“Xanım, eləməyin, mən evliyəm…”

“Xanım, eləməyin, mən evliyəm…”

26-03-2016 02:41 / Bu xəbər 3233 dəfə oxundu

Gənc yazar Çinarə Ömrayın hekayələrini təqdim edirik:

 

Axşam hücuma keçirik

 

Qonşu arvadları nənəmin beynini doldurmuşdu ki, yaxınlıqda yerləşən fabrikin boş otaqlarından birinə köçün, qaçqınsınız, sizə heç kim heç nə deməz.

 

Onda bibimin birotaqlı bağ evində qalırdıq. Nənəm otağı pərdə ilə bölmüşdü. Beləcə, nənəm evə gələn kimi "evrika” havasıyla gəlinləri məsələdən halı elədi:

 

- Hazırlaşın, axşam hücuma keçirik!..

 

Babam əvvəl-əvvəl razı olmadı: "Bir az səbr elə, arvad, - dedi, - onsuz da bir-iki aya qayıdırıq”. Nənəm: "Evi yeməyəcəyik ha, qayıdanda qoyub gedəcəyik də”, - deyib, babamı yola gətirdi.

 

O gün elə gecəynən köçümüzü çatıb, həmin fabrikdə lövbər saldıq. Üç otaq idi. Döşəməsi, tavanı, pəncərəsi yoxdu. Quruca divar... Bizim də hərənin bir çanta pal-paltarı, yorğan-döşəyi, üç dəmir çarpayımız, hərənin də bir boşqabı vardı, vəssalam.

 

Hə… bir də humanitar yardımlar: beş paket quru lobya, bir də yardım adyalları. Nənəm adyalları pəncərəyə tutdu. Gecəni qaldıq. Bibim elə həvəslə sil-süpür eləyirdi ki!.. Yer torpaq olduğundan sulayıb süpürürdü. Nənəm quru divara xalça asdı, üstünə Mirsədi ağanın şəklini asıb dedi ki, bu şəkil burdadırsa, bizi bu evdən heç kim çıxarda bilməz!

 

Sabahı fabrikin yiyəsi gəldi, bir az söz-söhbət oldu. Babam çox utanırdı. Ora icazəsiz yığışmağımız arına gəlirdi. Amma nənəm əlində süpürgə evə elə yiyələnmişdi ki, day hara çıxırdı!

 

O ev bizim üçün hər şey idi: arxa, dayaq, ümid, pənah yuvası... Nənəm deyirdi, başımızın üstündə qaraltı oldusa, bəsimizdi, onsuz da qayıdacağıq.

 

Az keçməmiş babam pəncərələrdəki adyalları söküb, müşəmbə vurdu, yerə linoleum saldıq, divarları suvadıq.

 

Əmim müharibədə idi. QRAD qurğusu daşıyan maşın sürürdü. Bir gün balası evə qayıdanda nənəm çox sevinmişdi. Həmişə döyüşdə itirdiyi dostlarından danışardı əmim. Bir dəfə də kiməsə danışırdı ki, bəs filankəsi gözümün qabağında vurdular, yazıq elə yerindəcə keçindi, başqa bir yoldaşımız məcbur olub onun ayaqqabısını çıxarıb, geyindi yalın ayağına. Bu əhvalat məni xeyli fikrə saldı. Uşaq idim. Deyirdim, görən, ölən əsgər rəhmətə ayaqyalın necə gedəcək? Rəhmət haradı ki? Birdən ora gedəndə ayağına şüşə batar, neyləyər? Di gəl bu haqda heç kimdən heç nə soruşmadım.

 

Nənəm həmişə məni özüylə çörək almağa aparırdı. O vaxt upuzun, ilan kimi qıvrılan çörək növbələri olurdu. Yanında uşaq görüb nənəmi növbəsiz buraxırdılar. Hər dəfə on-on beş çörək alırdıq.

 

Babam şəhərdə ilk dəfə təqaüdünü alanda bir tay un almışdı, bir kilo da alma. Kiloya dörd sarı alma girmişdi. Dedi, İran almasıdı. Birini nənəmə verdi: "Sən bunu Çinarla böl, ye”. Qalan üç almanı də gəlinlərə verdi ki, uşaqlarla bölsünlər. Sonra keçib həyətdə oturdu. Dalınca çıxdım, gözünü dəsmalla sildiyini sezdim. Məni görüb gülümsədi. "Nolub, baba, sənə alma çatmadı, ona görə ağlıyırsan?”. Uğunub getdi: "Yox, qızım, gözümə nəsə düşüb, onu çıxarırdım”, - dedi.

