Yan Rokotov və həmkarları

Yan Rokotov və həmkarları

04-07-2019 16:06 / Bu xəbər 1595 dəfə oxundu

Yadigar Sadıqlı

Amansız cəzalara baxmayaraq SSRİ-də nə valyutanın, nə də digər malların "qara bazar"ını yığışdırmaq mümkün olmadı

Bu əhvalatın necə başlaması barədə bir neçə versiya mövcuddur. Daha inandırıcı gələni iqtisadiyyatçı Viktor Perlonun adı ilə bağılıdır. ABŞ Kommunist Partiyasının üzvü olan Viktor Perlo 1959-cu ildə Moskvaya səfər edir. O, Moskvanın Qorki küçəsilə (indiki Tverskaya hissəsində) gəzişərkən cavan bir oğlan yaxınlaşaraq sərfəli kursla dollar ala biləcəyini söyləyir.

Kommunizm quruculuğu kimi ali məqsədlərlə yaşamalı olan sovet insanının belə mənfəətçi təklifindən heyrətlənən Perlo sovet liderlərindən Anastas Mikoyanla bir neçə gün sonra baş tutan görüşündə bu əhvalatı danışır. İndi heyrətlənmək növbəsi Mikoyana çatır. Sözügedən ərazi Kremlin yaxınlığında idi. Belə çıxırdı ki, valyuta alverçiləri Kreml divarlarının dibində fəaliyyət göstərirlər.

Mikoyan Perlodan aldığı informasiyanı partiya və dövlət rəhbəri Nikita Xruşşovla bölüşdü. Bərk əsəbləşən, senzuralı və senzurasız söyüşlərdən xeyli istifadə edən Xruşşov sonda öz qərarını açıqladı. Valyuta alverçiləri ilə mübarizə Daxili İşlər Nazirliyinin OBXSS (отдел по борьбе с хищениями социалистической собственности - sosialist əmlakını dağıdanlara qarşı mübarizə şöbəsi) strukturundan alınaraq Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) həvalə edilirdi. Bu hadisə 1959-cu ilin mayında baş verdi.

***

SSRİ-də valyuta alveri 1950-ci illərin ikinci yarısından təşəkkül tapmağa başladı. Bu işdə 1957-ci ildə Moskvada keçirilən Gənclərin və tələbələrin altıncı Ümumdünya festivalı mühüm rol oynadı. 131 ölkədən gələn 34 min insana SSRİ-də xərcləmək üçün sovet rublu lazım idi. Çünki xarici valyuta ilə heç nə almaq mümkün deyildi.

SSRİ-də rublun kursu inzibati qaydada müəyyən edilirdi. Sözügedən zamanda 1 dollara nisbətdə bu kurs 4 rubla (1961-ci il islahatına qədərki rubl nəzərdə tutulur) bərabər idi. Lakin belə kurs bu iki valyutanın alıcılıq qabiliyyətini düzgün əks etdirmirdi. Buna görə də əcnəbilər üçün daha imtiyazlı kurs nəzərdə tutulurdu - 1 dollara 10 rubl (bu fakt da sovet hökumətinin öz vətəndaşlarını necə istismar etməsinin bir göstəricisidir).

Lakin hətta imtiyazlı kurs da ədalətli sayılmazdı. Üstəlik, 34 min insanın tələbatını ödəyəcək çevik mübadilə məntəqələri yaratmaq festival təşkilatçılarının ağlına gəlməmişdi. Dolları dəyişmək üçün xeyli növbədə durmaq, kağız-kuğuz doldurmaq lazım gəlirdi. "Valyutçik" və ya "farsovşik" deyilən valyuta alverçiləri bundan məharətlə yararlandılar.

Onlar festival iştirakçılarına yaxınlaşaraq rəsmi kursdan daha yüksək kursla dollar almağa hazır olduqlarını bildirirdilər. Bu zaman kurs adətən 1 rubl müqabilində 20 rubl olurdu. Təbii ki, əcnəbilər böyük məmnuniyyətlə razılıq verirdilər. Axı həm iki dəfə daha çox rubl alır, həm də xeyli vaxtlarına qənaət edirdilər.

