Yavər Camalovun icra başçısı olan qardaşının “vurulması” dəqiqləşir

Yavər Camalovun icra başçısı olan qardaşının “vurulması” dəqiqləşir

20-08-2016 15:40 / Bu xəbər 4758 dəfə oxundu

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şirvan şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Şirvan şəhərində 1 yanvar 2016-cı il tarixə mənzil fondunda özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 193870 m2, dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi 140365 m2, fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsi 185606 m2 olub.

Dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hesabına 2014-cü ilin əvvəlinə olan göstərici ilə müqayisədə özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 1 aprel 2016-cı il tarixə 3,7% çox olub. Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4817 min manat məbləğində vəsait əhatə olunub. Şirvan şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər m2-ə düşən xərc araşdırılmyıb. Eyni zamanda mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib. Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib. Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan  alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb. Auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib. Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb. Hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib. Ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb.

Hesablama Palatasının Kollegiyası Şirvan şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyənləşdirilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şirvan şəhər İcra Hakimiyyətinə göndərilib.

Qeyd edək ki, Şirvan şəhərinin icra başçısı müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalovdur. O, 2005-ci ilin aprelindən bu postda əyləşib. 

Xatırladaq ki, iiyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz” zavodunda partlayış baş verib. Partlayış nəticəsində rəsmi məlumatlara görə, 2 nəfər həlak olub. 

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.

Bundan başqa, ölkə başçısının sərəncamı ilə  hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası da yaradılıb. 

Bu hadisədən dərhal sonra Qaynarinfo.Az etibarlı mənbələrə istinadən yazmışdı ki, baş verən partlayış zavodun yerləşdiyi Şirvan şəhərinin icra başçısı Mərdan Camalovu da bitirə bilər. Həmin xəbərdə bildirilirdi ki, səbəb onun zavoda təyinatlarda əsas söz sahibi olmasıdır. ""Araz” zavodunun rəhbərliyində kimlərin təmsil olunmasını, kimlərin hansı vəzifələri yerinə yetirilməsini qeyri-rəsmi şəkildə Yavər Camalovun qardaşı müəyyənləşdirir. Zavodda bütün təmir və tikinti işləri, həmçinin istehsal və satış işləri də məhz onun nəzarəti altında həyata keçirilir” deyə məlumatda bildirilirdi.

Bütün bunları nəzərə aldıqda baş verən faciəli partlayışın həm də Mərdan Camalovun vəzifəsindən kənarlaşdırılması ilə yekunlaşması ehtimalı kifayət qədər ağlabatan görünürdü. 

Bu partlayışda qısa müddət sonra Hesablaam Palatasının Şirvan şəhər İcra Hakimiyyətində aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanları ictimaiyyətə açıqlaması maraq doğurur və M.Camalovun "vurulma” ehtimalının xeyli ciddiləşdiyini göstərir. 

Arqument.Az