"Yaxşı ki indi o telekanal yoxdur" - Əli Həsənov

06-10-2017 16:35 / Bu xəbər 246 dəfə oxundu

''Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur''

"AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur”.

Bu sözləri Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda yekun nitqlə çıxış edərkən deyib.

Yaxşı ki indi o aparıcı və o telekanalın rəhbəri yoxdur

Onun fikrincə, son zamanlar Azərbaycan ədəbi dilinin normalarının pozulması tendensiya halı alıb.

Ə.Həsənov televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: "Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu, Türkiyə əleyhinə məsələ kimi qabardıldı, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur".

APA-nın məlumatına görə, prezidentin köməkçisi qeyd edib ki, son 10 ildə telekanallarda süni reytinqə qaçmaq, kənar saxta sorğular da müəyyən problemlər yaradıb: "İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur".

Türkiyə bizi anlayışla qarşıladı

Ə.Həsənov türk seriallarının Azərbaycan dilini sıxışdırdığını deyib: "Azərbaycanda Türkiyə seriallarının verilməsi bir neçə il əvvəl dayandırılıb. Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik?"

Ə. Həsənov bildirib ki, Türkiyə bu məsələdə Azərbaycanı anlayışla qarşılayıb: "Türkiyə bu məsələdə bizi başa düşdü. Türkiyə telekanalları Azərbaycanda indi də yayımlanır, kim istəyir, baxsın. Hər birimiz Azərbaycan dilini qorumalıyıq".