"Xalq seçməyib, Prezident Adminstrasiyası təyin edib" - Deputatı hansı cəza gözləyir...

26-12-2016 21:43 / Bu xəbər 2273 dəfə oxundu

"Deputatların ancaq cinayət hüququnda toxunulmazlıqları var, mülki məsuliyyətdə toxunulmazlıqları yoxdur. Bu baxımdan onlar hüquqi cəhətdən dedikləri sözün məsuliyyətini daşıyırlar”.
 
Ələsgər Məmmədli: "Siyasi məsuliyyətin gərəyi istefadır"

Bunu Toplum.Tv-yə hüquqşünas Ələsgər Məmmədli seçkili orqanlarda təmsil olunan və toxunulmazlığı olan şəxslərin xalqa yönəlik təhqirlərinə hansısa formada hüquqi cəzaların verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 
Картинки по запросу Ələsgər məmmədli
Hüquqşünasın sözlərinə görə, seçkili orqanların yeganə hesabat verməli olduqları tərəf xalq - seçicilərdir: "Əgər seçkili orqan formalaşanda onu xalq yox, hansısa iradə formalaşdırırsa, onların da xalq qarşısında hesabat vermə anlayışı ortadan qalxır. Onları təyin edənlər qarşısında "hesabat” anlayışı yaranır. Bu da nəticə etibarilə həmin şəxslərin bəzən məsuliyyətsiz, xalqın hansısa təbəqəsini təhqir edən ifadələr sərf etməsilə nəticələnir. Birinci problem odur ki, həmin seçkili orqanların formalaşması prosesində xalqın birbaşa iştirakı olmadığından bu problem baş verir. Hesab edirəm ki, onlar "siyasi məsuliyyət"in gərəyi olaraq postu tərk etməlidirlər. Yəni əgər deputat xalqı təmsil etməli olduğu postda xalqı aşağılayırsa, həmin postda durmamalıdır. Həmin xalq nəticə etibarilə deputatı orada saxlamamalıdır. Siyasi mədəniyyət onu tələb edir ki, ilkin olaraq "siyasi məsuliyyət” yaransın. Siyasi məsuliyyətin də gərəyi istefadır. Hüquqi məsuliyyətə gəldikdə isə Konstitusiyaya görə deputatların ifadələrinə görə toxunulmazlıqları var.  Lakin bu daha çox siyasi toxunulmazlıqdır. Fərdə və ya fərdlər qrupuna birbaşa yönələn aşağılayıcı ifadələr Azərbaycan qanunvericiliyində məhkəmə mübahisələndirilməsi açılmaqla zərər görmüş tərəflərin bunu konpensasiya etmə imkanları olur. Millət vəkillərinin ancaq cinayət hüququnda toxunulmazlıqları var. Mülki məsuliyyətdə isə toxunulmazlıqları yoxdur. Bu baxımdan onlar hüquqi cəhətdən dedikləri sözün məsuliyyətini daşıyırlar. Bilavasitə hədəf olan şəxslər bu ifadələri mübahisələndirə bilərlər”.
 
Aslan İsmayılov: "Onlar Prezident Adminstrasiyası tərəfindən təyin olunublar"
Похожее изображение
Hüquqşünas Aslan İsmayılov isə Astan Şahverdiyevin xalqı təhqir etməsi ilə bağlı bildirib ki, deputatlar xalq tərəfindən seçilsələr, xalqı təhqir etməzlər: "Onlar Prezident Adminstrasiyası tərəfindən təyin olunublar. Bilirlər ki, xalqdan asılı deyillər. Qanuna görə intizam komissiyası bu məsələyə baxmalıdır və deputat Milli Məclisdən geri çağırılmalıdır.  Bundan sonra "Təhqir və böhtan atma” maddəsinə uyğun cinayət işi açılmalıdır. Hazırda Azərbaycanda qanunvericilik elə vəziyyətdədir ki, qanuna ehtiyac yoxdur. Deputatın mətbuatda aldığı təhqirlərdan sonra qohumları ondan imtina etsə, bu, ona ən ağır cəza olar. Özünə hörmət edən insan bu qədər hay-küydən sonra çıxıb mətbuata belə dolaşıq açıqlama verməzdi. Əgər onlar təyinatlı yox, xalq tərəfindən seçilmiş olsaydılar, xalqdan asılılıqlarını dərk edərdilər”.
 
Rövşən Rzayev: "İntizam Komissiyasında baxılacaq"
Deputat Rövşən Rzayev isə xalqın Astan Şahverdiyev tərəfindən təhqir olunması və ona hansı cəzanın verilməsi məsələsini belə şərh edib: ”Etik davranışla bağlı İntizam Komissiyası var. Hansısa millət vəkili müəyyən qədər problemli fikirlər söyləyirlərsə, bu məsələyə həmin komissiya tərəfindən baxılır. Səsləndirilən son fikirlə bağlı mətbuatda qeyd olunub ki, İntizam Komissiyası həmin müraciətlərə baxacaq. Seçilmiş şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər. Onlar hamısı dərk etməlidirlər ki, hansı fəaliyyətlə məşğuldurlar, kimlərin qarşında hansı məsuliyyəti daşıyırlar. Bunlara uyğun davranmalıdırlar. Bu cür problemli ifadələr verildikdə komissiya vasitəsilə onun haqqında müəyyən ölçülər götürülə bilər”.

Xatırladaq ki, dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib. 
Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat Astan Şahverdiyev AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb. Bu ifadələr sosial şəbəkə istifadəçiləri tərəfində böyük narazılıqla qarşılanıb.