Yazar prezidentə müraciət etdi: "Mülkümüzü özümüzə satırlar"

Yazar prezidentə müraciət etdi:

07-04-2017 19:49 / Bu xəbər 3283 dəfə oxundu

Gənc yazar Rüfət Əhmədzadə prezident İlham Əliyevə müraciət edib. 

Yazar ölkə başçısına məmur özbaşınalığından şikayət edib: 

"Cənab Prezident! 10 ildir, jurnalist olaraq insanların problemlərini işıqlandırıram, amma özüm Abşeronda məmur süründürməçiliyi ilə üzləşmişəm. 

2004-cü ildə anam Gülarə Məcidovanın adına aldığımız torpaq sahəsində atamın 10 il əvvəl tikdiyi ikiotaqlı yarımtikilini tamamlamaq, iki balamla ev sahibi olmaq istəyirəm. Lakin Abşeron Rayon İcra Hakimiyyətindən hansısa səbəblərə görə, imkan vermirlər, müxtəlif bəhanələr gətirirlər. Konkret söz deyilmədiyindən idarələr arasında qalmışam. 

Torpağın sənədləri 2005-ci ildə DƏDRX-də "itirilib” və torpağın sənədləri atamdan alınıb, nəticədə bizə verilən qeydiyyat vəsiqəsi isə ancaq birinci tikili üçündür. Hazırda o sahədə ikinci tikili üçün isə 13 il əvvəl anamın adına aldığımız torpaq sahəsini yenidən "almalıyıqmış".  

RİH göndərir DƏDRX-yə, DƏDRX göndərir bələdiyyəyə, bələdiyyə arxivə, arxivdə isə axtardığım sənədləri tapa bilmirəm. Hazırda köməksizəm və günlərim idarələri gəzməklə keçir. Torpaq sahəsi ilə bağlı sənədləri toplamaq, qanunla iş görmək istəyirəm, amma mənə süni əngəllər yaradırlar, süründürürlər. 

Çox güman ki, 15.07.2016  tarixində "Yeni Bakı” ilə bağlı mənə müsahibə verib sonra danan, nəticədə məni məhkəmələrdə süründürən Abşeronun baş memarı Akif Əliyev sizə fevral ayında etdiyim şikayətin qisasını alır. 

Xahiş edirəm, anam Gülarə Seyidağa qızı Məcidovanın mülkiyyət hüquqlarının bərpası və mənim iki balam üçün ev tikə bilməyim üçün müvafiq göstərişlər verəsiniz.

Hörmətlə, Rüfət Seyidəhməd oğlu Əhmədzadə".

Yazıdakı iddialarla bağlı sözügedən qurumun da mövqeyini dərc etməyə hazırıq. 

Arqument.Az