 

Almaları yeyəndən sonra nənəm gəlinlərə dedi ki, durum, yuxa bişirək, alınma çörəklə çatdırmaq olmur. Həyətdə sac qurub yuxa saldılar. Ocağın qoxusu hər yana yayılmışdı. Pendirimiz olmazdı, nənəm də deyərdi ki, pendiri neynirsiz, şorla "Sana” yağını qarışdıranda hamısından urvatlı olur. Yağla qarışdırılmış şor bankasını da, termosu da sacın yanına qoyardı. Ocağın qoxusuna qonşu uşaqlar toplaşard. Nənəm yuxaya oxşayan əllərilə hərəsinə bir dürmək düzəldərdi. Lap Cırtdanın nağılındakı kimi... Dürmək yeyən uşaqlardan kim topunu mənə oynamağa verməzdisə, deyərdim, tez elə, nənəmin dürməyini qaytar.

 

Dəmir çarpayıların setkası boşalmışdı deyə, babam altına iri taxtalar qoymuşdu. Bizim ailəmiz - ata-anam, qardaş-bcılarım hamısı Rusiyada idi. Mən nənəmgildə qalırdım. Buna görə əmimin uşaqlarından çox mənim qayğıma qalırdılar. Dəmir çarpayının birində mən yatırdım. Çox xoşbəxt idim.

 

Bir gün bəla gəldi; hamıya nəsə qaşınma xəstəliyi düşdü. Nə bəla idisə, bütün şəhər tutmuşdu... Ya da bütün qaçqınlar... Bizə ağ-uzun qablarda süd rəngli qatı məhlul payladılar. O vaxt ikinci sinifdə oxuyurdum. Öz dərmanımı dəmir çarpayının altında gizlədirdim. Ağ, uzun qab idi. Üstünə "Əl vuranın əli qurusun" yazmışdım. Əmim oxuyub xeyli gülmüşdü.

 

Bir gün də məktəbdən gur, uzun saçımda evimizə bit gətirmişdim. Nənəm başımı dizinin üstünə qoyub bitimi təmizləyirdi. Sonra dedilər ki, neftlə yusan, keçər.

 

Həmin ərəfədə sinfimizdə neft erası başladı; otaqları nöyüt iyi bürüdü...

 

Fabrikə təzə köçdüyümüz vaxtlardı. Nahara oturmuşduq. Birdən həyətə tanımadığımız adamlar girdi. Oğlanlardan birinin çiynində qara-iri nəsə vardı, qız isə əlində balaca qara toppuz tutmuşdu. O toppuz da şnurla oğlanın çiynindəkinə bağlıydı. Handan-hana anladım ki, bu, mikrofonla kameradır. Nənəmi, babamı danışdırdılar. Necə yaşayırsız, necə dolanırsız? Tez nənəmin yanından qaçıb çarpayının yanında, qara suvaqlı divardakı mismardan səliqə ilə asılmış təzə məktəb yubkamı geyinib gəldim; kameraya qəşəng düşməliydim. Xaricdəki həmyaşıdlarıma göstərəcəkdilər axı. İlk dəfə işıqdan onda qamaşmışdı gözlərim.

 

6 yaşımdan qaçqınlıq həyatı, onun qayğıları, çatışmazlıqları, məhrumiyyətləri içində böyüdüm. Amma bir dəfə də olsun özümü bitmiş, tükənmiş hiss eləmədim. Əksinə, tükənmədən xoşbəxt idim.

 

Nənəm gəlinlərə deyirdi ki, itirə-itirə gəlmişik: evimizi, kəndimizi, qohumlarımızı, heyvanlarımızı... Gəlin, üzümüzdəki təbəssümümüzü itirməyək barı... 

 

Tale cehizi

 

Sizə bir hekayə danışmaq, daha doğurusu, yazmaq istəyirəm. Esnadın hekayəsini. Balaca Esnadla Dilarənin.

 

Dilarə 5-ci sinifdə oxuyur. Müəlliminin dililə desək, sinfin göz bəbəyidir. Çox savadlı, dilli-dilavər qızdı. Sinfə yoxlama gəlsə, bütün gözlər, ümidlər ona dikilər.

