı pərdəmin pulunu ödəmək ondan daha ucuz başa gələ bilər. Həm də mənim tələbim pərdəmin eynisidir, oxşarı və ya fərqlisi deyil. Mənim bir müştəri olaraq hüquqlarım pozulur. Ən önəmlisi toplumla işləyən bir şirkət vətəndaşın mövqeyinə və öz adına hörmət etmir. Sonuncu danışığımızda da bildirdik ki, əgər bu problem həll edilmirsə, biz məsələni ictimailəşdirəcəyik".

Onun sözlərinə görə, sözügedən şirkət vergidən yayınır: "Birincisi şirkət vergidən yayınmaqla məşğuldur. Müştəriyə verdiyi qəbizlərdə heç bir möhür yoxdur. Bəzən də qəbz vermir, sadəcə müştərinin telefon nömrəsini götürür. İkincisi, şirkət bizə ziyan vurub. Görünən odur ki, şirkət tərəfindən zərərə uğramış yalnız biz deyilik. Tələbim pərdəmin eynisinin alınması və ya pulunun ödənilməsidir. Pozulmuş hüququmun bərpası üçün də hara lazımdır müraciət edəcəyəm! Önəmlisi hər bir vətəndaşın öz hüquqlarını qorumasıdır. Biz susduqca, hüquqlarımız daha çox pozulacaq".

Arqument.Az problemlə bağlı "Padişah Xalı" şirkətinə sorğu göndərsə də, hələ ki məsələyə münasibət bildirilməyib. 
 
Qurumun ünvanı Səməd Vurğun, 116, Bakı, Nəsimi, AZ1022 göstərilsə də, internetdə yerləşdirilən (+994 12) 555-50-53, (+994 55) 504-50-50, (+994 51) 504-50-50, (+994 70) 504-50-50 mobil əlaqə nömrələri də cavab verməyib. 
 
***
 
"Padişah Xalı" şirkətinin sözçüsü Aybəniz Behbudova Arqument.Az-a bildirib ki, müştəri Günel Manaflıya yeni pərdə təklif olunub: "Biz deməmişik ki, əməkdaşımızı Türkiyəyə göndərmişik. Demişik ki, əməkdaşlarımızdan orada olan var və gələndə sizə həmin pərdə eyni rəngdə, amma daha modern forması gətiriləcək. Biz daha çox mallarımızı Türkiyədən gətiririk. Əslində, daha qiymətli pərdə təklif etmişik, amma müştəri razılaşmayıb və məsələni ictimailəşdirib. Hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Huseynova da zəng edib. O da bizimlə danışdı. Biz problemi həll edəcəyimizi dedik. İndiyə qədər heç bir müştərini incitməmişik. Biz şirkət olaraq, vətəndaşlara xidmət edirik. Günel xanım isə bizim təklifimizlə razılaşmayıb. Deyir ki, onda pərdənin pulunu ödəyin, özüm alım. Əgər biz onun problemini həll etməsəydik, o, belə bir addım ata bilərdi. Faktiki biz problemi həll etməkdə maraqlıyıq, amma müştəri razılaşmır. Dedik ki, eyni pərdəni gətirərik, amma ola bilər sizdə 3 naxışdır, burada 4 naxış olsun. Nə problem var ki, burada?".
 
G. Manaflı isə şirkətin dedikləri ilə razışlaşmayıb. O bildirib ki, şirkət götürdüyü öhdəliyə uyğun olaraq, dəymiş ziyanı ödəməyə borcludur: "Pərdəni yumağa aparıblar, amma yandırıblar. Qaydaya görə onlar dəymiş ziyanı ödəməyə borcludurlar. Mən normal şəkildə onlara dedim ki, eyni pərdədən istəyirəm. Başqa çeşid lazım deyil bizə. Dedilər, eyni çeşid olmaya bilər. Dedim, onda gedib mağazada qiymətini öyrənin və mənim pərdəmin pulunu, yəni mənə dəymiş ziyanı ödəyin, gedib özüm alım. Hələ də onlardan cavab gözləyirəm. Əgər problemi həll etməsələr, məhkəməyə müraciət edəcəyəm".