“Yazdım ki, sirr saxlaya bilmirəm” - Xədicə İsmayıl

“Yazdım ki, sirr saxlaya bilmirəm” - Xədicə İsmayıl

20-06-2017 18:39 / Bu xəbər 1091 dəfə oxundu

İyunun 19-da araşdırmaçı jurnalist Xədicə İsmayıl Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Əfqan Muxtarlı cinayət işi ilə bağlı dindirilib.

Xədicə İsmayıl Meydan TV-ə bildirib ki, müstəntiq əsasən Əfqan Muxtarlı barəsində suallar verib:

"Soruşurdular ki, Əfqan Muxtarlıya, Meydan TV-ə, mənə pul haradan gəlir. Meydan TV-də kimlər işləyir? İlqar Vəliyevi tanıyırsanmı? Belə suallar verirdilər”.


Jurnalist əlavə edib ki, protokola əvvəlcədən "mən sirr saxlaya bilmirəm”, – deyə əlavə edib:

"Dedim ki, mənə yayılması mümkün olmayan heç bir məlumat verməsinlər. O qeydə görə də 1 saat yarım dindirdilər. Axırda da protokolun sonuna "ən xoş arzularla” yazdığım üçün 30 dəqiqə də onun davasını döydük”.

Bundan əvvəl Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalist Sevinc Vaqifqızı Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Onlardan başqa Müsavat rəhbərlərindən Gülağa Aslanlı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. G.Aslanlı iyunun 20-də ifadə verəcək.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.