 

Bunu yaddaşınızın bir küncündə saxlayın, sizə Esnaddan danışım. Allah haqqı, bəlkə gülməkdən öləcəksiz. Esnad bacısı Əsmərlə ekzdi. Dilarəylə də bir sinifdə oxuyurlar. Hələ birinci sinifdəykən müəllimə bunları bir qız-bir oğlan oturdurmuş, Dilarəyə də Esnad düşüb. O vaxt Esnadın qabaq dişləri yoxmuş, mırıqmış. Dilarə də oturub zır-zır ağlayıb.

 

Müəllimə:

 

- Dilarə, qızım, niyə ağlayırsan?

 

- Müəllimə mən bunu istəmirəm. Dişləri yoxdu.

 

- Ay qız, elə iç vurdun, elə bil, səni ona ərə veririk. Yoxdu, yoxdu da (müəllimə sözü bir az kobud dediyinin fərqinə varıb, sonra Dilarənin könlünü almışdı)…

 

Elə o gündən parta yoldaşı olmuşdular. Sinif–sinif böyüdükcə, Esnadın dişləri də çxmışdı, özü də sinfin yaraşıqlı oğlanlarından biri olmuşdu. Hətta deyəsən Dilarəyə aşiq də olmuşdu. Bəli, uşaqlıq...

 

Əsmərlə Dilarə ən yaxı rəfiqə idilər. Bir gün uşaqlardan kimsə Esnaddan Dilarəyə namə gətirmişdi. Namədə əyri, səliqəsiz xətlə belə yazılmışdı:

"Dilarə, bilirəm, məndən xoşun gəlmir. Hələ biz balaca olanda dişlərimə görə ağlamışdın. Mənimlə oturmaq istəməmişdin. Amma mənim elə o vaxtdan səndən xoşum gəlir. Anamgil də səni çox istəyirlər. Allah haqqı, düz deyirəm. İnanmırsan, Əsmərdən soruş. Heç kimə demə, amma mən səni sevirəm. Əsmərə də demə, qurban olum. İmza: Esnad”.

 

Dilarə oxuyub qızarmışdı. Elə pərt olmuşdu ki! Ona elə gəlirdi, məktəbin ən tərbiyəsiz qızı odur, ya da hamı bilir bu əhvalatı, bu gündən sonra hamı ona pis baxacaq. Bu an bütün içi ilə Esnaddan zəhləsi gedirdi. Məktubu cırdı, sonra heç kim oxumasın deyə, kağız parçalarını cibinə qoyub həyətlərindəki zibil yeşiyinə atdı.

 

İki parta yoldaşı artıq bir-biri ilə düşmən olmuşdu. Dilarə onu danışdırmırdı, hətta bir müddət Əsmərlə də arası avazımışdı.

 

***

 

- Ömray bacı, bir dəqiqə dayan. Burda səhf dedin. Mən Əsmərlə ona görə soyuqlaşmamışdım. Əsmər bilə-bilə qardaşına məktub yazmaqda kömək etmişdi. O mənim rəfiqəm idi. Bunu etməməliydi axı. Həm də Əsmər bu söhbəti Günelə də danışmışdı. Ona görə aramız dəymişdi.

 

- Ay da-a, indiki uşaqların da belə üzə durmağı olmaya da. Qızım, sən mənim qəhrəmanımsan. Mən səni yaradıram, Əsmərlə niyə küsdüyünü məndən yxaşı biləcəksən?

 

- Ömray bacı, bəs yazıçı həqiqəti deməli deyil? Axı həqiqət mən deyən kimidi. Elə dedin, guya mən kitab-zad oxumamışam heç.

 

- Onda mən susum, sən danış. Olar?

 

- Hə niyə olmur. Mən özümə aid olanları özüm danışım, qalanlarını da sən yaz.

 

- Yaxşı, mənə də maraqlıdı. Arada suallar verib müdaxilə edə bilərəm də, hə?

 

- Fikrimi yayındırma amma. Bilirsən də, sual verən kimi demək istədiklərim yadımdan çıxır.

