Yalçın İmanovu cəzalandırmaq üçün absurd ittihamlar – Ölkədə sabitliyi pozur

Yalçın İmanovu cəzalandırmaq üçün absurd ittihamlar – Ölkədə sabitliyi pozur

08-09-2017 13:53 / Bu xəbər 2641 dəfə oxundu

Penitensiar Xidmətin rəis əvəzi həbsxanadakı işgəncələri araşdırmaq əvəzinə o haqda məlumat verdiyinə görə vəkilin cəzalandırılmasını istəyir

Penitensiar xidmətin rəhbərliyi bir sıra siyasi məhbusların, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət edib. 

Şikayət konkret olaraq, Penitensiar xidmətin rəisi məzuniyyətdə olduğu müddətdə onun səlahiyyətlərini icra edən Oqtay Məmmədov tərəfindən imzalanıb. Məmmədov öz şikayətini əsaslandırmaq üçün Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimlinin "Azadlıq” qəzetinin, "Azadlıq” radiosunun saytlarında yayımlanmış açıqlamalarını, hüquq müdafiəçisi Oqtay Gülalıyevin məqalələrini də əlavə edib. 

Oqtay Məmmədov iddia edir ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, Nardaran hadisələrinə görə həbs olunmuş və Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynova işgəncə verilməsi haqda mətbuata məlumat verməklə ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışıb.

"Ölkədəki islahatlara qibtə ilə yanaşanlara şərait yaradır”

Yalçın İmanov "Azadliq.info”ya açıqlamasında Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən çağrıldığını və izahat yazdığını təsdiqləyib. Vəkilin sözlərinə görə, onun haqqında yazılmış üç səhifəlik şikayətdə reallığa uyğun olmayan fikirlər öz əksini tapıb.

Penitensiar xidmət rəhbərliyini Qobustandakı qapalı həbsxanada Nardaran məhbusu Abbas Hüseynova həm rəis Aftandil Ağayev, həm də əməkdaşlar tərəfindən ağlasığmaz işgəncələr verilməsi (şəxsən rəisi öz otağında onu əlləri qandallı vəziyyətdə döyməsi, təhqir etməsi, dözülməz istidə açıq havada dəmir boruya bağlanıb döyülməsi, satlarla dəmir dirəyə bağlanmış vəziyyətdə saxlanması, soxulçanlarla dolu "kars” otağında saxlanması, karsda çarçıxa çəkilmiş vəziyyətdə 2 gün saxlanması və s.) məsələsinin ictimailəşməsi narahat edib.

Rəis səlahiyyətlərini icra edən Məmmədov şikayətində yazır ki, "Yalçın İmanov Taleh Bağırzadəyə, Abbas Hüseynova işgəncə verilməsi haqda əsassız məlumatlar yayaraq, ölkədə dindarlara hakimiyyət tərəfindən təzyiqlər göstərilməsi təsəvvürü, həmçinin Penitensiar xidmətin fəaliyyətilə bağlı mənfi rəy yaratmağa çalışır. İmanovun bu hərəkəti Penitensiar xidmətin minlərlə əməkdaşdan ibarət şəxsi heyətinin əməyinə kölgə salır, işgüzar mühitə, kollektivin ümumi əhval-ruhiyyəsinə çox mənfi təsir göstərir”.

Oqtay Məmmədovun iddiasına görə, Yalçın İmanov "hüquqlarını müdafiə etdiyi adamları böhtan yaymağa təhrik edir, özü də reallığı əks etdirməyən fikirlər səsləndirməklə sabitliyi pozmağa, cəmiyyətin bəzi dairələrində gərginlik yaratmağa çalışır.

"Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır”, – Oqtay Məmmədov belə yazır.

Bundan əlavə, Penitensiar Xidmət rəhbərliyi Yalçın İmanovu Taleh Bağırzadə ilə görüşməkdən yayınmaqda ittiham edir. Bildirir ki, ilahiyyatçının qohumları ona işgəncə verilməsi və həyatının təhlükədə olması haqda məlumatlara aydınlıq gətirmək üçün avqustun 5-də Yalçın İmanova müraciət ediblər. İmanov isə deyib ki, müqavilə və orderi Penitensiar xidmətə göndərsə də, hələ də cavab ala bilməyib. Ona görə də Taleh Bağırzadə ilə görüşə bilmir. Oqtay Məmmədov iddia edir ki, avqustun 8-nə qədər İmanov ümumiyyətlə, onlara nə müraciət edib, nə də order-müqavilə təqdim edib. Ayın 8-də müraciət edib, onda da dərhal görüşə icazə verilib.

