Vurğun Əyyubun qızı atasından yazdı

Vurğun Əyyubun qızı atasından yazdı

26-10-2019 00:12 / Bu xəbər 2641 dəfə oxundu

Ləman Vurğun

Bu gün atamın doğum günüdür, atam barədə danışmaq mənim üçün olduqca çətindir. Xəstəliyini eşitdiyimiz gündən bunu qəbull edə bilmirdik, ailəmiz və yaxınları hər şeyin düzələcəyinə ümid edərək mübarizə aparırdıq. 

Vəziyyəti günü-gündən pisləşsə də, sonunun nə ilə nəticələnəcəyini bilsək də atamdakı inam, mübarizə bizi heyrətə salır, ruhlandırırdı. İndi də həyatda olmadığını qəbul edə bilmirik. Atam istər siyasi, istərsə də pedoqoji fəaliyyəti ilə bağlı tez-tez rayonlara, xarici ölkələrə səfər etməli olurdu. 

İki il yarım Türkiyənin Kars şəhərində Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq çalışmışdı. Buna görə də həyatımızın müəyyən dönəmlərində ondan ayrı qalmalı olmuşduq. Atam vəfat etdikdən sonra da bizə elə gəlirdi ki, sanki yenə başqa bir ölkədədir, qayıdacaq. Artıq 1 ay keçib, amma nə özü gəlir, nə də telefon zəngi gəlir... 

Vaxt keçdikcə içimizdəki boşluq daha da böyüyür, yoxluğu daha da çox hiss olunur. Deyirlər ki, zaman hər şeyin dərmanıdır, amma hər keçən gün sanki bizə atamızın artıq bu dünyada olmadığını xatırladır. Bizə təsəlli olaraq şəkillərinə, videolarına baxmaq qalır. Xəstəliyi dönəmində düşünürdüm ki, bundan böyük mənəvi əziyyət ola bilməz, bu dünyada ən sevdiyin insanın əziyyət çəkdiyini görmək və ona kömək edə bilməmək... 

İndi isə görürəm ki, ən sevdiyin insanın həyatda olmaması daha çətindir. Sadəcə bütün bu dövr ərzində yanında olmaq, qulluğunda durmaq təsəlli yerimizdir. Kaş ki bu şəkildə sonlanmayaydı, birlikdə daha çox günlərimiz olaydı, bizə, tələbələrinə öyrədəcəyi hələ çox şeylər var idi, həmçinin özünün yarımçıq qalmış işləri...

Qulluğunda durduğum zamanlar mənə deyirdin ki, sağalan kimi səninlə Türkiyənin bütün şəhərlərini gəzəcəm. İndi isə mən münasib zaman olan kimi əvvəllər heç görmək həvəsində olmadığım həmin yerləri sən istədiyin üçün səni yanımda hiss edərək səyahət edəcəyəm, arzunu reallaşdıracağam.

Atamdan soruşanda ki ədəbiyyatı bu qədər sevirsən, niyə şeir yazmırsan? Atam cavab verərdi ki, mənim yazmaq istədiklərimi Məmməd Araz və Ramiz Rövşən yazıb. 

Məmməd Arazın demək olar ki, bütün şeirlərini əzbər bilirdi, son müsahibəsində də deyir ki, bilmirəm özümündür, ya başqasının, 2-3 misra hey beynimdə dolanır...

Mən getsəm, dərələr dağlar qalacaq,
Buludlar qalacaq, ağlar qalacaq.

M.Araza mənsub olan bu misralar atamın ruh halına çox uyğun idi, ona görə də bu misralar onun dilindən düşmürdü.

Məni, ailəni, yaxınlarını, bütün səni sevənlərini ağlar qoydun, Ata... Doğum günün mübarək! Hüzur içində uyu.. Bu dünya bizə heç ədalətli davranmadı, səni bizdən ayırdı, başqa bir dünya varsa, ümid edirəm ki, orada birlikdə olacağıq...

Sevərdi haqq-ədaləti,
Yox idi kin-küdurəti,
Var idi eldə hörməti,
Belə idi mənim atam.

Heç vaxt özünü öymədi,
Kimsəyə boyun əymədi,
Dilinə haram dəymədi,
Belə idi mənim atam.

Getdi, gəlməz gözəl çağım,
Bir də dönməz o növrağım,
Ürəyimə çəkib dağı,
Belə getdi mənim atam... (Elçin Məlhəmli)