 

- Yaxşı qızım, yaxşı. (İndi gəl qəşş eləmə…)

 

- Hə-ə, oxucu, bunu mən yazıram: Dilarə. İndi mən 5-ci sinifdə yox, 11-də oxuyuram. Ömray bacı sizə mənim 5-ci sinifdəki əhvalatımı yazır. Mənə görə, hər kəs taleyinə ancaq özü müdaxilə edə bilər. Ya sakit dayanıb ətrafındakıların, cəmiyyətin səni, taleyini idarə etməsinə izn verməlisən, ya da öz fikrin olmalıdır. Öz taleyini özün yazmağı bacarmalısan. Bir sözlə, falçının saədət vədinə ümid bəsləməməlisən. Çətin də olsa, öz açdığın izlə addımlamalısan. İndi sizə öz əhvalatımı danışım, yəni bu hekayənin mənim payıma düşən hissəsini, qalanın müəllif özü danışar.

 

Ömray bacı düz deyir, Esnad, əslində, bizim sinfin ən yaraşıqlısıydı, amma məni dərslərdən başqa nəsə düşündürmürdü. Həm də o yaşım deyildi axı. Anam da, qonşular da kiminsə qızı kimisə sevəndə onlar haqda elə danışırdı ki, elə bilirdim, kimisə sevmək tərbiyəsizlikdir. Elə bilirdim, Esnad məni sevdisə, qonşularımızın dilində artıq mən olacağam bu gündən. Hətta bir anlıq utandığından anamın həyətə düşə bilməməyini gətirdim gözümün qabağına. Bilirsiz, bizdə yay gecələrində binamızın arvadları həyətə düşür; o adını da bilmədiyim, bar verməyən böyük ağacın altında əyləşib gecə keçənəcən söhbət edirlər. Hərdən düşünürdüm ki, o ağac da bunların dilinə düşməmək üçün bar vermir. Yoxsa onun da haqqında olmazın sözlər danışarlar. Anamla mən də bir az dinməz-söyləməz oturub, çıxırdıq evə. Sonra anam deyirdi ki, Allah düşmənimi də bunların dilinə salmasın. O xalalar neçə ailəni dağıdıb, neçə qız ərə vermişdilər, bir bilsəz. Məhləmizin milli məclisi idi o ağacın altı. İnsanlar haqda bütün qərarlar orda verilirdi, bütün məlumatlar orda bölüşülürdü.

 

- Ay Dilarə, hara gedib çıxdın? Axı mən, sadəcə, Esnadla bağlı bir əhvalatı danışacaqdım, vəssalam. Sənin ürəyin lap doluymuş ki. Yeri gəlmişkən, o ağacın altı mənə yaman maraqlı gəldi a.

 

- Ömray bacı, hə, deyəsən, mən də hekayə yazacam. Çünki o qədər maraqlı hekayətlər var o ağacın altında. Belə "əlini yelləsən, əllisi” kimi. Hə-ə, davam edim mən.

 

Əsmərdən də ona görə incimişdim ki, niyə dilini dinc qoymayıb. Birdən bizim məhləyə çatsa o söz? Bir axşam da məni müzakirəyə qoysalar? Anamı təsəvvür etdikcə dəli olurdum. Uşaqlıq ağlı. Esnadla belə davam edirdik. Küsülü.

 

Bir gün 8 mart idi, biz də Əsmərlə barışmışdıq artıq. Esnad  qızların hamısına kitab hədiyyə almışdı. Hər kəsin partasının üstünə qoydu hədiyyəsini, birini də mənim. Uşaqları şübhələndirməmək üçün, həm də hamıya aldığına görə mən də götürəsi oldum, amma hiss elədim ki, mənim kitabımın içində nəsə var. Heç kimi duyuq salmadan kitabı içindəkiylə bərabər çantama qoydum. Evə çatar-çatmaz otağıma girib qapını bağladım, kitabı çıxartdım. Arasında uzun, balaca qutu vardı. Qutunu açdım, içindən üstü vilyur parçayla örtülü kiçik torba çıxdı; üstünə də qızılı həriflərlə "Versace” yazılmışdı. Əlim əsə-əsə  torbanı açdım, boya-boy qaşlarla bəzədilmiş saç aksesuarı çıxdı. Ömrümdə belə şey görməmişdim. Əlimdə alışıb yanırdı. İşığı söndürsən, otağı işıqlandırardı. İlk dəfəydi belə bir şey görürdüm. Axı o, bunu necə ala bilər mənə? Anam  bilsə, doğrayacaq məni. Həm də hiss etmişdim ki, nədisə, çox bahalı şeydi. Tez torbasına atıb, torbanı da qutuya qoyub çantamda gizlətdim. Qorxumdan əsir, sanki böyük bir cinayət törətmiş kimiydim. Necə edim? Bunu ona necə qaytarım? Anama deyimmi? Yox, anam bilsə, ətimi şişə taxar. İnanmırsız? Vallah, billah, simavallah. Ana mənimdi, bələdəm də. "Uf” belə deməz. Tək yol bunu ona bir yolla qaytarmaqdı, vəssalam.

