Yadigar Sadıqlı polisə çağırıldı

Yadigar Sadıqlı polisə çağırıldı

01-11-2018 17:20 / Bu xəbər 631 dəfə oxundu

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqov Lənkəran Şəhər Polis İdarəsinə çağırılıb. 

Bu barədə partiyanın Divan üzvü Elman Fəttah məlumat yayıb. 

Çağırışla bağlı əlavə məlumat verilməyib.

Polis idarəsindən çıxdıqdan sonra Yadigar Sadıqlı Arqument.Az-a bildirib ki, onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov qəbul edib. 

O deyib ki, polisə sosial şəbəkələrdə hakimiyyətin əleyhinə yazdığı statuslara görə çağırılıb.

Yadigar Sadıqlı 2013-cü ilin iyununda həbs olunub. 

O, Qarabağ veteranı Rəşid Kərimovu döyməkdə günahlandırılıb və CM-nin 221.3 maddəsi ilə təqsirli bilinib.

2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Yadigar Sadıqlı ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib.

Beynəlxalq İnsan haqları təşkilatı "Amnesty International" onu "vicdan məhbusu" kimi tanıyıb. 

2016-cı il martın 17-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.