Yaponiyanın xarici işlər naziri Azərbaycanda

Yaponiyanın xarici işlər naziri Azərbaycanda

05-09-2018 15:01 / Bu xəbər 2121 dəfə oxundu

Bu gün, sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan səfəri başlayıb.

Onları əvvəlcə prezident İlham Əliyev qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, T.Kono deyib ki, Yaponiyanın «Itochi», «Inpex» şirkətləri uzun illər «Azəri-Çıraq-Günəşli» (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olublar.

O, AÇG neft yataqları bloku üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önəmini vurğulayıb.

Nazir daha sonra deyib ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İ.Əliyev də qeyd edib ki, iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsi önəmlidir.

Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən bəhs edilib.

T.Kononun başçılıq etdiyi nümayəndə heyəti daha sonra Azərbaycan Xarici İşlər Nazirliyinə gedib.

Səfərin iki gün davam edəcəyi deyilir.

***

Azərbaycan və Yaponiya arasında birbaşa hava reysi açılacaq.

Bu barədə bu gün, sentyabrın 5-də Bakıda iki ölkənin xarici işlər nazirlərinin görüşündə bildirilib.

Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, birbaşa hava reysinin açılması iki ölkə arasında turist axınının artmasına səbəb olacaq.

Yaponiyanın xarici işlər naziri Taro Kono isə öz növbəsində deyib ki, Tokio Azərbaycan vətəndaşlarından ötrü viza rejimini sadələşdirməyi qərara alıb.

Görüşdə iqtisadi məsələlərə də toxunulub.

E.Məmmədyarov vurğulayıb ki, hazırda Azərbaycanda Yaponiya kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir.

Yaponiya Azərbaycana $7 mlrd. investisiya qoyub, bunun $100 mln.-u qeyri-neft sektoruna yatırılıb.