Xədicə İsmayılın şikayəti təmin olunmadı

Xədicə İsmayılın şikayəti təmin olunmadı

08-12-2016 16:37 / Bu xəbər 1068 dəfə oxundu

Dekabrın 8-i Ali məhkəmədə hakim İlqar Qılıcovun sədrliyilə araşdırmaçı-jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxışına qadağa qoyulması ilə bağlı kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmə şikayəti təmin etməyib. Bu barədə jurnalist özü məlumat verib.

X.İsmayıl qeyd edib ki, qadağa əsassızdır və məqsəd insan hüquqlarının pozulmasına görə, Azərbaycan hökumətinin tənqid olunmasının qarşısını almaqdan ötrü onun beynəlxalq konfranslarda iştirakını məhdudlaşdırmaqdır.

Jurnalist hazırda beynəlxalq konfranslara onlayn qoşulur və öz mövqeyini bildirir.

X.İsmayıl ölkədən çıxışına qoyulan qadağanın motivlərini absurd adlandırıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə əvvəlki hökm dəyişdirilərək 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq onun ölkədən çıxışına icazə verilmir.///azadliq.org