Sabahı dərsə də ancaq bu fikirlə getdim. Amma nə Esnad, nə də Əsmər gəlmişdi dərsə. Bu ağır yükü özümlə evə qaytarası oldum. Çantam ömründə belə ağır olmamışdı. Sanki bütün məhlənin qadınları o həmin ağacla birgə çantamda idi. Hətta bəzən səsləri də gəlirdi qulağıma.

 

Yenicə evə çatmışdım, paltarımı dəyişirdim ki, qapının zəngi çalındı. Anam açdı, dəhlizdən gələn səs mənə doğma səs idi. Əsmərin səsi...

 

- Salam xala, Dilarə evdədi?

 

- Hə, qızım, keçin içəri. İndicə gəldi o da, otağındadı.

 

- Halaldı da, sən də deyirsən, qızım var. – Bu, Əsmərin anasının səsi idi!

 

- Nolub, ay Gülər? Bu nəs sözdü? Keç bir içəri.

 

- Keçmirəm, o qızını çağır bura görüm, qızını!

 

Otaqdan çıxdım. Əsmərlə anası dəhlizdə dayanmışdı. Gülər xalanı heç belə görməmişdim. Mənə elə nifrətlə baxırdı ki! Aman Allah, neynəmişəm axı mən?

 

Məni görcək lap kükrədi:

 

- Heç utanmırsan? Ayıb deyil? Qız uşağısan e, sənin gələcəyin nə olacaq, onu bilmirəm. Ay qız, pis olmuşam sənə? Balam Əsmərdən belə ayırmamışam.

 

- Gülər, nolub axı? Bir de, mən də bilim. Neynəyib mənim qızım?

 

- Hələ bir heç nə bilmirmiş kimi soruşursan da? Sən onu o qızın olacaq oğrudan soruş.

 

- Nə? Oğru? Sən nə danışırsan, Gülər?

 

- Bilmirsən, hə? Əlbəttə, bilmərsən də. Kim gəlib evdə oğurluq etdiyini deyər ki? İndi mən danışım, sən bil. Bir neçə gün qabaq yoldaşım Türkiyədən səfərdən gəldi. Mənə 8 Marta bahalı, həm də çox bahalı, üstü svarovski daşlarla bəzədilmiş saç sancağı almışdı. Sabahı sənin bu üzümə mal-mal baxan bu qızın bizə gəldi Əsmərlə. Dedim, uşaqdılar da, bu da mənim qızım. Axı hardan biləydim ki, bu tərbiyəsiz heç vaxt mənim qızım ola bilməz?! O gedəndən sonra sancaq yoxa çıxdı. İndi soruş qızından, desin neynəyib onu? Çantasın aç, yoxla, nə bilim, otağına-zada bax.

 

Anam heç nə demədən otağıma keçib çantamı gətirdi, ağzını açıb, içini tokdü Gülərlə Əsmərin qabağında yerə. Həmin qutu da mal yiyəsini tanıyan kimi dığırlanıb düz Gülər xalanın ayağının altına getdi. Gülər xala xəzinə tapmış kimi özünü qutunun üstünə sərdi, gözləri parıldadı və haqlı olduğunu sübut etmək üçün daha da yüksək səslə:

 

- Baaxx, gördün? Sənin bu ibnə qızın oğrudu, oğru. Gördün ki? Bunun canı bir şey deyil, amma qız uşağıdı, bunun sabahı da var. İndidən qarşısın al, ay bacı. Yoxsa bu qız sənin başına hələ çox oyun açacaq…

 

Anam sol əli ilə sağ əlinin üstünü ovxalaya–ovxalaya: "İnanmıram. Mənim qızım elə iş tutmaz. Mütləq bu işin içində bir iş var. Yox ki, yox, mənim qızım heç vaxt elə şey eləməz”, - deyirdi, ancaq özü elə bil çox uzaqlardaydı.

