“Whatsapp” Azərbaycanda niyə bloklandı?

“Whatsapp” Azərbaycanda niyə bloklandı?

17-05-2017 18:00 / Bu xəbər 2536 dəfə oxundu

Bir neçə gündür ki,  "Whatsapp” və "Skype” internet resurslarında problem yaranıb. 

Sosial şəbəkələrdə gedən müzakirələrdə vətəndaşların əksəriyyəti  "Whatsapp” və "Skype” proqramlarının hökumət tərəfindən bloklandığını iddia edir. Ancaq bu barədə hər hansı rəsmi məlumat yoxdur. 

"Sahil” İnformasiya Texnologiyaları şirkətinin direktoru Vahid Qasımov Toplum Tv-yə deyib ki, "Whatsapp”  və "Skype”la bağlı problemlər xaricdə də müşahidə olunur. Onun sözlərinə görə, rəsmi açıqlama verilmədən bu iddiaların hamısı şayiə olaraq qalacaq: 

""Whatsapp” və "Skype”-ın işləməməsinin 3 səbəbi ola bilər: mobil operatorlar və ya provayderlər tərəfindən blok qoyula bilər, yaxud da şirkətin özü bloklayar. İddialar o istiqamətdədir ki, bu iki proqram Azərbaycan şirkətləri tərəfindən bloklanıb. Aldığım məlumata görə, "Whatsapp”  və "Skype”-la bağlı problemlər xaricdə də müşahidə olunur. Burdan belə bir nəticə çıxarmaq olar ki,  şirkətlərin özündə hər hansı bir problem var. Ona görə də düşünürəm ki, bu, Azərbaycanla bağlı problem deyil. Bu problem barədə nə"Whatsapp”,  nə də "Skype” rəsmi açıqlama verib. Deyilənlərin hər biri şayiə olaraq qalır”. 

 Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə açıqlamasında məhdudiyyətlərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən həyata keçirildiyini vurğulayıb: 

"Bir neçə gündür ki "WhatsApp” və "Skype” ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edilib. Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN –nin göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib.  Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır.Düşünürəm ki , bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur. Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-nin açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var. Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır. Fikrimcə, hökumətin bu tip qlobal resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi, onların resurslarının burada yerləşdirilməsi istiqamətidə işlərin aparılması daha doğru addım olardı. Ən yüksək standartlı, regionda ən nəhəng Regional Data Mərkəzin, həmçinin Delta Telekomun Data mərkəzlərinin olduğunu nəzərə alsaq, bu cür bloklanmanın da gələcəkdə bu mərkəzlərin biznesinə də problem yaradacağını düşünürəm. Hansı ki bu resurslar ölkəyə xeyli valyuta gətirə bilərdilər”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Toplum Tv-nin çoxsaylı zənglərini cavabsız qoyub. 

Qurumun iddiası əsasında Səbail Rayon Məhkəməsi Azərbaycanda   "azadlıq.info”, "azadlıq.org”, "azerbaycansaati.com”, "meydan.tv” saytlarının  və "Turan" internet kanalının bloklanması barədə qərar qəbul edib.