Yeddi saata 211 şikayətçi...

Yeddi saata 211 şikayətçi...

04-12-2019 12:15 / Bu xəbər 806 dəfə oxundu

Noyabr ayının 29-da Şəmkir rayon İcra Hakimiyyəti rəsmi saytında "İcra başçısı 7 saat vətəndaşların müraciətini fərdi qaydada dinləyib" başlıqlı xəbər yayımlandı. 
 
Xəbərdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sözügedən qəbulda 211 nəfər rayon sakininin müraciəti dinlədiyi deyilir. 
 
İcra başçısına edilən müraciətlərin əksəriyyətinin su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə aid olduğu qeyd edilir. 
 
Qlobal.az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətinin yaydığı bu xəbər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. 
 
Belə ki, əksər insanlar xəbərdə göstərilən rəqəmlərin "şişirdildiyini", xəbərin həqiqəti əks etdirmədiyini deyir. 
 
Maraqlıdır ki, hətta məlumat həqiqəti əks etdirsə belə bu hal, yəni bir qəbula 211 nəfər şikayətçinin gəlməsi və əksərinin də torpaq, maddi yardım və sosial məişət probleminin olması illərlə Şəmkir rayonunda yığılıb qalan problemlərin göstəricisinin əlaməti kimi görünür.
 
Digər tərəfdən 211 nəfər şikayətçiyə ayrılan 7 saatda hər bir şikayətçiyə heç 2 dəqiqə də düşmür. 

Şəmkir rayon İcra Hakimiyyətinin yaydığı xəbərə öncə "İcra başçısı ayaqüstə 7 saat vətəndaşların müraciətini fərdi qaydada dinləyib" başlığındakı "ayaqüstü" sözü sonradan başlıqdan çıxarılıb.
 
Qlobal.az Şəmkir rayon İcra Hakimiyyətindən xəbərə münasibət öyrənməyə çalışsa da, qarşı tərəf heç bir münasibət bildirməyib.