Gənclərin festivalından sonra SSRİ-də valyuta maxinasiyaları artıq strukturlaşmış şəkil aldı. Burada aşağı təbəqəni "bequnok" deyilənlər təşkil edirdilər. Əcnəbilərlə təmasa onlar giridilər və aldıqları valyutanı daha yüksək kursla "şef" deyilənlərə təhvil verirdilər. Şeflər isə bir az da yüksək kursla ən yuxarıda dayanan və "kupets" ləqəbi daşıyanlara aparırdılar.

1950-ci illərin sonlarında Moskvada üç ən sanballı "kupets" vardı. Onlardan ən gənci 1937-ci il təvəllüdlü Vladislav Faybışenko (ləqəbləri Vladik, Buonarrotti) idi. İkincisi 1927-ci ildə doğulan Dmitri Yakovlev (ləqəbi Dim Dimıç) idi. Ən əsas kupets, valyuta bazarının kralı Yan Rokotov (çəpgözlüyünə görə Yan Kosoy ləqəbi daşıyırdı) idi. O, Yakovlevlə yaşıd idi.

Valyuta alış-verişi Moskvanın "pleşka" deyilən ərazisində baş verirdi. Öz yaraşıqlı geyimlərinə görə sovet vətəndaşlarından kəskin fərqlənən əcnəbilərə "bequnok" yaxınlaşır və dollar ala biləcəyini söyləyirdi. Getdikcə əcnəbilər də dolları harada daha sərfəli qiymətə sata biləcəklərini öyrənirdilər. Beləcə, "alan razı, satan razı" prinsipilə faydalı mübadilə baş tuturdu.

***

Sovet hökumətinin sərt maliyyə siyasəti təkcə dollar satanları deyil, dollar almaq istəyənlərə də ciddi əngəllər yaradırdı. 1950-ci illərdə SSRİ-dən xaricə işləməyə, idman yarışlarına, qastrol səfərlərinə, turist gəzintisinə gedənlərin sayı tədricən çoxalır. Onların hamısına xarici valyuta lazım idi. Hökumət isə olduqca məhdud məbləğdə valyuta almağa şərait yaradır. Belə olduqda, onlar farsovşiklərə müraciət etməli olurlar. Bu zaman 1 dollar 50 rubla satılırdı.

1950-ci illərin SSRİ-yə gətirdiyi yeniliklərdən biri də əcnəbi vətəndaşların ölkədə ali təhsil alması idi. 1960-cı ildə Sovet İttifaqında 13,5 min əcnəbi tələbə oxuyurdu. Onlar da həm valyuta, həm qızıl sikkələr, həm də alışqan və saqqızdan tutmuş cins şalvara qədər defisit mallar mənbəyi idilər.

Bu dövrdə SSRİ-də gizli iqtisadiyyat formalaşır, "sexovik"lər deyilən təbəqə peyda olur. Digər tərəfdən, vəzifəli şəxslər korrusiyaya bulaşaraq zənginləşirlər. Həmin şəxslər öz sərvətlərini o qədər də etibar etmədikləri sovet pulundansa qızıl sikkələrdə saxlamağı üstün tuturlar. Əcnəbi tələbələrin gətirdikləri qızıl sikkələrə tələbat buradan yaranırdı.

Rokotov və digər "kupets"lərin uğurlu fəaliyyət göstərməsinin əsas səbəblərindən biri də elə milis sistemindəki korrusiya idi. Onlar hər ay OBXSS-dən olan zabitlərə rüşvət verirdilər. SSRİ-də "aylıq" deyilən bu ödəniş milis məmurlarının əmək haqqından bir neçə dəfə çox idi. Bundan əlavə, OBXSS-in öz işini layiqincə yerinə yetirməsi görüntüsü üçün bəzən xırda valyutaçılar qurban verilirdi. Bu sahədə həm Rokotov, həm də Yakovlev milislə əməkdaşlıq edirdilər.

Valyutaçılarla mübarizə KQB-yə verildikdən sonra vəziyyət xeyli dəyişdi. KQB Sovet İttifaqının bütün tarixi ərzində ən az korrupsiyalaşmış dövlət orqanı idi. Üstəlik, məsələnin kökündə Xruşşovun şəxsi iradəsi dururdu.

