Vətəndaşı söyən polis mayoru ilə bağlı rəsmi açıqlama

Vətəndaşı söyən polis mayoru ilə bağlı rəsmi açıqlama

16-01-2017 15:47 / Bu xəbər 1452 dəfə oxundu

Bir sıra saytlarda və sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi barədə görüntü yayılıb.

"Qafqazinfo” sözügedən kadrlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. K. Əliyev yayılan videodan xəbərdar olduğunu qeyd edib: "Hazırda araşdırma aparılır. Müəyyənləşdirilsin ki, videodakı kimdir, nəyə görə söyüş söyür. Dəqiqləşdirmək lazımdır ki, o həqiqətən də yol polisi işçisidirmi? Araşdırmanın nəticəsi bilinəndən sonra həmin şəxs barəsində tədbir görüləcək”.

Qeyd edək ki, Şirvan şəhərində Dövlət Yol Polisinin vəzifəli şəxslərindən biri, polis mayoru  Məmmədsadiq Nagıyev şəhərdəki telefon dükanlarından birinin sahibi Anar Məmmədovu yerli polis bölməsinin binasında əvvəl ağır söyüşlərlə təhqir edib,  sonra isə həbs edib. Anar Məmmədovun polis bölməsində həm də döyüldüyü bildirilir.
 
Bu haqda "Basta”ya yerli oxucularımızdan biri məlumat verib. Mənbə hadisənin videosunu də redaksiyamıza təqdim edib. Hadisənin yanvarın 14-də axşam saatlarında baş verdiyi bildirilir.
 
"Anar Məmmədov dostunun avtomobilində sərnişin olub. Sürücü dostunun DYP mayoru ilə mübahisəsini telefona çəkdiyi üçün onu bölməyə aparıblar. Bölmədə polis mayoru onu söyməyə başlayıb, bundan sonra isə onu həbs ediblər. Bu video polis bölməsində çəkilib. DYP-də eyni binada yerləşir”, – mənbə bildirir.
 
Məlumata görə, Anar Məmmədov polisə müqavimət göstərməkdə ittiham olunur və ondan azadlığa çıxması müqabilində 1000 manat tələb edilir.
 
Şirvan polis bölməsinin növbətçi hissəsində hadisə ilə bağlı sualımıza cavab verməkdən imtina ediblər.