Xalid Bağırov üçün imza kampaniyasına başlanılıb

Xalid Bağırov üçün imza kampaniyasına başlanılıb

26-04-2020 01:35 / Bu xəbər 2374 dəfə oxundu

Ali Məhkəmənin Plenum İclasında Real sədri, keçmiş siyasi məhbus İlqar Məmmədova bəraət verilib və qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya təyin edilib.
 
Bundan sonra isə onun vəkili olmuş Xalid Bağırovun da Vəkillər Kollegiyasına bərpa olunması ilə bağlı məsələ aktuallaşıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədov haqqında çıxardığı 7 il azadlıqdan məhrumetmə cəzasına Şəki Apellyasiya Məhkəməsində baxılarkən Xalid Bağırov ölkədəki məhkəmə-hüquq sistemini tənqid etmişdi. 

Vəkil bu tənqidindən dolayı Kollegiyadan xaric edilmişdi.

Hazırda bir qrup aktivist Xalid Bağırovla bağlı imzatoplama kampaniyasına başlayıb.

Bu barədə Arqument.Az-a aktivistlər məlumat veriblər. 

Petisiyanın mətnində deyilir: "Ali Məhkəmənin Plenum iclasında Real sədri İlqar Məmmədova bəraət verilib və qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya təyin edilib.

Vəkil Xalid Bağırov İlqar Məmmədovun müdafiəçisi olarkən məhz bu gün Ali Məhkəmənin Plenumu tərəfindən qərarı ləğv edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsi barədə Şəki Apellyasiya Məhkəməsində "Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı, belə qərar verilməzdi” dediyi üçün Vəkillər Kollegiyasından xaric edilmişdi.

Ali Məhkəmə İlqar Məmmədovla bağlı verdiyi bəraət qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədov barəsində çıxardığı hökmünü də ləğv edərək həmin hökmün qanunsuz və ədalətsiz olduğunu elan etdi. Ali Məhkəmə, beləliklə, Xalid Bağırovun həmin vaxt səsləndirdiyi fikirləri təsdiqlədi.

Bu səbəbdən vəkil kimi Xalid Bağırov Kollegiyaya bərpa olunmalı və itirdiyi fəaliyyət dövründəki ehtimal qazancı hesablanıb geri qaytarılmalıdır!”

"Necə xaric etmişdilərsə, bərpa etmək üçün özləri eyni əzmlə çalışsınlar"

Mövzu ilə bağlı "Açıq Azərbaycan"a danışan Xalid Bağırov Kollegiyaya bərpa olunmaq üçün heç kəsə müraciət, xahiş və ya tələbdə etmək fikrində olmadığını deyib: "Hesab edirəm ki, məni necə Kollegiyadan xaric ediblərsə, özləri eyni əzmlə bərpa etməyin yollarını arasınlar. Mən inanmıram ki, bunun üçün əlahiddə bir şey lazımdır". 

"Vəkillər Kollegiyası özü qərar verərək daha öncə xaricetmə ilə bağlı almış olduğu qərarını geri götürə və üzvlüyümü bərpa edə bilər. Bunu etməkdə Kollegiyaya heç bir maneə yoxdur. Mən nə müraciət etmək, nə də hər hansı bir müzakirə etmək fikrindəyəm. Çünki mənim Vəkillər Kollegiyasına bərpa edilməyim müzakirə olunacaq mövzu deyil”, - o bildirib. 

Arqument.az