Yafəz Əkrəmoğlu: "Ailəmi Naxçıvanda girov götürmüşdülər"

Yafəz Əkrəmoğlu:

09-07-2015 12:11 / Bu xəbər 1521 dəfə oxundu

Xanımını və yaxın qohumunu həbs edən polis jurnalistin təslim olmasını tələb edib

Azadlıq Radiosunun keçmiş əməkdaşı Yafəz Əkrəmoğlunun həyat yoldaşı Aytəkin Həsənova və yaxın qohumu iyulun 3-də Naxçıvanda saxlanılıb. Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Y.Əkrəmoğlunun bildirdiyinə görə, xanımı saxlanıldıqdan sonra özünü Naxçıvan polisi kimi təqdim edən şəxs, jurnalistin Bakıda yaşayan qohumlarına zəng edib:
 
"Həmin vaxt mən Praqada idim. Bakıdakı qohumlarımla əlaqə saxlayan şəxs bildirib ki, Yafəz təslim olmasa, saxlanılanlar sərbəst buraxılmayacaq. Onda qohumlarım həmin şəxsdən təminat istəyib ki, mən təslim olsam həyat yoldaşımı və qohumumu azad edəcəklər. Polisin təminatı qohumlarımı qane etməyib. Daha sonra qohumlarım təklif edib ki, mən İqdıra gəlib Naxçıvandan gələn hüquq-mühafizə orqanı əməkdaşına təslim oluram. İqdırda təslim olduqdan sonra xanımımı azad edirlər. Uzun danışıqdan sonra Naxçıvandan zəng edən şəxs şərtimizə razı olur, lakin İqdırda pasportumu mənim dalımca göndərilən şəxsə verməyimi tələb edir. Razılığa əsasən həyat yoldaşım azad edilib Bakıya qohumlarımın yanına çatdıqdan sonra məni Naxçıvana aparacaqdılar. Mən gömrükdən Naxçıvan tərəfə keçdikdən sonra həbsdə olan qohumumu azad edəcəkdilər. Bu şərtlərə razılaşmaqdan başqa çəram yox idi”.

Y. Əkrəmoğlunun bildirdiyinə görə, hadisə barədə dərhal beynəlxalq təşkilatlara və jurnalistlərə məlumat verib: "Daha sonra dərhal Praqadan İstanbula yola düşdüm. Mən tez-tez hüquq müdafiəçiləri ilə əlaqə saxlayırdım. Onlardan biri mənə türk polisi ilə əməkdaşıq etməyi məsləhət gördü. İstanbulda tanışlarımın birini özümlə götürüb təyyarə ilə İqdıra getdim. İqdira çatdıqdan sonra Türkiyə polisinə gedərək üzləşdiyim qanunsuzluq barədə məlumat verdim. Türkiyə polisi mənə tapşırdı ki, yoldaşının azad olunması barədə onlarada məlumat verilsin. Bakıdakı qohumlarıma zəng edərək, onları da türk polisi ilə əlaqələndirdim”.

Jurnalist deyib ki, Türkiyə polisinə məlumat verdikdən sonra Naxçıvandan gələnlərlə əvvəlcədən şərtləşdikləri yerdə görüşüb: "Tanışım polisin yanında qaldı. Polis məni uzaqdan müşahidə etməyə başladı. Daha sonra əvvəlcədən razılaşdığımız kimi İqdır avtovagzalında Naxçıvandan gələnlərlə görüşdüm. Üç nəfər idilər. İkisi Türkiyə vətəndaşı biri isə naxçıvanlı idi. Həmin şəxs 2011-ci ildə məni Naxçıvandan İrana deportasiya edən Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından biri idi. Məni "85 BB 898" nömrəli "Cep" markalı maşına oturtdular. Dərhal pasportumu əlimdən aldılar. Naxçıvandan gələn adam harasa zəng edib bildirdi ki, Yafəz gəlib, pasportu məndədir, yanımda oturub. Görüşümüzdən iki saat yarım sonra həmin şəxsə zəng edib dedilər ki, xanımımı Bakıya yola salıblar və artıq qohumlarının evindədir. Daha sonra Bakıdakı qohumuma zəng etdilər və telefonu mənə verdilər. Bakıdakı qohumum təsdiqlədi ki, həyat yoldaşım Bakıdadır”.