"Çarmıxa çəkmə” qəzəbi

Əsliyyə polkovniki Taleh Bağırzadənin, Abbas Hüseynovun həyatından narahat olan yaxınlarının Qobustan həbsxanasının qarşısına toplaşmasına görə də Yalçın İmanovu ittiham edib: "İmanov görüşə icazə verilməməsi haqda həqiqətə uyğun olmayan məlumatlar verib Taleh Bağırzadə ilə görüşməkdən yayınmaqla, onun ailə üzvləri və digərlərindən ibarət 60-a yaxın adamın 6 avqust 2017-ci ildə kütləvi şəkildə həbsxananın qarşısına toplaşmasına zəmin yaradıb”.

Belə görünür ki, Abbas Hüseynovun Qobustan həbsxanasında çarmıxa çəkilməsi məsələsinin ictimailəşməsi də rəis əvəzini hiddətləndirib. Şikayətində göstərib ki, Yalçın İmanov avqustun 8-də Taleh Bağırzadə və Abbas Hüseynovla görüşdən sonra onların işgəncələrə məruz qalmaları barədə yalan məlumat yayıb. Məmmədov Penitensiar xidmətin binası qarşısındakı aksiyaya görə də Yalçın İmanovu günahlandırır: "İmanov hüquqşünas kimi fikrini daha çox hüquqi terminlərlə ifadə etməli olduğu halda, müraciət etdiyi auditoriyaya hesabladığı, antik dövrdən və orta əsrlərdən qalma, nəinki müasir dövrdə , hətta yaxın keçmişdə Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrində tətbiqi qeyri-mümkün olan absurd "çarmıxa çəkmə” ifadəsindən gen-bol istifadə etməsi onun məlum niyyətindən xəbər verir. Nəticədə avqustun 9-da məhkumların yaxınları Penitensiar Xidmətin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstəriblər”.

Oqtay Məmmədov şikayətinin sonunda isə Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunmasını istəyir. "Göründüyü kimi, vəkil Yalçın İmanov öz hərəkətləri ilə Vəkillər Kollegiyasının 8 dekabr 2012-ci il tarixli Konfransı tərəfindən təsdiq olunmuş, vəkil statusuna malik olan bütün şəxslərə şamil edilən "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin əksər müddəalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, o, qanunun aliliyi, yüksək davranış qaydalarını rəhbər tutmaqla, həmin Əsasnamənin müddəalarına əməl etməyə borclu olduğu halda, vəkillərin nüfuzuna və onlara etimada xələl gətirən hərəkətlərə yol vermiş, vicdanlı davranış pronsipini pozaraq, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirmək əvəzinə, dövlətin və cəmiyyətin qanuni mənafelərinə zidd olan, müəyyən dairələrdə gərginlik yaratmağa və sabitliyi pozmağa yönəlmiş əsassız fikirlərini ictimailəşdirmişdir. Yalçın İmanov davranışı və öz peşəkar fəaliyyəti ilə vəkilliyə fiziki və hüquqi şəxslərin inamını artıqmaq və möhkəmləndirmək əvəzinə, qərəzsizlik prinsipinə zidd olaraq, dövlət orqanlarının nüfuzuna hörmətlə yanaşmamaqla, yalan olduğunu bilə-bilə Penitensiar Xidməti nüfuzdan salan məlumatlar yaymışdır”- deyə şikayətdə qeyd edilir.

Ədliyyə polkovnikinin yalanları

Yalçın İmanov "Azadliq.info”ya bildirib ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasına izahatında onun haqqında şikayətdə yazılanların yalan olduğunu konkret fakt və sənədlərlə sübut edib. İmanovun sözlərinə görə, birinci yalan ondan başlayır ki, şikayət məktubunda rəis əvəzi onu "fərdi qaydada fəaliyyət göstərən vəkil” kimi təqdim edib, o isə Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkilidir.

Vəkilin sözlərinə görə, Taleh Bağırzadə ilə görüşdən yayınıb, görüşə icazə verilməməsi haqda onun yaxınlarına yalan danışması, avqustun 8-nə qədər ümumiyyətlə, görüş üçün müraciət etməməsi də yalandır. İmanov deyir ki, Penitensiar xidmətə müraciəti barədə sənədi də Vəkillər Kollegiyasına təqdim etməklə, bunun yalan olduğunu ortaya qoyur: "İyulun 28-də Abbas Hüseynovla, 31-də isə Taleh Bağırovla həbsxanada görüşə icazə verilməsi üçün Penitensiar xidmətə rəsmi qaydada müraciət etmişəm. Abbas həbsxanaya iyulun 22-də, Taleh Bağırov isə iyulun 29-da köçürülüb. Oqtay Məmmədov özü Taleh Bağırovla görüş müraciətinə 6 avqust, Abbas Hüseynovla görüşə isə 7 avqust tarixli məktubla cavab verib. Əgər mən 8-nə qədər müraciət etməmişdimsə, bu necə ola bilərdi? Hər iki məktubda da mənim Penitensiar xidmətə müraciət tarixim qeyd olunub”.

