Xalqın sanksiyası daha ağır ola bilər

Xalqın sanksiyası daha ağır ola bilər

12-09-2017 18:18 / Bu xəbər 1582 dəfə oxundu

Samir Kazımlı

Əvvəlki illərlə müqayisədə 2017-ci ildə vətəndaşların hökumətə qarşı olan narazılıqlarının artdığı hiss olunur. 

2015 və 2016-cı illərdə vətəndaşların xeylisini inandırmışdılar ki, ölkədə yaranan sosial-iqtisadi çətinliklər müvəqqətdir, keçib gedəcək. Amma bunun əksi baş verir, çətinliklər aradan qalxmaq əvəzinə, daha da dərinləşməyə doğru gedir. 

Sadə vətəndaşlarla, bir vaxtlar "hökumətlə hökumətlik etmək olmaz” deyənlərlə söhbət zamanı hakimiyyətin ünvanına sərt tənqidləri açıq-aşkar eşitmək olur. Əvvəllər tənqid edənlər açıq şəkildə, hamının yanında deyil, təklikdə edərdilər. Amma indi vətəndaşlar açıq şəkildə və hamının gözü qarşısında tənqidlərini, narazılıqlarını ifadə etməkdən çəkinmirlər.

İndi vətəndaşları anlamaq çətin deyil. Məsələn, marketlərdə, bazarlarda qiymətlərin, çayxanalarda, məhəllələrdə işsizlikdən domino, nərd oynayanların sayının artdığını və digər bu kimi halları görəndə,  vətəndaşlar arasında niyə belə narazılığın atdığını anlamaq olur. Odur ki, hökumət vəziyyətlə bağlı ciddi şəkildə düşünməlidir, əks halda xalqın sanksiyası daha ağır olacaq.

Sanksiydan söz düşmüşkən, görünən odur ki, hakimiyyət Qəbrdə, xüsusilə də ABŞ-da sanksiya mövzusu müzakirəyə çıxan kimi, tez tələb olunan problemi aradan qaldırır. Məsələn, 2015-ci ilin dekabrında ABŞ Konqresində  konqresmen Kristofer Smitin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi gündəmə gələndən bir neçə ay sonra – 2016-cı ilin mart ayında əfv fərmanı imzalandı və xeyli sayda tanınmış, Qərbdən azadlığı tələb edilən siyasi məhbus azadlığa buraxıldı.

Amerikalı senator Riçard Durbin "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsində əli olanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı qanunverici təşəbbüslə çıxış edəndən bir neçə gün sonra M.Əliyev azadlığa buraxıldı. Görünən odur ki, hakimiyyət sanksiya məsələsinə həssas yanaşır.

Son illər hakimiyyət repressiyaların əhatəsini də genişləndirib. Əvvəllər hakimiyyət ancaq öz siyasi rəqiblərinə qarşı repressiya tətbiq edirdisə, indi sadə vətəndaşlara qarşı da bunu edir. 

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupun avqustun 28-də açıqladığı siyasi məhbus siyahısında ictimai-siyasi, inanclı şəxslərlə yanaşı 19 nəfər sadə vətəndaşın da adı var. Onlar özbaşınalığa, qiymət artımına etiraz etdikləri üçün həbsə atılıblar. 

Onlardan 1 nəfəri İsmayıllı, 5 nəfəri Mingəçevir, 2 nəfəri Cəbrayıl köçkünlərin yaşadıqları qəsəbədəki, 11 isə Siyəzən hadisələrinə görə həbs edilənlərdir. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar qondarmadır. Onlar sadəcə olaraq ifadə və sərbəst toplaşmaq azadlıqlarından istifadə edərək etirazlarını bildiriblər. Bu isə cinayət deyil, onların hüququdur.

Əgər sadə vətəndaşlar arasından 19 nəfər siyasi məhbus çıxıbsa, bu o deməkdir ki, vətəndaşların narazılğı və hakimiyyətin sadə vətəndaşlara qarşı qəzəbi atırıb. Öz vətəndaşlarına qarşı qəzəbli olmaq isə hökumət üçün yaxşı gələcək vəd etmir. Ona görə də hakimiyyət tez bir zamanda vətəndaşları narazı salan halları aradan qaldırmalıdır. 
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.