Xüsusi karantin rejimində kimlər evdən çıxa bilər? - SİYAHI

Xüsusi karantin rejimində kimlər evdən çıxa bilər? - SİYAHI

02-04-2020 20:23 / Bu xəbər 2662 dəfə oxundu

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar verib. 

APA-nın xəbərinə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. 

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilsin:

1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə);

1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları;

1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);

1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

1.3. "ASAN Könüllüləri” İctimai Birliyi, "Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, "Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 

1.4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

1.5. Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

1.6. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

1.6.1. Azərbaycan Respublikasının vətəndaşları üçün –şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);

1.6.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimiyaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

1.6.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

1.7. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

1.8. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

1.9. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

1.10. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları "icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

1.11. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

1.12. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarınınpozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, "icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.