Yalçın İmanovun kassasiya şikayətinə baxılacaq

Yalçın İmanovun kassasiya şikayətinə baxılacaq

10-09-2018 19:04 / Bu xəbər 2045 dəfə oxundu

Proses sentyabrın 26-na təyin olunub

Ötən il noyabrın 20-də vəkillik fəaliyyəti dayandırılan Yalçın İmanovun şikayətinə sentyabın 26-da Ali Məhkəmədə hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə baxılacaq.

Məlumatı Meydan TV-yə Yalçın İmanov verib.

Yalçın İmanov deyib ki, iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin qərardadlarından Ali Məhkəməyə kassasiya şikayəti verib:

"Kassasiya şikayətində vəkillik fəaliyyətimə xitam verilməsi barədə Sumqayıtda baxılması və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəmişəm. Düzdür, məhkəmə əvvəlcə avqustun 29-na təyin edilsə də, sonradan vaxtı dəyişdirildi”.

Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər Y. İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Ardınca vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti dayandırılıb.

Vəkillər Kollegiyası aprelin 23-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti iyunun 11-də vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi haqda məhkəməyə müraciət edib.