Y. Əkrəmoğlu onu da bildirib ki, Bakıda olan qohumları İqdirda olan tanışına zəng edərək, həyat yoldaşının azad olunması barədə məlumat verib. Tanışım da bu məlumatı Türkiyə polisinə çatdırıb. Bundan sonra Türkiyə polisi Y. Əkrəmoğlunu və onu girov götürənləri saxlaylb: "Xəbər aldıqdan sonra məni Naxçıvanla həmsərhəd olan İqdırdan Sədərək gömrüyünə aparırdılar. Yolda jandarmalar məni aparan maşını saxladı. Pasport yoxlaması zamanı mənim pasportumu Naxçıvandan gələn şəxs jandarmaya təqdim etdi. Jandarma pasportumu yoxladıqdan sonra məni maşından düşürdülər və özləri ilə gəlməyimi tələb etdilər”. Y. Əkrəmoğlunun bildirdiyinə görə, bir gecə İqdırda saxlanılıb : "Jandarma mənim təhlükəsizliyimi təmin etmək üçün bir gecə saxladı. Səhər açıldıqdan sonra mənim dərhal Türkiyədən getməyimin lazım olduğunu bildirdilər. İqdırı tərk etdikdən bir gün sonra Türkiyədən çıxdım”.

Y. Əkrəmoğlu onu İqdırda girov saxlayanların sonrakı taleyindən xəbərsiz olduğunu söylədi: "Mənə təklif etdilər ki, girov götürülməyimlə bağlı yazılı şikayət edim. Lakin Vasif Talıbovun İqdırda olan nüfuzundan ehtiyat etdim. Cünki Talıbov Türkiyədə, xüsüsən İqdırda cox ciddi nufuza malikdir. Qorxdum ki, Vasif Talıbov işə qarışar və məni Azərbaycana təhvil verərlər. Bu səbəblər üzündən yazılı şikayət etmədim vəTürkiyədən öz xoşumla təcili çıxmaq barədə təkliflə razılaşdım”.

Y. Əkrəmoğlunun həyat yoldaşı Aytəkin Həsənova Naxçıvandan Bakıya döndükdən sonra övladları ilə birlikdə Azərbaycanı tərk edib. A. Həsənova Naxçıvanda üzlədiyi qanunsuzluqlarla bağlı Meydan TV-yə açıqlama verib. A. Həsənova bildirib ki, azyaşlı övladı Davudun şəxsiyyət vəsiqəsini götürmək üçün Naxçıvana gedib : "Naxçıvana getməyə ehtiyat edirdik. Bilirdik ki, Naxçıvanda Yafəzi axtarırlar. Tez- tez ailəmizə təzyiq edirdilər. Yafəz Azərbaycandan getdikdən sonra təzyiqlər üzündən evimizi tərk edib, başqa evdə kirayədə gizlənirdik. Davudun şəxsiyyət vəsiqəsini almaq üçün anam polisə getmişdi. Lakin polis bildirmişdi ki, uşağın şəxsiyyət vəsiqəsini valideyinlərdən biri almalıdır. Məcburən Naxçıvana getdim. Şəxsiyyət vəsiqəsini alanda heç bir problem yaratmadılar. Çox mədəni şəkildə sənədi mənə təqdim etdilər. Naxçıvan aeroportundan Bakıya dönəndə bizi saxladılar. Mənə dedilər ki, cantanda şübhəli əşya var. Məni və qohumumu polisə aparıb bir otağa saldılar”.

A. Həsənova bildirir ki, polisdə ondan Y. Əkrəmoğlunun əlehinə ifadə almaq istəyiblər: "Bir sutka polisdə qaldıq, bizə içməyə su belə vermədilər. Mənə bir sənəd verib tələb etdilər ki, qol çəkim. Sənədi oxuyanda gördüm ki, Yafəzin Amerkadan pul aldığı və həmin pulla insanları ələ alıb Naxçıvanın əleyhinə müsahibələr aldığı yazılıb. Qol çəkməkdən imtina elədim. Nə qədər təkid etsələr də, sənədə qol çəkmədim. Bir sutka sonra məni otaqdan çıxartdılar. Hara apardıqlarını demirdilər. Çox qorxmuşdum. Sonra gördüm ki, aeroporta gətiriblər. Bakıya yola saldılar. Bakıya düşən kimi Azərbaycandan çıxdım”.

İyulun 7-də Y.Əkrəmoğlunun Naxçıvan polisində saxlanılan yaxın qohumu azad edilib.

Y. Əkrəmoğlu və ailəsi hazırda Azərbaycandan kənardadır. Y. Əkrəmoğlu baş verən hadisə ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat verəcəyini bildirib.

Azadlıq Radiosunun sabiq əməkdaşı Y. Əkrəmoğlu Naxçıvan Muxtar Respubilkasının hüquq-mühafizə orqanları tərəfindən təqib edilir. İyunun 29-da "994 77 506 31 23" nömrəsindən Y. Əkrəmoğluna zəng edən şəxs özünü Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib. Həmin şəxs Y. Əkrəmoğludan Naxçıvana gələrək təslim olmasını tələb edib. Əks təqdirdə ailəsinin çəzalandıracagını söyləyib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Meydan TV-yə deyib ki, bu məsələyə Naxçıvan DİN-i açıqlama verə bilər. Lakin Naxçıvandakı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.///Meydan TV