VHP 25 illiyini qeyd edir

VHP 25 illiyini qeyd edir

26-09-2017 00:25 / Bu xəbər 1112 dəfə oxundu

Vətəndaş Həmrəyliyi Partiyası 25 illiyini qeyd edir.

Bu barədə Partiya rəsmi məlumat yayıb. 

Məlumatda bildirilir ki, 25 il öncə senyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyası təsis edilib: "Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məhsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar olub: Qəmbər Əsgərov, Cəbrayıl Əlinağıyev, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eyvaz Borçalı, Bəhmən Sultanlı, İslam Qəribov, Valeh Əliyev, Malik Mehdiyev, Elxan Mirzəyev, İbrahim Əliyev, Əjdər Qasımov, İdris Dadaşov, Aydın Səlimzadə, Məsiağa Məhəmmədi, Telman Vəlixanlı, Telman Qardaşov, Ənvər Əliyev, İmamverdi İsmayılov, Zeydulla Ağayev, Şaban Şahbazov, Mədət Rüstəmxanlı, Rafiq Vəlizadə, Aslan Quliyev, Arkadi Şuyski, Sevinc Rüstəmova, Nadir İbadov, Sadıq Həşimov, Məmməd Kazım, Şəfi Danıyalov, İbrahim Yüsifzadə və başqaları..."

Məlumatda həmçinin qeyd olunur ki, Müsavat Partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş  dünyamızda vətəndaşlıq amilinin  və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin varoluşu və gəlişməsi baxımından önəmini irəli çəkib: 

"Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji  sistem  VHP liderinin 25 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksiyonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirib. Partiyanın 25 il öncə, təsis qurultayında irəli sürülən "Nicatımız - Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühitində öz  əhəmiyyətini saxlayıb. 

VHP 25 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə  milli dövlətçiliyin qorunub saxlanılması,  sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə  vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər  vətəndaş həmrəyliyinin  Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut edib. 

Bu gün 80-ə yaxın bölgə təşkilatında  VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir.  Azərbaycanın işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.  25 il öncə irəli sürdüyümüz şüar bu gün də qüvvədədir: 

Nicatımız- Vətəndaş Həmrəyliyindədir!

Partiyanın 25 illiyi münasibəti ilə bütün təşkilatlarımızı, partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq".