Yadigar Sadıqov polisə çağırıldı - YENİLƏNİB

Yadigar Sadıqov polisə çağırıldı - YENİLƏNİB

19-02-2018 19:14 / Bu xəbər 1585 dəfə oxundu

Yadigar Sadıqov Lənkəran Polis İdarəsindən çıxıb. 

O bu barədə feysbukda yazıb. 

"Lənkəran Polisinə çağrılmışdım. Polis rəisi ilə əsasən feysbukdakı yazılarımı müzakirə etdik. Xüsusən dünənki "Stalinin ölümü" filminin qadağan olunması və bir neçə gün öncə Lənkəranda Heydər Əliyevin heykəlinin növbəti dəfə təmir olunması barədə statuslarım ətrafında... Yarım saata yaxın və mədəni çərçivədə davam edən görüşdən sonra hər birimiz öz fikrimizdə qaldıq", - deyə o bildirib. 
 
***
 
Elman Fəttah: "İlk ağla gələn məsələ siyasi fəaliyyəti ilə bağlıdır"

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov Lənkəran Polis İdarəsinə çağırılıb.

Bu barədə Arqument.Az-a Müsavatın Divan üzvü Elman Fəttah məlumat verib. 
 
Yadigar Sadıqovu polis rəisi çağırıb. 

O bildirib ki, Yadigar Sadıqovun polisə çağırılmasının səbəbi deyilməsə də, böyük ehtimalla siyasi fəaliyyəti ilə bağlıdır.
 
Xatırlatma
 
Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili kimi təqdim edilən Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb.

Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə 6 il azadlıqdan məhrum edilib. 

Məhkəmə onu 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilib. 

Yadigar Sadiqov və vəkili Xalid Bağırov ittihamı tamamilə saxta və siyasi sifariş hesab ediblər. 

Onlar Rəşid Kərimovun yalan danışdığını və hakimiyyətin sifarişi ilə şikayt eydiyini qeyd ediblər. 

Beynəlxalq təşkilatlar Y.Sadıqovu "vicdan məhbusu" kimi tanıyıblar. 

2016-cı ildə ölkə başçısı İlham Əliyevin əfv fərmanına əsasən 14 siyasi məhbus, o cümlədən Yadigar Sadıqov azad edilib.