XİN sözçüsü: Bizim üçün ən vacibi Paşinyanın Ata Abdullayevin sualına verdiyi cavabdır

XİN sözçüsü: Bizim üçün ən vacibi Paşinyanın Ata Abdullayevin sualına verdiyi cavabdır

22-11-2019 01:35 / Bu xəbər 291 dəfə oxundu

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibətini yayıb:

"SSRİ Konstitusiyasının 78-ci Maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Eyni zamanda, erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi. Misal üçün, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Prezidiumunun qəbul etdiyi və Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdlərinin qanunsuz olduğunu vurğulayan "Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının SSRİ Konstitusiyasına uyğun olmaması barədə” qərarı. Bu mövqe eynilə SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il qərarı və növbəti gün SSRİ Konstitusiya Nəzarət Komitəsinin qəbul etdiyi qərarda da öz əksini tapdı. DQMV ermənilərinin birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olduğu bir halda, baş nazirin bunu SSRİ Konstitusiyası ilə əsaslandırmaq cəhdləri öz əhalisini yanıltmaq deyil bəs nədir? Nikol Paşinyan DQMV yerli şurasının öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etdiyini qeyd edir, lakin baş nazir Dağlıq Qarabağda 1991-ci il dekabrın 10-da separatçıların keçirdiyi "müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmir".

"Xocalı soyqırımını təkzib edərək bunu yalan adlandıran baş nazir demək Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidlərinin ifadələrini yalan hesab edir. Görünür, öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyan xarici jurnalistə müsahibəsində dediyi "Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” ifadələrdən də Nikol Paşinyanın xəbəri yoxdur. Maraqlıdır, öz sələflərindən fərqli olaraq Nikol Paşinyan beynəlxalq ictimaiyyət qarşısında özünü demokratik dəyərlərin tərəfdarı kimi təqdim edir. Belə olduğu halda, bunu təsdiq etməli və Azərbaycanın ərazilərinin işğalına son qoymalıdır ki, insanlar öz doğma torpaqlarına geri qayıtsınlar", - deyə L.Abdullayeva qeyd edib.

***

Hakimiyyət nümayəndələri vlogerin tədbirə göndərilməsi məsələsini təkzib edir

Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımlar edən vloger Ata Abdullayevin Ermənistanın Baş naziri Nikol Paşinyana sual verməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Hadisə noyabrın 20-də İtaliyanın Milan şəhərində yerləşən erməni kilsəsində baş verib.

Ata Abdullayev sualını səsləndirməzdən əvvəl Ermənistanda əsir saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin şəkillərini göstərib. Ancaq Baş nazir onun çıxışını saxlayaraq özünü təqdim etməsini istəyib və ardınca hər hansı erməni jurnalistin Azərbaycan prezidentinə yaxınlaşıb sual verməsinin mümkünsüzlüyünü xatırladıb. Baş nazir həm də Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun Rusiya mətbuatına Xocalı hadisələrini müxalifətin təşkil etdiyini deməsini xatırladıb. Bu zaman Ata Abdullayev Nikol Paşinyana rusca "nə vaxt sülh olacaq” deyə sual verib. Bununla belə Baş nazir çıxışına davam edərək deyib ki, münaqişənin hər hansı variantda həlli Ermənistan və Dağlıq Qarabağ xalqlarının maraqlarına cavab verməlidir. Onun bu fikirlərindən sonra Ata Abdullayev arxaya dönərək "mən burda təkəm, siz isə çoxsunuz” deyib. Baş nazir ona narahat olmamağı məsləhət görüb. Bu zaman zaldakılar onu alqışlayanda Ata Abdullayev "İlhamla irəli” deyə şüar səsləndirib. Baş nazir daha sonra deyib ki, Azərbaycan öz müstəqilliyini elan edəndə Dağlıq Qarabağ da öz müstəqilliyini elan edib, bundan sonra Bakı müharibəyə başlayıb və Şuşadan Stepanakert (Xankəndi) atəşə tutulub.

Bununla belə, Ata Abdullayev Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbini xatırladıb, amma zal Baş naziri alqışlayıb.

Baş verənlərə etiraz edənlər Ata Abdullayevin hakimiyyət tərəfdən ora göndərildiyi qənaətindədirlər.

Ancaq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu fikirlərlə razılaşmır.

Leyla Abdullayeva Meydan TV-yə bildirib ki, Ata Abdullayev müstəqil şəxsdir, onun İtaliyada Ermənistanın Baş nazirinə sual verməsini dövlətlə əlaqələndirmək doğru deyil:

"Dövlət buna nəzarət edə bilməz, bu cür şeylər hər kəs bir şəxsin öz təşəbbüsündən irəli gəlir. Bu insana qadağa qoymaq olmaz axı, insanın öz hüquqları var, çıxış etmək, danışmaq. Rus dilində danışa bilsə də, bilməsə də, onun öz fikrini ifadə etmək hüququ var, dövlət buna məhdudiyyət qoya bilməz. Nazirlik olaraq, mən onun məsələsini şərh edə bilmərəm. Sual vermək qərarını həmin şəxs verib”.

Leyla Abdullayeva
Mənbə: Foto: Meydan tv

"Əgər Ata Abdullayev qarşısında çıxış edən Ermənistan rəhbərinə sual vermək istəyirsə, bu, onun haqqıdır. Azərbaycanın münaqişədən əziyyət çəkən və birbaşa yaxınlarını itirən insanları var. Onlar rus dilində yaxşı danışmaya və ya öz fikirlərini yaxşı ifadə etməyə bilər, amma onların ürəyində bir ağrı var ki, onu qarşı tərəfə çatdırmaq istəyirlər. Bunu dövlət təşkil etmir, təşviq etmir ki, gedib nəsə deyin. Dövlət öz mövqeyini rəsmilər vasitəsilə çatdırır. Əgər şəxslər fikirlərini ifadə edirlərsə, bu, onların özəl haqqıdır. Sadəcə, bizim üçün ən vacibi Ermənistanın Baş naziri Paşinyanın Abdullayevin sualına həqiqətəuyğun olmayan cavab verməsidir. Qısa zamanda XİN bu barədə açıqlama yayacaq” deyə, Leyla Abdullayeva fikrini tamamlayıb.

Prezidentin köməkçisi Əli Həsənov da hakimiyyətə yaxın media orqanlarında məsələ ilə bağlı mövqeyini açıqlayıb.

Əli Həsənov Ata Abdullayevin hökumət tərəfindən Milana göndərilməsini təkzib edib:

Əli Həsənov
Mənbə: Foto: Meydan tv

"Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz "dialoqu” təşkil etsin. Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.