YAP üzvü: "İllərdir iş tapa, ailəmi dolandıra bilmirəm"

YAP üzvü:

29-01-2020 17:17 / Bu xəbər 1322 dəfə oxundu

Astaranın Siyaku kəndindən olan Hakim Şabanov dolanışıq üçün kənddən çıxıb paytaxta üz tutsa da, nə iş tapa bilir, nə çörək...

"O gün Şəhidlər Xiyabanına getdim. Düşündüm ki, bəlkə orda Prezidentə, ya da Birinci vitse-prezidentə yaxınlaşıb dərdimi deyə bilərəm, yenə alınmadı... Özüm YAP üzvüyəm, illərdir ki, dərdimi deməyə bir qapı, bir məmur tapmıram. Heç kəs dinləmək istəmir. Dərdim də odur ki, balalarım acdır, qaldığım evin kirayəsini verə bilmirəm. Dövlətdən heç bir sosial dəstək görmürük, illərdir ki, normal maaşı olan iş axtarıram, hansı qapını döyürəmsə, hamı deyir, iş var, maaş yoxdur. Ya da elə maaş təklif edirlər ki, heç kirayəpuluna çatmır”.

"Qapı döyüləndə elə bilirik bizi çölə atmağa gəliblər”

Hakim Şabanov Astaranın Siyaku kəndindəndir. Meydan TV-yə danışir ki, kənddə, rayonda işsizlik olduğuna görə bir neçə il əvvəl ailəsini də götürüb Bakıya köçüb. Binəqədidə 1 otaqlı mənzildə kirayədə yaşayır. Ancaq onun sosial durumunu heç paytaxt da düzəldə bilməyib:

"Kənddə torpağım, evim yoxdur, paytaxta gəldim ki, bəlkə burda iş taparam, onun-bunun qapısında fəhləlik edirəm. Qazandığım qəpik-quruşla ondan-bundan ev kirayəsinə, dolanışığa görə aldığım borcları ödəməyə çalışıram. 3 aydır ki, evin kirayəsini ödəyə bilmirəm, qapı döyüləndə elə bilirəm ev sahibidir, indicə bizi çölə atmağa gəlib”.

"Azyaşlı övladlarımın ikisi də xəstədir”

Şabanovlar ailəsi 4 nəfərdən ibarətdir. Hakim Şabanov deyir, vaxtilə hərbi xidmətdə ağır işlərlə məşğul olduğuna görə səhhətində problemlər yaranıb, elə hərbi xidmətdə olarkən cərrahiyyə əməliyyatı keçirib. Bir gözü görmür. Övladları da xəstədir: "Oğlumun 13, qızımın 6 yaşı var. Oğlum fərdi təhsil alır. Uzun müddət xəstə olduğuna görə məktəbə gedə bilmədi, ona görə də sonradan fərdi təhsil almalı oldu. Qızımın gözü çəpdir, maddi imkanım yoxdur ki, gözünü əməliyyat etdirim. Üstəlik də qıcolmaları var. Uşaqlarımı müalicə etdirə bilmirəm. Uşaqların xəstəliyinə görə həyat yoldaşım da işə gedə bilmir. Birotaqlı mənzil kirayələmişik, dördümüz də eyni otaqda yeyirik, soyunub-geyinirik, yatıb-dururuq. Kirayəhaqqı 200 manatdır, onu da aylardır ki, ödəyə bilmirəm”.

Hakim Şabanov üzvü olduğu Yeni Azərbaycan Partiyasına, Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və müxtəlif qurumlara müraciət edib.

"İş versinlər, başımın çarəsinə baxım”

"Onlardan istədiyim tək bir şey var, o da işdir. Mənə normal maaşı olan iş versinlər, başımın çarəsinə baxım. Yazmadığım, getmədiyim qurum qalmayıb. Bütün bunların qarşılığında bu yaxınlarda mənə "DOST” Mərkəzindən zəng vurdular, guya bunlar işsizləri işə düzəldirlər, 265 manat məvaciblə fəhləlik işi təklif etdilər, dedim, mən səhərdən axşama kimi fəhləlik edib alacağım 265 manatın 200 manatını ev kirayəsinə ödəyəcəm, bir hissəsini də yolpulu... Bəs ailəmə daş-qəmbər yedirdim? Səhərdən axşamacan fəhləlik elə, ayın sonunda da 265 manat maaş al. 265 manat maaş olar?” - şikayətçi deyir.

Hakim Şabanov son ümidini Prezidentə bağlayıb. O, 20 Yanvar şəhidlərinin anım günü Şəhidlər Xiyabanına gedib ki, ölkə başçısına yaxınlaşıb ona sosial problemlərindən danışsın. 

O da baş tutmayıb: "İstəyirdim Prezidentə deyim ki, məmurlar xalqı yaxın buraxmır, xalqı dinləmir. Heç bir məmuru maraqlandırmır ki, görəsən qapının arxasında gözləyən vətəndaşın dərdi nədir, nə istəyir, niyə aylarla bura gəlib-gedir. Prezidentə yaxın düşə bilmədim ki, bunları deyəm”.

Regionlarda hazırkı sosial layihələr özünü doğrultmur

Astara Rayon İcra Hakimiyyətindən bildirilib ki, Hakim Şabanovun Prezident Administrasiyasına yazdığı məktublar araşdırılması üçün icra hakimiyyətinə göndərilib. Qurumdan vətəndaşla əlaqə saxlayaraq rayonda işlə təmin olunacağı vəd olunub və rayona qayıtması tövsiyə edilib, ancaq vətəndaş imtina edib. 

Hakim Şabanov deyir, həqiqətən də Astara Rayon İcra Hakimiyyətindən ona zəng vuraraq rayona qayıtmasını istəyiblər: "Ancaq mənə iş vəd olunmayıb. Mən onlardan soruşmuşam ki, torpaqla, işlə təmin olunacağammı? Susublar... Bu da "yox” anlamına gəlir. Mən iki azyaşlı, xəstə uşaqla qayıdıb kənddə neyləyim? Dediyim kimi, bir parça torpağım yoxdur ki, əkim, meyvəsini, tərəvəzini uşağa yedirdim, evim yoxdur ki, qapımı çəkim, oturum içində, balalarımı böyüdüm. Tutaq ki, qayıtım ora, sonra necə yaşayım? Mənim kənddə yaşamağa yerim, əkməyə torpağım olsaydı, Bakıda nə işim vardı? Gəlib burda onun-bunun əlinin altında 3-4 manata fəhləlik edərdimmi?”

İqtisadçı Azər Mehtiyev deyir, vətəndaşların regionlardan paytaxta üz tutması ilk növbədə onların sosial durumu, işsizliyi ilə bağlıdır. Hökumət bu problemin qarşısını yalnız uğurlu sosial layihələrlə ala bilər. İndiyədək problemin qarşısının alınmamasının ilk səbəbi də həyata keçirilən sosial layihələrin özünü doğrultmaması və korrupsiya hallarıdır.

Hazırda hökumət əsasən regionlarda işsizliyin qarşısını almaq üçün özünəməşğulluq və "DOST” layihələri həyata keçirir. Bu layihələrə cəlb olunan əhali isə layihələrin icra prosesindən narazıdır.