 

- Necə yəni etməz? Nə abırsızdılar e, ay bacı. Gözüylə görüb, hələ yenə danır da.

 

Mən isə ağlaya-ağlaya: "Mən onu oğurlamamışam” deyə bilirdim ancaq. Anamın rəngi avazımışdı, niyəsə elə hey sağ əlinin üstünü ovxalıyır, "mənim qızım eləməz. Eləməz mənim qızım. Mütləq bu işin içində bir iş var”, - deyirdi. Gülər xala isə dayanmadan danışır, getmək bilmir, anamın qızının oğurluğunu boynuna almasını, ya da məni döyməsini gözləyirdi sanki.

 

Bu an qapı döyüldü, qapının ağzında dayandığı üçün Gülər xala açdı qapını, özü də elə fərəhlə açdı ki, qoy gələn kimdisə, o da görsün, bilsin hadisəni, rüsvay olaq. Ancaq qapıda Esnad göründü. İlk dəfəydi ki, onu görməyimə bu qədər sevinirdim.

 

- Nədi? Sən nəyə gəlmisən? Bax sinif yoldaşına. Oğrudu o. Bunu bizdən oğurlayıb. Gəl gör, tanı onu.

 

- Ana, o oğru deyil...

 

- Kəs səsini. Necə yəni deyil? Onun çantasından çıxdı e-e.

 

- Bəs o heç nə demədi?

 

- Yox, daha nə deyəcək?

 

- Ana, oğru o deyil, mənəm. Atam onu sənə verəndə görmüşdüm. Çox bəyənmişdim. Sonra onu hara qoyduğunu gördüm. Çəkməcəyə qoydun, bağlayıb, açarı da boş güldanın içinə atdın. Mən 8 Martda qızlara hədiyyə kitab alanda əlavə pulum da qalmışdı. Siz verdiyiniz məktəb pullarını xərcləməyib yığmışdım. Düşündüm ki, o sancaq Dilarənin saçında daha gözəl görsənər. Güldandan açarı götürüb çəkməcəni açdım, yığdığım pulu ora qoyub qutunu götürdüm, Dilarəyə hədiyyə verdiyim kitabın içinə qoydum.  Bu gün də dərsə getmədim, bilirdim ki, gətirib qaytaracaq. Bilirdim, bilirdim qaytaracağını.

 

Gülər xala heç nə demədi, qutunu da götürüb, pəjmürdə halda qapıdan çıxdı. Anam hələ də sağ əlini ovxalayardı. Onu qucaqladım. Sonra aralanıb gözünün içinə baxdım, yenə qucaqladım. İkimiz də ağladıq.

 

- Dilarə, indi sən dinlə. Ananın niyə elə etdiyini mən danışım.

 

- Danış, Ömray bacı.

 

- İllər öncəydi. Anan da sənin kimi, səndən də balaca, atasız qız idi. Heç vaxt oyuncağı olmamışdı. Onun üçün oyuncaq ya qazan qapağı olardı, ya da köhnəlmiş adyalları büküb gəlincik kimi ayağının üstündə yatızdırmaq. Əsmər kimi onun da bir rəfiqəsi var idi. Bir gün həmin rəfiqəsigildə onun oyuncaqları ilə oynayırdılar. Birdən rəfiqəsi:

 

- Sevil, sən niyə oyuncaqlarını gətirmirsən ki? Həmişə mənim oyuncaqlarımla oynayırsan, - dedi.

 

- Mənim oyuncağım yoxdu...

 

- Bu ayaqqabları görürsən? Gör nə qəşəngdi? Atam alıb mənə, amma bəyənmirəm. Götür, sənə verirəm. Götür, çəkinmə, onsuz da geyinməyəcəm.

 

Sanki dünyanı bağışlamışdılar Sevilə. Uşaq sevinci yerə-göyə sığmırdı. Onun da təzə nəyisə var idi. Geyinib həyətə düşmüşdü, ayaqqabısına toz qonmasın deyə, az qala ayağını yerə vurmadan gəzmiş, sonra da evə çıxıb təmiz ayaqqabını bir də nəm dəsmalla silib, səliqəylə cütləmişdi. Yenicə işdən dönən anası qızının üzündəki sevinci, xöşbəxtliyi görüb bütün yorğunluğunu, gündəlik qayğılarını unutmuşdu. Rahatlanıb yenicə oturmuşdular, qızından bu sevincin səbəbini soruşmaq istəyirdi ki, qapı döyülmüşdü: gələn qonşu qızın anasıydı.

