Xədicə İsmayıl: "Akif Çovdarov cəmiyyətdən təcrid edilməlidir"

Xədicə İsmayıl:

07-04-2020 00:50 / Bu xəbər 399 dəfə oxundu

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi haqqında sərəncam imzalayıb. 

Sərəncamda əfv olunan məhbuslar arasında keçmiş MTN generalları Akif Çovdarov və Sübahir Qurbanovun da adı var. Siyahıya həmçinin 2 nəfər siyasi məhbus kimi tanınan şəxsin adı da salınıb.

Xədicə İsmayıl: "Bu sərəncam virusdan həm də belə cinayətkar insanları cəzadan qurtarmaq üçün istifadə edildiyinin göstərir”

Araşdırmaçı jurnalist, hüquq müdafiəçisi Xədicə İsmayıl verilmiş sərəncamla bağlı fikirlərini Tolum TV-yə açıqlayıb: "Bu sərəncam siyasi məhbusların əfvinə yönəlməyib. Sadəcə, koronavirusla bağlı yaşı 65-dən yuxarı olan məhbusların əfvi ilə bağlıdır. İstənilən halda sərəncamda 65 yaşdan yuxarı şəxslər nəzərdə tutulursa, bu daha əhatəli olmalı idi. Bu əfv sərəncamı yox, Milli Məclis tərəfindən qəbul olunan amnistiya aktından ibarət ola bilərdi”.

Akif Çovdarovun da adının siyahıya əlavə olunduğunu bildirən Xədicə İsmayıl hesab edir ki, o, cəmiyyətdən təcrid edilməlidir: "Anlayırıq ki, koronavirusla bağlı 65 yaşdan yuxarı risk qrupunda bu şəxsin də adı ola bilərdi. Bu şəxsin cəmiyyət üçün təhlükəli olduğu nəzərə alınaraq əlavə təcrid tədbirləri görülə bilərdi”. 

O, Akif Çovdarovun adam oğurluğu, şantaj kimi cinayətlər törətdiyini və təhlükəli olduğunu vurğulayır: "Bu "humanist addım” adı altında atılmış bir qərardır və əlahiddə addım deyil. Həm Rabitə Nazirliyinin işi, həm MTN işində yüngül cəzaları gördük. Bu, həmin tendensiyanın davamıdır”.

Xədicə İsmayıl həmçinin son günlərdə cəza tədbirlərinin sərtləşməsinə də diqqət çəkib: "Biz son zamanlar prezidenti koronavirus pandemiyasını təzyiq vasitəsi kimi istifadə etməsinə və repressiyalar barədə açıq mesajlar verdiyinə görə tənqid edirik. Amma bu sərəncam virusdan həm də belə cinayətkar insanları cəzadan qurtarmaq üçün istifadə edildiyinin göstərir”.

Mehman Əliyev: "Siyasi məhbusların siyahıya əlavə edilməsi tarazlıq yaratmaq üçündür”
 
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev sərəncamı belə şərh edir: "Siyasi məhbusların siyahıya əlavə edilməsi tarazlıq yaratmaq üçündür. Yəni bu qərarın birtərəfli olmamasını göstərmək məqsədi daşıyır”.

M. Əliyev bu sərəncamın bir mövqe nümayişi olduğunu bildirir: "Bu həm beynəlxalq və yerli cəmiyyətə, həm də siyasi məhbus ailələrinə daş atmaqdır. Yəni siyasi məhbusların azad edilməsinin tələbi  fonunda verilmiş bir cavabdır”. 

Ə.Məmmədli: "Çoxsaylı insanları həyatdan qoparan şəxslər virusdan qorunmaq üçün əfv edilirsə, o zaman gərək həbsxanalarda heç kəsi saxlamayaq”
 
Hüquqşünas Ələsgər Məmmədli də isə sərəncamı şərh edib: "Məhkumların virusdan qorunması aspektindən bu sərəncamı humanist addım kimi qiymətləndirmək olar. Amma istənilən addım atıldığı zaman toplumun vicdanında bu məsələyə cəmiyyətin baxışını da nəzərə almaq önəmlidir. Yəni belə bir əfv siyahısına düşən insanların kimliyi və cəmiyyətdə necə xatırlanmasını da nəzərə almaq lazımdır”.

Çovdarov və Sübahir Qurbanovun da əfv siyahısına əlavə edildiyinə münasibət bildirən ekspert əlavə edir: "Siyahıda MTN-in çoxsaylı cinayətlərində əli olan Akif Çovdarov və Sübahir Qurbanovun, həmçinin 1 il öncə Tovuzda 2 nəfər azyaşlını avtomobillə vurub qaçan Əbülfət Vəliyevin də adlarının olması birmənalı qarşılanmır. Bu həm də 176 nəfərdən ibarət siyahıya daxil edilmiş digər şəxslərin də müsbət mənada xatırlanmasına problem yarada bilər”.

Ə.Məmmədli siyasi məhbusların mövcudluğunu, Tofiq Yaqublunun şərlənərək həbsə atılmasının da bu addımın humanistliyinə şübhə saldığını bildirib. 

Ekspert sərəncamı hazırlayan tərəflərin bunun cəmiyyətdə olacaq əks-sədasını  daha ciddi şəkildə ölçməli olduqlarını da vurğulayır: "İctimai vicdanı sızladan adların, bu COVİD-19-la bağlı qərar olsa belə, sərəncama salınmamasına diqqət yetirilməli idi. Əgər çoxsaylı insanları vəzifə səlahiyyətlərindən istifadə edib həyatdan qoparan şəxslər virusdan qorunmaq üçün əfv edilirsə, o zaman gərək həbsxanalarda heç kəsi saxlamayaq”.

Ə.Məmmədli onu da qeyd edir ki, bu toplumda ciddi şəkildə sorğulanan qərardır: "Cəmiyyət ədalətli qərarlar görmək istəyir. Əfv sərəncamına belə adların daxil edilməsi bu sərəncamın humanistliyinə kölgə salır”.

Aprelin 6-da verilən sərəncam koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin prezidentə ünvanlanmış müraciətlərindən sonra verilib. 

Vüsalə Mikayıl