“Xanhüseyn Kazımlının qızı imza vərəqələrini götürüb, amma hələ təqdim etməyib”

“Xanhüseyn Kazımlının qızı imza vərəqələrini götürüb, amma hələ təqdim etməyib”

10-01-2020 00:03 / Bu xəbər 928 dəfə oxundu

MSK keçmiş deputatın qızının seçkilərdə iştirakını təsdiqləyib

Sosial şəbəkələrdə keçmiş deputat Xanhüseyn Kazımlının adından dövlət başçısı İlham Əliyevə yazılmış müraciət yayılıb. 

İmzasız müraciətdə eks deputat I-V çağırışda Milli Məclisdə təmsil olunduğunu xatırladıb və 9 fevral növbədənkənar seçkilərdə qızı Əsli Kazımovanın 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürdüyünü qeyd edib:

"Siz icazə versəniz, mən hər hansı bölgədən Milli Məclisin üzvü seçilməyimə razı deyiləm. Əvəzimdə isə Sosial Rifah Partiyası sədrinin birinci müavini, 1992-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində doktorluq işi hazır olan, öz bilik və bacarığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin "Tənzimləmə” kafedrasının əməkdaşı, "Böyük siyasətin davamı”, "Faciələrimiz unudulmayacaqdır”, "Azərbaycanlılara qarşı ermənilərin soyqırımı” əsərlərinin müəlliflərindən biri (sonuncunun müəllifi) olan Kazımova Əsli Xanhüüseyn qızının namizədliyini (1981-ci il təvəllüdlü) doğulduğum diyardan verərdim”.

Ancaq sabiq deputatın köməkçisi Zaur İsgəndərov Meydan TV-yə belə bir müraciətin olduğunu təkzib edib və bundan xəbərsiz olduğunu bildirib.

Zaur İsgəndərov Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın namizədliyini irəli sürməsi haqda da konkret fikir söyləməyib: "Bu barədə bilgim yoxdur, yalnız Xanhüseyn müəllimlə əlaqə saxlayıb məlumat alın”.

Müraciətin imzasız olması və 1981-ci il doğumlu Əsli Kazımovanın 1992-ci ildə, yəni 11 yaşında iqtisad elmləri üzrə fəlsəfə doktoru adını aldığının qeyd edilməsi sənədin saxta olduğu gümanını yaradır..

Meydan TV məsələ ilə bağlı 80 saylı İmişli DSK-dan məlumat ala bilməyib. Özünü təqdim etməyən DSK nümayəndəsi sualları telefonla deyil, yalnız üzbəüz cavablandıra biləcəyini deyib.

MSK-nin mətbuat katibi Şahin Əsədli isə Əsli Kazımovanın DSK-dan imza vərəqələrini götürdüyünü təsdiqləyib: "Bəli, o, imza vərəqələri götürüb, amma hələ təqdim etməyib”.