Yandırılan 10 yaşlı qızın atası danışdı

Yandırılan 10 yaşlı qızın atası danışdı

07-01-2020 13:06 / Bu xəbər 1572 dəfə oxundu

"Ekspert qrupunu gözləyirik, hamı buradadır, meyiti yerindən tərpətməmişik...”

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

Hadisənin təfərrüatları barədə Nərminin atası Şərif Quliyev modern.az-a açıqlama verib. O, baş verənlərə hələ də inanmadığını bildirib: "Hazırda hadisə yerindəyik. Bakıdan ekspert qrupunun gəlişini gözləyirik. Bütün polis əməkdaşları, rəis, İcra Hakimiyyətinin nümayəndələri, kənd camaatı hadisə yerindədir. Heç meyiti yerindən tərpətməmişik. Baxdıq üstündəki paltarları yanıb. Daha detallı araşdırmadan sonra öyrənəcəyik nə baş verib”. 

Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur: "Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq. Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı. Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb. Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəyəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”. 

2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.