"YAP-ın qərargahının önünə gəlməyənləri hədələyiblər"

10-04-2018 16:17 / Bu xəbər 2920 dəfə oxundu

"Gəlməyənləri işdən çıxmaqla hədələyiblər”

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin kollektivini aprelin 11-də rayondakı Yeni Azərbaycan Partiyasının (YAP) qərargahı önünə çağırılıblar.

Bu barədə Meydan TV-yə kollecin adının açıqlanmasını istəməyən əməkdaşı bildirib. Deyib ki, kollecin bütün əməkdaşlarına aprelin 11-də səhər saat 7-də YAP-ın qərargahının qarşısına gəlməyi tapşırıblar:

"Gəlməyənləri isə işdən çıxarmaqla hədələyiblər. Bizə oraya niyə çağırıldığımızı açıqlamayıblar. Ancaq bizdə olan məlumata görə seçki karuselində iştirak etməyimizi istəyəcəklər”.

Qazaxdan göndərilən başqa xəbərdə isə deyirlər ki, rayonun büdcədən maliyyələşən bütün idarə müdirləri yüzbaşı təyin edilib. Onlara seçkidə iştirak etmək üçün özlərinin bütün inzibati və şəxsi resurslarından istifadə etmək tapşırılıb:

"Çox güman onlar sabah seçkidə karusel əməliyyatında iştirak edəcəklər. Əminəm, seçkini saxtalaşdırmaq üçün əllərindən gələni edəcəklər”.

Qazax Dövlət Sosial-İqtisadi Kollecindən Meydan TV-yə "işilərin YAP-ın qərargahına çağırılmasından xəbərsizik” cavabını veriblər.

Azərbaycan Dövlət Neft Şirkətində fəhlə kimi çalışan Allahverdi Qubadov (ad şərtidir) isə bildirib ki, çalışdığı yerdə bütün işçilərə qeydiyyatda olduqları məntəqədən qeydiyyatdan çıxma arayışı almaq tapşırılıb:

"Deyirlər, hamı qeydiyyatda olduğu məntəqədən çıxıb burda səs versin. Seçkidə iştirak etmək onlar üçün məcburidir”.

Deyilənə Neft Şirkətindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.

MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib - hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.