Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı oldu (VİDEO-FOTO)

Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı oldu (VİDEO-FOTO)

14-03-2016 02:43 / Bu xəbər 2426 dəfə oxundu

N!DA vətəndaş hərəkatının təşkilatçılığı ilə həbsdə olan vicdan məhbusu araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsxanada dilimizə tərcümə etdiyi "Cakaranda ağacının uşaqları" kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda siyasi partiya rəhbərləri vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər iştirak edib. Kitabın redaktoru Elnur Astanbəyli Xədicə İsmayılın müraciəti oxuyub. 

"Çox sağ olun ki, mənim seçimimi bəyənib, siz də kitaba maraq göstərirsiniz. 

Bu kitabı ona görə seçdim ki, o, azad olmayan cəmiyyətlərdə insan faciələrinin nəsildən nəsilə keçdiyini göstərir. Ən önəmlisi. Elə davalar var ki, gələcək nəsillərə ötürülməməlidir!

Bir gün hər iki tərəfdə olanların uşaqları eyni problemlərin məngənəsində qala bilər. Evin həbsxanasından fərqli olaraq, başqa siyasi məhbuslarla ünsiyyətdən məhrumam. Həbsxanadakı insanların çoxu mənimlə eyni dəyərləri bölüşmürlər və ya heç vaxt o dəyərlər üçün mübarizədə olmayıblar.

Məni anlamaq onlar üçün çətindir. Amma bizi – cinayətkarları, oğrunu, jurnalisti, savadlı, savadsız, dəyərlərə hörmət edən və etməyən insanları bir şey birləşdirir – Biz hamımız ədalətin olmadığı ölkədə yaşayırıq.

Çətin olanı insanlara və gələcəyə inamı itirməməkdir. 
İnsanlığı və sevgini itirməməyi hamınıza arzulayıram. 

Gələcək bu sevgini itirməyənlərindir."///meydan.tv

Arqument.Az xəbər verir ki, tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, ReAl hərəkatının icra katibi Natiq Cəfərli,  tanınmış jurnalist Şahvələd Çobanoğlu, tanınmış köşə yazarı Zamin Hacı, Sivil Toplum Platformasının üzvü Akif Qurbanov, Milli Şura Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli, jurnalist Aytən Fərhadova, vəkil Fariz Namazlı, keçmiş vicdan məhbusu Bəşir Süleymanlı Xədicə İsmayılın fəaliyyəti və kitabla bağlı fikirlərini bölüşüblər.

Təqdimatının sonunda tərcümə olunan kitabın satışı keçirilib.