Yalçın İmanov: “Vəkillər Kollegiyası müstəqil qurum deyil”

Yalçın İmanov: “Vəkillər Kollegiyası müstəqil qurum deyil”

31-05-2019 18:41 / Bu xəbər 227 dəfə oxundu

Vəkillər Kollegiyası (VK) vəkil Şəhla Hümbətovanın barəsində intizam icraatına başlayıb.
 
Bu barədə vəkil "Facebook” hesabında yazıb.

"İndicə Vəkillər Kollegiyasından zəng vurub dedilər ki, barəmdə intizam icraatı başlanıb. Əsas Mehman Hüseynovun işi ilə bağlı Penitensiar Xidmətin şikayətidir. İntizam icraatının başlanması barədə qərarın hansı tarixdə qəbul edildiyini soruşdum, dedilər ki, gəlin, burada qərar sizə veriləcək", - Ş.Hümbətova qeyd edib.

Ötən gün vəkil bildirmişdi ki, 2019-cu ilin yanvar ayından cəzaçəkmə müəssisələrinə getməsinə maneələr yaradılıb.

O, məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına şikayət göndərib, ancaq məsələ həll olunmayıb.

Bundan öncə də bir sıra vəkilin barəsində intizam icraatı başladılıb və bəziləri kollegiyadan xaric edilib. 

Məsələyə münasibət bildirən VK-nın keçmiş üzvü Yalçın İmanov Toplum.Tv-yə deyib ki, uzun illərdir Penitensiar Xidmət vəkillərin cəzaçəkmə müəsissələrinə daxil olması üçün qeyri-qanuni tələblər irəli sürür: "Şəhla xanımın cəzaçəkmə müəsissələrinə daxil olmasında problem var .Vəkil bununla bağlı həm Penitensiar Xidmətə, həm Ombusdman Aparatına ,həm də Vəkillər Kollegiyasına müraciət etsə də, nəticə əldə etməyib. Onu da  qeyd edim ki, vəkilin cəzaçəkmə müəsissəsinə daxil olması üçün Penitensiar Xidmət uzun illərdir ki, qeyri-qanuni tələblər edir.

Qanunda göstərilib ki, vəkil  ancaq şəxsiyyətini və vəkillik səlahiyyətini təsdiq edən sənədi göstərməklə cəzaçəkmə müəsissəsinə daxil ola bilər. Vəkilə yaradılan bu maneələr onun hansısa fəaliyyətindən narazılığı göstərir”.

Hüquqşünasın sözlərinə görə Vəkillər Kollegiyası müstəqil qurum deyil: "Bu kollegiyanın rəhbərliyində fəaliyyət göstərən şəxslərin Azərbaycan  vəkilliyinin inkişafında və möhkəmlənməsində heç bir marağı yoxdur. Onların fəaliyyətində  ancaq iki məsələ öz əksini tapır. Məqsədlərindən biri Vəkillər Kollegiyasından öz mənafelərinə görə mümkün qədər çox  gəlir əldə etmək, digəri isə Vəkillər Kollegiyasında insan hüquqları ilə məşğul olan müstəqil vəkilləri hakimiyyətin sifarişi ilə  cəzalandırmaqdır. Bundan başqa heç bir fəaliyyəti yoxdur.

Bu, əvvəl də belə olub, sadəcə Anar Bağırov kollegiyaya sədr təyin olunduqdan sonra daha kütləvi xarakter alıb. Vəkilləri istənilən kiçik  bir şey üçün cəzalandırmaq, peşə fəaliyyətindən uzaqlaşdırmaq adi bir işə çevrilib.

2017-ci ilin dekabrın 7-də vəkillərin davranış qaydaları ilə bağlı sənəd imzalanıb. Həmin əsasnamənin məzmunu vəkili istənilən anda ən xırda məsələyə görə cəzalandırmaqdan ibarətdir.

Əsasnaməyə görə, vəkilin  qurumların qərarlarına hər hansı bir şəkildə  münasibət bildirməsi qadağandır, vəkilin ifadə azadlığı isə  demək olar ki, heçə sayılır. Əgər Şəhla xanımın cəzalandırılması ilə bağlı sifariş varsa, Anar Bağırov və onun vəkillikdən anlayışı olmayan komandası hər hansı bir şəkildə yerinə yetirəcək. Əgər  belə bir sifariş yoxdursa, hər hansı bir şəkildə yola veriləcək”.

Yalçın İmanovun fikrincə, Şəhla Hümbətova haqqında intizam ircaatının başlanılması qərarının bloger Mehman Hüseynovla əlaqəsi yoxdur: "Mehman Hüseynovun  məsələsinə 2019-cu ilin  yanvarından xitam verildi. Yanvarda baş verən bir hadisə ilə bağlı vəkilə qarşı indi intizam icraatının başlanılması məntiqə uyğun deyil. Əgər Penitensiar Xidmətin şikayəti Mehman Hüseynovla əlaqəlidirsə, məntiq və hüquq tələb edir ki, bu, yanvarda baş verməli idi. Dünənki açıqlamadan sonra bu şikayətin yada düşməsi onu göstərir ki, kollegiyanın istənilən vaxt vəkili cəzalandırmaqla  bağlı ehtiyat yolları var”.

"Ümumiyyətlə, sənədlərin saxtalaşdırılması, tarixin dəyişdirilməsi və yaxud da 4-5 ay əvvəl baş vermiş hadisəyə istinad edilməsi Vəkillər Kollegiyasının rəhbərliyinin fəaliyyətində adi haldır”, - deyə Yalçın İmanov qeyd edib. 

Vəkillər kollegiyasının sədri Anar Bağırov isə məsələyə münasibət bildirməyib.

Lalə Tağızadə