Uzun izləmələrdən sonra 1960-cı ilin payızında həbslər başladı. Birinci Faybışenkonu tutdular. Həbs edilən zaman o, 148 ədəd qızıl ingilis funtu alırdı. Dim Dimıç isə Yaxın Şərq ölkələrinin birindən olan tələbədən qızıl sikkələr alarkən həbs edildi. Rokotovu iş başında yaxalamaq isə asan olmadı.

***

Yan Rokotov daha ehtiyatlı idi və təhlükə qoxusunu hiss edirdi. O, valyuta maxinasiyaları zamanı topladığı sərvəti böyük bir çamadanda saxlayırdı. Bu çamadan isə heç vaxt bir yerdə qalmırdı. Gah etibar etdiyi adamlarından birinin evində saxlayırdı, gah vağzallardakı saxlama kameralarında, gah da başqa yerlərdə.

Rokotov bir dəfə telefonunun dinlənməsini yoxlamaq məqsədilə belə bir hiyləyə əl atdı: dostuna zəng edərək içində çox qiymətli əşyalar olan çamadanı bir müddət saxlamasını xahiş etdi. Çamadanı təhvil alan dostunu az sonra KQB əməkdaşları saxladılar, lakin çamadandan yalnız hamam süngəri və sabun çıxdı. Lakin belə xırda zəfərə baxmayaraq, bir şəxsin böyük dövlət strukturuna qalib gəlməsi əlbəttə ki, mümkünsüz idi.

SSRİ-də zənginləşmənin öz problemləri var idi. Pulla ala biləcəyin çox az şey var idi. Hətta ev almaq belə mümkün deyildi. Qiymətli kağızlar yox idi. Banka qoyulan böyük məbləğdə vəsaitdən hüquq-mühafizə orqanları dərhal xəbər tuturdular. Zərgərlik mağazalarında satılan zinət əşyalarını böyük məbləğdə almaq təhlükəli idi. Rokotov da beləcə öz sərvətini çamadanda nağd şəkildə ora-bura daşımaqla məşğul idi.

Bir gün KQB əməkdaşları Rokotovu yenə də çamadanla gördülər. Onun içində bir şey olub-olmadığını bilmədiklərindən müşahidə etməklə kifayətləndilər. Rokotov isə Moskvanın dəmiryolu vağzallarından birinə (hansı vağzal olması barədə müxtəlif versiyalar mövcuddur. Ümumiyyətlə, Rokotov işində bir çox detallarla bağlı məlumatlar, o cümlədən həbs olunduğu tarixlə bağlı məlumatlar üst-üstə düşmür. Buna görə də bəzi detalları konkretləşdirmədən təqdim etmək lazım gəlir) yollandı və çamadanı buradakı saxlama kamerasına verdi.

Sahibi uzaqlaşandan sonra KQB əməkdaşları saxlama kamerasında vəsiqələrini göstərərək çamadanı açıb baxdılar. Onun içində əsasən dollar olan xeyli xarici valyuta və qızıl sikkələr vardı. Çamadanı bağlayaraq yenidən saxlama kamerasına təhvil verdilər və Rokotovun gəlib götürməsini gözləməyə başladılar.

Bir neçə gündən sonra Yan Rokotov evindən çıxaraq Moskvanı xeyli gəzdi, ictimai nəqliyyatın birindən düşüb, o birinə mindi. Bununla o, izlənilib-izlənilmədiyini yoxlamaq istəyirdi. Şübhəli bir şey sezmədikdə çamadanının saxlanıldığı vağzala tərəf getdi. Burada qəbzini təqdim edərək çamadanının verilməsini gözləməyə başladı. Ondan arxada isə əlində xizəklər olan birisi durmuşdu. Bir qədər aralıda qatar gözləyən gənc oğlan və qız şirin söhbət edirdilr.

Amma Rokotov çamadanı alan kimi arxadakı kişi xizəkləri yerə ataraq onun qolunu burdu. Qızla söhbət edən gənc də tələsik özünü yetirdi. Onların hər üçü KQB əməkdaşları idilər. Rokotov ümidsiz bir cəhdlə "bu mənim çamadanım deyil" çığırdı, lakin bunun faydasız olduğunu anlayıb "mən nə axmaq adamam" deyərək özünü danladı.