Abbas ona verilən işgəncə haqda Penitensiar Xidmətin şöbə rəisinə də danışıb

Avqustun 6-da Qobustan həbsxanasının, 9-da isə Penitensiar Xidmətin binası qarşısına məhkumların toplaşmasına görə ittiham olunmasına gəlincə, Yalçın İmanov deyir ki, bu da cəfəngiyatdır: "Avqustun 6-da mən Sumqayıtda – evimdə olmuşam. Avqustun 7-də dəfələrlə Penitensiar xidmətin müxtəlif şöbələrinə zəng eləyəndən sonra axşam saatlarında bildirdilər ki, görüşə icazə verilir. Ertəsi gün avqustun 8-də həbsxanaya gedib hüquqlarını müdafiə etdiyim şəxslərlə görüşmüşəm.Avqustun 9-da da gün ərzində vəkillik faliyyəti ilə məşğul olmuşam. Adamların Penitensiar Xidmətin qarşısına getməsindən axşam saatlarında saytlara baxanda xəbər tutmuşam”.

Yalçın İmanov Abbas Hüseynova qarşı işgəncələri ictimailəşdirməsilə bağlı ittihamlara da münasibət bildirib. Deyir ki, bu haqda Abbas Hüseynovun özünün yazılı izahatı var. Orada ona işgəncə verən şəxslərin adlarını da göstərib. Onların arasında həbsxananın rəisi Aftandil Ağayev, onun müavini Emin Cəfərov və digər əməkdaşların adları çəkilir. Həmçinin hansı formada işgəncəyə məruz qalması da var: "Şikayətdə "çarmıxa çəkmə” ifadəsinə etiraz olunur. Adam özü bildirir ki, ona qarşı bu şəkildə davranıblar. Üstəlik, adamın üzərindəki xəsarət izlərini də öz gözümlə görmüşəm. Həbsxanadan çıxandan sonra mənə müraciət edən jurnalistlərə Abbas Hüseynova istinadən ona verilən işgəncələr barədə açıqlamalar vermişəm. Ertəsi gün Abbas Hüseynovun ona işgəncə verilməsi haqda dedikləri ilə əlaqədar Baş Prokurorluğa, Ombudsman Aparatına, Penitensiar Xidmətə də müraciət etmişəm. Həmçinin Qaradağ rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermişəm”.

Abbas Hüseynov təkcə Yalçın İmanova deyil, digər vəkili Fariz Namazlıya, məsələ ictimailəşəndən sonra onunla görüşən Penitensiar Xidmətin şöbə rəisinə, Ombudsman Aparatının əməkdaşlarına, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təmsilçilərinə də ona verilən işgəncələrdən danışıb.

"Böhtandır, məni cəzalandırmaq niyyəti güdür”

Vəkil onu da qeyd edir ki, o, Qobustan həbsxanasında Taleh Bağırzadəyə işgəncə verildiyini heç yerdə deməyib. Bu barədə məktubda yazılanlar da həqiqətə uyğun deyil: "Taleh Bağırov həbsxanada ona işgəncə verilmədiyini, 30 iyulda əsassız olaraq 7 gün cərimə təcridxanasına salındığını və həbsxananın İlkin Axundov adlı əməkdaşı tərəfindən təhqir edildiyini bildirmişdi. Mən də ona istinadən bunu demişəm”.

Yalçın İmanov "ölkədə sabitliyi pozmaq, gərginlik, bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaratmaq” cəhdləri haqda ünvanına səslənən ittihamların isə qeyri-ciddi və gülməli olduğunu deyir. Müdafiəçinin fikrincə, Penitensiar Xidmət məsələni hüquqi müstəvidən çıxarmağa çalışır: "Bu, məhkumun işgəncə iddialarını araşdırmaq əvəzinə, ona siyasi rəng verməklə məsuliyyətdən yayınmaq niyyətinə xidmət edir. Müxalif siyasi liderlərin, hüquq müdafiəçisinin Abbas Hüseynova qarşı işgəncələr haqda müxtəlif saytlarda yayılmış fikirlərininin çap edib, mənimlə bağlı şikayətə əlavə olunması da bunu bir daha sübut edir. Bu şikayət çirkli böhtandan başqa bir şey deyil, heç bir faktaloji əsası yoxdur və məni cəzalandırmaq niyyəti güdür”..

azadliq.info