 

İndi sonrakı söhbəti özün ağlına gətir. Esnadın anasının dediklərini yadına sal.

 

Ayaqqabları gözü ilə görəndə bütün dünya da, çəkdiyi bütün əziyyəti də ananın gözündən düşmüşdü. Heç nə deməyib, mətbəxə keçmişdi, qazın üstündə bıçağı qızdırıb Sevilin sağ əlinə dağ basmışdı.

 

Qonşu qadını qızın çığırtı səsi ayıltmışdı sanki. Sevil elə çığırmışdı ki, onun bu fəryadına dünyanın bütün haqsızlıqları sığınmışdı. Qonşu qadın peşman olmuşdu:

 

- Belə edəsən deyə demədim, vallah. Qız uşağıdı. Gələcəyi var axı...

 

- Bu ona ömürlük dərs olar. Sən narahat olma.

 

Qapının böyründəki cütlənmiş ayaqqablar da sanki utandığından başını aşağı salıb qızarmışdı. Sevilin ürəyi hələ də o ayaqqabının içində döyünürdü.

 

Qonşu qadın ayaqqablarını götürüb getdi. O gündən Sevil oyuncaqlara nifrətlə baxırdı. Heç vaxt təzə nəsə alanda sevinmirdi, əksinə, əlindəki yarası ağrıyırdı. Bir də kiminləsə dostlaşanda. Hər dəfə yarasının yaddaşı sancır, "bax, məni yadına sal” demək istəyirdi.

 

Bu gün bu hadisə ona həmin günü xatrlatdı. İllər sonra ilk dəfə sağ əlindəki o dağ belə sancdı. Sancısı ürəyinə vurdu. Amma o, anasının yanlışını təkrarlamadı. Bircə ağlından zəli kimi yapışıb qalmış bir cümlə qulaqlarını deşirdi: "Ananın taleyi qızın cehizi imiş!..”

  

Xanım, eləməyin

 

Səhər açılır, günəşin ilıq şüaları pərdədən otaga girməyə çalışır. O, gözlərini güclə açır. Axşamdan qalan güclü başağrısı tərpənməyə imkan vermir. Göz qapaqlarını ayırıb otaga göz gəzdirir. Köynəyi yuyulub ütülənmiş halda stolun başından asılı, şalvarı təmizlənib, ütüsü adamı kəsir, tumbasının üstündə ağrıkəsici və bir bardaq su, bir də zərf var.

 

Yatağdan qalxır, dərmanını içib, zərfi açır:

 

"Əzizim, səhər yeməyin mətbəxdə hazırdı, mən bazara gedib gəlirəm. Səni çox sevirəm”.

 

Nə qədər fikirləşir, ancaq axşamı heç çür xatırlaya bilmir. Çıxıb mətbəxtə getmək istəyəndə dəhlizin dağınıq olduğunu görür. Qonaq otağına tərəf gedir – ora da tör-töküntüdü, stullar aşıb, güldan sınıb, döşəmə dağınıq... Nə baş verdiyini anlamır, mətbəxtə keçir. Oğlu əyləşib nahar eləyir. "Ev niyə it günündədi? Müharibə-zad olub”, - soruşur.

 

Oğlu:

 

- Ata, yəni heç nə yadında deyil?

 

- Yox. Nə olub axı, de görüm.

 

- Axşam evə gələndə çox içkiliydin. Ana qapını açanda dəhlizdə yıxıldın. Sonra anam səni sürüyə-sürüyə qonaq otağına gətirdi.

 

- Sonra?

- Sonra sən hirsləndin, stulları aşırtdın. Sonra qalxmaq istiyəndə güldanı sındırdın.

 

- Sonra?

 

- Sonra qonaq otagında qaytardn, ana təmizlədi. Sonra da səni yatağına apardıq.

 

- Anlamıram, bəs bu ütülü koynək, şalvar? Agrikəsici… Su… Ananın yazdıqları…

 

- Hə, onu deyirsən? Biz səni otağına apardıq. Ana paltarını əynindən cıxarmağa çalışırdı, imkan vermirdin. Birdən özünü dikəldib dedin: "Xanım, eləməyin, mən evliyəm”.(Axar.az)