Rokotovun çamadanından ümumi çəkisi 12 kq olan 1049 qızıl sikkə, 16 402 ABŞ dolları (ozamankı dolların dəyəri indikindən təxminən 40 dəfə çox idi) və daha az sayda başqa valyutalar çıxdı.

***

O zaman Rusiya Sovet Federativ Sosialist Respublikasının cinayət məcəlləsi valyuta mübadiləsi qaydalarının pozulmasına görə 3 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tuturdu. Buna görə də tutulanlar həbs şokunu adladıqdan sonra sakitləşdilər. Onlar yetərincə gənc idilər, 8 il həbsi çəkdikdən sonra bütün həyatları hələ qabaqda idi.

Sözügedən üçlük həbs edildikdən sonra, 1961-ci ilin martında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə valyuta mübadiləsi qaydalarının pozulmasına görə cəzanın maksimum həddi 15 ilə qaldırıldı. Lakin aydındır ki, qanunun geriyə qüvvəsi yoxdur. Buna görə də, Moskva şəhər məhkəməsinin hakimi Leonid Qromov Rokotov, Faybışenko və Yakovlevi cinayət törətdikləri zaman nəzərdə tutulan ən yüksək cəzaya - 8 illik həbsə məhkum etdi. Lakin gözlənildiyinin əksinə olaraq, məsələ bununla bitmədi.

Nikita Xruşşov verilən cəza ilə razılaşmayaraq, onlara 15 il verilməsini tələb etdi. Qanunun geriyə tətbiqinin yolverilməzliyi barədə izahatlar sovet rəhbərinə təsir etmədi. O, "belə yüngül cəzalar verən hakimlərin özlərini mühakimə etmək lazımdır" deyərək çığırırdı. Ali Sovet yeni bir fərman verərək cəzanın 15 ilə qaldırılması barədə əvvəlki fərmanının "istisna kimi" geriyə şamil oluna bilinəcəyini açıqladı.

Bu zaman Rokotov və həmkarlarının işi barədə məlumatların mətbuatda işılandırılması təşkil olundu. Sovet adamları oxuduqlarından şoka düşdülər. Tək-tük istisnalarla onların böyük əksəriyyəti doğulur, yaşayır və ölənə qədər rubldan başqa heç bir valyuta görmürdülər. Xüsusən "dollar" sözü onlar üçün imperializm, Antanta, Mərkəzi Kəşfiyyat İdarəsi qədər qorxunc bir söz idi.

Yan Rokotov
Mənbə: google.ru

Bir yandan oxuduqları məlumatlardan doğan effekt, bir yandan da yuxarıların tapşırığı sayəsində bəzi müəssisələrdə yığıncaqlar keçirilir, ülvi hissləri zədələnən sovet adamları valyutaçılara verilən cəzanın yüngüllüyünə etiraz edir, daha sərt şəkildə cəzalandırılmalarını tələb edirdilər. Beləcə, guya sovet zəhmətkeşlərinin tələbləri əsasında yeni məhkəmə baxışı keçirildi və hər üç nəfər (bəzi mənbələrdə Yakovlevin KQB ilə əməkdaşlıq etdiyi üçün işinin başqa icraata ayrıldığı yazılır) 15 il müddətinə həbsə məhkum olundular.

Lakin bu da Xruşşovu qane etmədi. O, valyutaçıların qanına susamışdı. Yenə zəhmətkeş məktubları təşkil edildi. Onların birində deyilirdi:

"Biz sadə sovet adamları, Moskva cihazqayırma zavodunun işçiləri təkidlə sizi bu tullantılara, miskin əclaflara və yaramazlara qarşı amansız olmağa çağırırıq... Bu cinayətkar dəstənin saf sovet insanlarının namuslu reputasiyasını murdarlamamaları, bizimlə eyni havanı udmamaları və SSRİ vətəndaşı adlanmamaları üçün ən ağır cəzaya - güllələnməyə məhkum etməyinizi xahiş edirik". Göründüyü kimi, sovet cəmiyyəti humanizm bolluğundan əziyyət çəkmirdi.

Ali Sovetin Rəyasət heyətinin növbəti fərmanı özünü çox gözlətmədi. 1 iyul tarixli həmin fərman valyuta mübadiləsi qaydalarının pozulmasına görə edam cəzasını nəzərdə tuturdu və qüvvəsi yenə də geriyə şamil olunurdu. Buna əsaslanaraq, ikinci hökmdən protest verildi və RSFSR Ali məhkəməsində işə yenidən baxış keçirildi. Prosesə Ali Məhkəmənin sədri Anatoli Rubiçev özü sədrlik edirdi.

