Yaxınları Əfqan Muxtarlı ilə görüşə bilməyib

Yaxınları Əfqan Muxtarlı ilə görüşə bilməyib

18-06-2017 23:43 / Bu xəbər 901 dəfə oxundu

'Məhbus jurnalistə görüşün verilməməsi qanunsuzdur''

İyunun 17-də gənc fəallar Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əfqan Muxtarlıyla görüşmək istəsələr də, təcridxana rəhbərliyi buna izin verməyib.

Bu barədə NİDA üzvü Samir Əsədli "Facebook” səhifəsində yazıb. Bildirib ki, ailəsi görüş üçün onlara etibarnamə verib:

"Biz ona yemək keçirdik, amma görüşmək üçün cəhd etsək də, alınmadı. Bununla ikinci dəfədir ki, görüşə icazə verilmir. Səbəb kimi də ''müstəntiq icazə verməlidir'', - deyirlər. Qanuna görə, görüşü təcridxana rəhbərliyi verməlidir”.

Vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, "Həbsdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi” haqda qanunun 15-ci maddəsinə görə, həbsdə olanlar həftədə bir dəfə yaxın qohumları, yaxud qanuni maraqları kəsb etdiyi şəxslərlə görüşə bilərlər:

''Əfqan Muxtarlının yaxın qohumları Samir Əsədli və Məsud Əsgərə etibarnamə verib. Ona görə onlar həftədə bir dəfə Əfqan Muxtarlıyla görüşmək hüququna malikdirlər. Məhbus jurnalistlə görüşün verilməməsi qanunsuzdur''. 

Vəkil Bakı İstintaq Təcridxanasının rəhbərliyinin belə bir bəhanə gətirməsini qanunsuz hesab edir:

"Görüş verilməsi sırf Penitensiar  Xidmətin üzərinə düşür”.


Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət ala bilməyib.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.