Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır

Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır

22-08-2019 18:43 / Bu xəbər 249 dəfə oxundu

Məmur özbaşınalıqları artıq çuvala sığmaz hala gəlib. Xüsusilə, iri çaplı məmurların və qohumlarının əməllərindən əhali cana doyub.
 
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov ilə bağlı şikayətlər də ilk dəfə deyil. 

Bir müddət öncə oğlu, SOCAR-ın Türkiyədəki sabiq təmsilçisi Kənan Məmmədovun adı FETÖ işində hallanırdı. Məhz bu səbəbdən Türkiyədən çağırıldıqdan sonra şirkətlə də əlaqəsi kəsildi. Ancaq Xalik Məmmədovun FETÖ işinə görə, istintaqa çağırıldığı deyilsə də, postunu qorudu. 

Ancaq görünən odur ki, Xalik Məmmədov postunu qorumaqla kifayətlənməyib, tam əksinə, daha da güclənib. Gücləndiyi üçün də qardaşını "Azərçay”ın rəhbəri təyin etdirərək, bu yolla cənub regionunda "Cəhri qaşığı” funksiyasını icra etməkdədir. Hər halda cənubdan gələn şikayətlər bunu deməyə əsas verir. 

Məsələn, 68 yaşlı II qrup əlil və təqaüdçü Nəzir Nəzirli yazır ki, "On səkkiz nəfər ailə üzvüm var. Lənkəran rayonu Girdəni kəndində yaşayan sadə zəhmətkeş Azərbaycan vətəndaşıyam. Bizim dolanışımız torpaqla bağlıdır. 

Lənkəran rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 08 saylı qərarı ilə mənə və ailə üzvlərimə iki dövlət aktı ilə 1.09 ha və 0.16 torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədovun tapşırığı ilə qardaşı, "Astaraçay” MMC-nin direktoru Tələt Məmmədov və digər əlaltıları vasitəsi ilə zəbt edilmişdir. 

Onlar tərəfindən zəbt edilmiş mülkiyyətimizdə olan torpaq sahələrinin özbaşına tutulması nəticəsində biz 4 ildir faktiki mülkiyyətimizdən məhrum olunmuşuq. Həmin torpaq sahələrində çay bitkisi əkilərək becərilir. Eyni zamanda becərilmiş çay yığılır və həmin sahədən mənfəət əldə edilir. Bizə həmin torpaq sahələri verilib ki, həmin torpaq sahələrini əkib becərək, ailəmiz maddi təminatını ödəyək.

Mülkiyyətimizdə olan torpaq sahələrinin zəbt olunması ilə bağlı hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikası Milli Məclisinə və digər qurumlara göndərdiyim şikayətlərə qanunamüvafiq surətdə baxılmır.

Həmin şikayət məktubları bizim şikayətçi olduğumuz "Astaraçay” MMC-nin yerləşdiyi Astara rayonu Çayoba kəndində yerləşən çay fabrikinə göndərirlər. Həmin müraciətlərə də baxılmır.  Torpaq sahəsinin zəbt olunmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin dispoziosiyasına əsasən torpaq sahələrinin qanunsuz zəbt olunması cinayət məsuliyyətinə səbəb olsa da, qanunvericiliyin norması həmin şəxslərə tətbiq edilmir. Çünki, "Astaraçay” MMC-nin direktoru Tələt Məmmədovun arxasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov durur”.  

Xalik Məmmədovla bağlı şikayət bununla da yekunlaşmır. Şikayətçi torpaqlarını sotu 50 manatdan Xalik Məmmədovun qardaşına satmadığı üçün oğlunun şərlənərək, həbs olunduğunu da iddia edir. 

Başqa bir şikayətdə ARDNŞ-a eks-spiker Rəsul Quliyevin dönəmində gələn Məmmədovun ixtisarlarla savadlı kadrları şirkətdən uzaqlaşdırdığı, nədənsə əcnəbilərə üstünlük verdiyi bildirilir. 

Sonda qeyd edək ki, Xalik Məmmədov təkcə SOCAR içində deyil, ümumiyyətlə, Azərbaycanda fətullahçı şəbəkənin əsas adamlarından biri sayılır. Yuxarıda qeyd etdiyimiz kimi, adı FETÖ işinə görə istintaqa çağırılanlar arasında hallansa da, sonradan bu məsələnin üstü örtüldü. Baxmayaraq ki, Türkiyənin bu barədə yazan qaynaqlarında da Xalik Məmmədovun ismi ön plandaydı. Hansısa əllər onu qorudu. Necə ki, o, uzun müddət fətullahçı liseylərin və sahiblərinin qorunmasında, hətta Azərbaycanda qalmasında mühüm rol oynamışdı.

Mənbə: "İstiqlal.az"ın Analitik təhlil şöbəsi