Müttəhimlərdən Faybışenko müdafiədən imtina etdi. Bunu onunla əsaslandırırdı ki, prosesin nəticəsi əvvəldən məlumdur və onları onsuz da edama məhkum edəcəklər. Doğrudan da, iyulun 1-də verilən fərmana əsasən ildırım sürətilə protest verilmiş, Ali Məhkəmənin baxışı təyin olunmuşdu. İyulun 19-da isə artıq hökm çıxarıldı: Yan Rokotov, Vladislav Faybışenko və Dmitri Yakovlev güllələnməklə edam cəzasına məhkum olundular.

Rokotovun özünün və əlil atasının, Faybışenkonun anasının Xruşşova yazdıqları məktublar, Yakovlevin səhhətilə bağlı (ağır formada vərəm idi) hətta KQB-nin vəsatəti nəticəsiz qaldı. Onlar Ali məhkəmənin hökmündən cəmi bir həftə sonra, iyulun 26-da güllələndilər.

***

Beləcə, bir dövlət zorakılığı və özbaşınalığı sona çatdırıldı. Maksimum 8 illik həbslə cəzalandırılan cinayət törədən gənc şəxslər edam cəzasına məhkum olundular. Bu zaman onlar heç bir şəxsi öldürməmişdilər, hətta oğurluq etməmişdilər, sadəcə valyuta mübadiləsi qaydalarını pozmuşdular.

Nikita Xurşşov sələfi Stalini dəfələrlə "sosialist qanunçuluğunu pozmaq"da ittiham edirdi. İndi isə özü eyni şəkildə qanunu və onun normalarını tapdaladı. Sonradan çağırlaşdırılan cəza həm geriyə tətbiq olundu, həm də arzuladığı qərarı çıxarmaq üçün məhkəməyə təzyiq edildi.

Rokotov və həmkarlarının işi beynəlxalq miqyasda da rezonans doğurdu. Bir çox hüquq təşkilatları, hüquqşünaslar sovet rəhbərliyinə müraciət edərək edam hökmünü dəyişdirməyi xahiş etdilər. Onların sırasında İngiltərə filosofu və ictimai xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı özünün sol görüşləri ilə tanınan Bertran Rassel də var idi.

1961-ci ilin aprelin 12-də SSRİ kosmosa ilk insan göndərmişdi və bunun nəticəsində öz beynəlxalq nüfuzunu xeyli qaldırmışdı. Lakin iyulda Rokotov işindəki dövlət zorbalığı, avqustda məşum Berlin divarının tikilməsi ilə həmin nüfuzunu "uğurla" yerlə bir etdi.

***

1960-1991-ci illərdə SSRİ-də 3 qadının edam edilməsi dəqiq məlumdur. Bunlardan biri Antonina Makarova müharibə illərində törətdiyi cinayətlərə görə, Berta Borodkina külli miqdarda dövlət əmlakını taladığına görə, Tamara İvanyutina isə 9 nəfəri zəhərləyib öldürdüyünə görə bu cəzanı alıblar.

Lakin bunlardan əlavə valyuta alverinə görə daha dörd qadın - Oksana Sobinova, Svetlana Pinsker, Tatyana Vnuçkina və Yuliya Qrabovetskaya edam cəzasına məhkum ediliblər. Hökmün yerinə yetirilməsi haqqında dəqiq məlumat olmasa da, onların sonrakı taleyi barədə də heç nə bilinmir. Çox güman ki, onlar da edam olunublar.

***

Amansız cəzalara baxmayaraq SSRİ-də nə valyutanın, nə də digər malların "qara bazar"ını yığışdırmaq mümkün olmadı. İnsanların yaxşı geyinmək, fərqlənmək istəklərinin qarşısını almaq mümkün deyildi. Rokotov və həmkarlarının güllələnməsindən heç 30 il keçməmiş valyuta mübadiləsi leqal iqtisadi fəaliyyətə çevrildi.

Yazı Meydan.Tv-dən götürülüb.